Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3972/2023 12.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Nəsibova Çinarə Aydın qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs direktoru Nümayəndə iştirakı ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə 08 iyun 2023-cü il tarixli 00100-01485/23 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün adiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC ilə Ukraynada fəaliyyət göstərən “Telko Ukraine” LLC şirkəti arasında bağlanılmış 90 nömrəli xx.xx.2020-ci iİ tarixli müqaviləyə istinad etməklə Bakı Baş Gömrük İdarəsində 1 gömrük bəyannaməsi üzrə rəsmiləşdirmə aparıb ümumilikdə sözügedən gömrük bəyannaməsi üzrə malları Azərbaycan Respublikasından ixrac etmişdir. Lakin qeyd olunan xarici iqtisadi fəaliyyətlər nəticəsində 708.08 ABŞ dolları milli valyutaya nisbətdə 1204 (bir min iki yüz dörd) AZN məbləğində pul vəsaitinin Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasın müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. Məhkəmə iclasında hüquqi şəxs Şəxs direktoru Nümayəndə izahatında inzibati xəta hadisəsindən xeyli müddət keçdiyini və bununlada inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsinin nəzərə alınaraq barələrində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti kapitanı X1 tərəfindən tərtib edilmiş 08 iyun 2023-cü il tarixli 00100-01485/23 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən bağlanan 90 nömrəli xx.xx.2020-ci il tarixli müqavilə üzrə xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olan az miqdarda, milli valyutaya nisbətdə 1204 (bir min iki yüz dörd) manat təşkil edən 708.08 ABŞ dolları xarici valyuta vəsaiti xaricdən qaytarılmadığından Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. xx.xx.2020-ci il tarixli **********8437 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, Şəxs 18089.97 ABŞ dolları dəyərində “Propilenin sopolimerləri” yükünün Ukrayna Respublikasında fəaliyyət göstərən “Telko Ukraine LLC” şirkətinə ixrac edilməsini bəyan etmişdir. Konsiqnasiya əməliyyatları üzrə xx.xx.2022-ci il tarixli hesabatdan görünür ki, “Telko Ukraine LLC” şirkəti tərəfindən 8981.22 ABŞ dolları məbləğində vəsait Şəxs bank hesabına köçürülmüşdür. Məhkəmə, inzibati xəta haqqında protokolu və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483cü maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinməli, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, inzibati xəta haqqında iş üzrə Şəxs kommersiya fəaliyyəti ilə əlaqədar Ukrayna Respublikasında fəaliyyət göstərən “Telko Ukraine LLC” şirkəti ilə 90 nömrəli xx.xx.2020-ci il tarixli müqavilə bağlayıb 375,00 kq çəkidə “Propilenin sopolimerləri” yükünü 8981.22 ABŞ dolları qiymətinə sataraq 18 sentyabr 2020-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********8437 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilməklə, Gömrük bəyannaməsinin 37-ci qrafasında malların “konsiqnasiya sazişləri üçün keçirilən mallar” keçirilmə xüsusiyyətində bəyan edərək Azərbaycan Respublikasından Ukrayna Respublikasında fəaliyyət göstərən “Telko Ukraine LLC” şirkətinə ixrac etmiş, buna görə də Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 609 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi” Qaydalarının 12.1-ci yarım bəndinin tələblərinə riayət etməklə konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməli olduğu halda, **********8437 sorğu nömrəli Gömrük bəyannaməsi üzrə milli valyutaya nisbətdə 1204 (bir min iki yüz dörd) manat təşkil edən 708.08 ABŞ dolları xarici valyutada vəsaiti bu müddət ərzində müvəkkil bank hesabına, yaxud digər bank hesablarına köçürülməsini təmin etməmiş, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini xaricdən qaytarmamışdır. Bununlada, Şəxs gömrük qaydaları əleyhinə olan Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə barəsində 08 iyun 2023-cü il tarixli 00100-01485/23 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər; 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Həmin maddənin “Qeyd”inə əsasən bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 may 2021-ci il tarixli qərarına əsasən “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin “əldə edilmiş xarici valyuta vəsaitləri” müddəası xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində faktiki əldə edilməsindən asılı olmayaraq Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3 və 12-ci maddələrinin tələblərinə müvafiq olaraq məhkəmələr həmin Məcəllənin 483-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini müəyyən etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, “uzanan hüquqpozuntuları” (cinayət, xəta) başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. “Uzanan hüquqpozuntusu”nun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu, onun əsas meyarıdır. İnzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən qeyd etmək olar ki, uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. “Uzanan hüquqpozuntuları”nın bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda – qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında – subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Uzanan xətanın davam edən xətadan əsas fərqi onda ifadə olunur ki, birinci əksər hallarda hərəkətsiz formada həyata keçirilir. Qeyd edildiyi kimi, davam edən xəta isə bir sıra oxşar əməllərin bir neçə dəfə eyni məqsədlər, subyektlər, hərəkət üsulu ilə və məcmu halında vahid qanun pozuntusu hesab edilməklə həyata keçirilməsidir. Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi, sanitar qayda və normaların pozulması, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma və bir çox digər inzibati xətalar uzanan və ya davam edən inzibati xəta kimi də ifadə oluna bilər. Göründüyü kimi, uzanan xəta qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. Həmin xətanın bitmə anı subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Beləliklə, Şəxs 18 sentyabr 2020-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********8437 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilməklə 375,00 kq çəkidə “Propilenin sopolimerləri” yükünü 8981.22 ABŞ dolları qiymətinə sataraq Azərbaycan Respublikasından Ukrayna Respublikasında fəaliyyət göstərən “Telko Ukraine LLC” şirkətinə ixrac etdiyini, 708.08 ABŞ dolları məbləğində vəsaitin xaricdən qaytarılmasının 180 gün ərzində təmin olunmalı olduğu halda təmin edilmədiyini, 180 gün müddətin 18 mart 2021-ci il tarixdə başa çatdığını və göstərilən vaxtdan inzibati məsuliyyətə cəlb edilmə üçün nəzərdə tutulmuş bir il müddətin keçdiyini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinməli və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati tənbeh tədbiri tətbiq etmə müddəti keçdiyinə görə xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 43-48, 53, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinsin və başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-3972/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3972/2023
12.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver