Məhkəmə qərarları › İş №3(011)-3975/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3975/2022

24.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3975/2022 24.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə, X1 iştirakı ilə, X1 Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. X2 məhkəmə iclasında şikayəti müdafiə edərək göstərdi ki, **-EK-*** dövlət qeydiyyat nişanlı “Nissan Tiida” markalı avtomobil həyat yoldaşı X3 mülkiyyətindədir və həmin avtomobilin idarə edilməsi üçün ona etibarnamə verilmişdir. Məlum olmuşdur ki, etibarnamə əsasında ona verilmiş **-EK-*** dövlət qeydiyyat nişanlı “Nissan Tiida” markalı avtomobillə Azərbaycan Respublikası İXM-nin 346-1.2-ci maddəsinin tələblərinin pozulmasına görə barəsində Bakı Nəqliyyat Agentliyi tərəfindən protokol tərtib edilmiş və həmin protokol əsasında xx.xx.2020-ci il tarixli, BNA ******* nömrəli qərar verilmişdir. Həmin protokol və qərar ona məxsus elektron kabinetə daxil edilməmiş və qərar rəsmi qaydada onun ünvanına göndərilməmişdir. Belə ki, DİN-nin rəsmi saytında cərimələr bölməsində axtarış verərkən ona məlum olmuşdur ki, BNA tərəfindən protokol tərtib edilərək cərimə yazılmışdır. Halbuki, daha əvvəl həmin saytda protokolun mövcudluğu görünməmişdir. Ona görə də, qərarın ona göndərilməsi üçün Bakı Nəqliyyat Agentliyinə email vasitəsilə müraciət etmiş və xx.xx.2022-ci il tarixdə mübahisəli qərar ona göndərilmişdir. Bakı Nəqliyyat Agentliyinin inzibati xəta haqqında xx.xx.2020-ci il tarixli, BNA ******* nömrəli qərarı tamamilə qanunsuz və əsassız olduğundan ləğv edilməli və icraata xitam verilməlidir. Belə ki, qərarda qeyd edilir ki, o, xx.xx.2020-ci il tarixində saat 15:39-da Bakı şəhəri, R.Rza 27a ünvanında AR İXM-nin 346-1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 10 manat məbləğində cərimə olunmuşdur. Həmin qərarda qeyd edilmişdir ki, inzibati xətanın qeydə alınmasında Samsung markalı planşetdən (bort komputer) istifadə edilmişdir. Yəni qərar BNA-ya məxsus foto və ya video çəkiliş aparan cihaz tərəfindən çəkilmiş fotoşəkillər əsasında tərtib olunmuşdur. Beləliklə, aydın olur ki, inzibati xətanın törədilməsində əldə edilmiş sübutlar qanunazidd olaraq əldə olunmuşdur. İnzibati xəta üzrə icraat inzibati xətalar qanunvericiliyində nəzərdə tutulmuş qaydada həyata keçirilmədiyindən həmin maddə ilə təqsirli bilinib tənbeh edilməsi yolverilməzdir və Bakı Nəqliyyat Agentliyinin xx.xx.2020-ci il tarixli, BNA ******* №-li qərarında onun tərəfindən **-EK-*** dövlət qeydiyyat nişanlı “Nissan Tiida” markalı avtomobili xx.xx.2020-ci il tarixində nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş parklanma üsulunu pozmaqla parklanması göstərilsə də, sözügedən inzibati tənbeh vermə haqqında qərar əsassız və qanunsuz olaraq tərtib edilmişdir. Qərardan və şəkillərdən görünür ki, onun tərəfindən törədilməsi ehtimal edilən, İXM-nin 346-1.2-ci maddəsi ilə əhatə olunan əməl foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmişdir. Lakin İXM-nin 122.1-ci maddəsində həmin Məcəllənin 346-1.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi nəzərdə tutulmamış, həmin maddə üzrə belə bir icraatın aparılma qaydası müəyyən edilməmişdir. Lakin BNA tərəfindən qərar qəbul edilərkən İXM 346-1.2-ci madəsinin tələbləri pozulmuş və qanunsuz qərar qəbul edilmişdir. Belə ki: 1) qərar nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulmamış; 2) BNA şəkilləri və protokolu planşet vasitəsilə çəkilmiş və qərar kabinetdə qəbul edilmiş, ona məxsus olan elektron kabinetə yerləşdirilməmişdir. Həmin avtomobil mülkiyyətçi N.Mirbabayevanın özü tərəfindən idarə edilirdi və protokolun tərtib edildiyi tarixdə avtomobilin onun tərəfindən idarə edilməsinə dair heç bir sübut yoxdur. Buna baxmayaraq inzibati xətanın həqiqətən də onun və yaxud digər istifadəçi tərəfindən törədilməsini araşdırmadan barəsində qanunsuz protokol tərtib edilmişdir. Beləliklə o, göstərilənləri nəzərə alaraq barəsində Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X6 həmçinin vəsatətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-3674/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət vermə müddətini buraxdığından və müddətin bərpası üçün vəsatət vermədiyindən şikayət icraata qəbul edilməkdən imtina edilmiş və geri qaytarılmışdır. Bakı Nəqliyyat Agentliyinin inzibati tənbeh vermə haqqında qərar rəsmi qaydada, yəni İXM-nin 57.5-ci maddəsində nəzərdə tutulmuş qaydada ona verilməmişdir. Belə ki, DİN-nin rəsmi saytında cərimələr bölməsində axtarış verərkən ona məlum olmuşdur ki, BNA tərəfindən protokol tərtib edilərək cərimə yazılmışdır. Halbuki daha əvvəl həmin saytda protokolun mövcudluğu görünmürdü. Ona görə də, qərarın ona göndərilməsi üçün Bakı Nəqliyyat Agentliyinə email vasitəsilə müraciət etmiş və xx.xx.2022-ci il tarixdə mübahisəli qərar ona e-mail vasitəsilə göndərilmiş və xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Qeyd edilən səbəblərə görə Bakı Nəqliyyat Agentliyinin inzibati xəta haqqında xx.xx.2020-ci il tarixli, BNA ******* nömrəli qərarın ona rəsmi qaydada çatdırılmamasından həmin qərardan şikayət vermə müddətini buraxmışdır. Mübahisəli qərardan şikayət vermə müddətinin üzrlü səbəbdən buraxıldığına görə həmin müddətin bərpa edilməsini və şikayəti icraata qəbul edib baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, Bakı Nəqliyyat Agentliyinin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə işə Bakı Nəqliyyat Agentliyinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə X4 qərardan şikayət vermə müddətinin bərpa edilməsi barədə vəsatətini nəzərdən keçirib hesab edir ki, müddət üzrlü səbəbdən buraxıldığından bərpa edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Həmin Məcəllənin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 133.2.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən etiraz etmə və ya vəsatət haqqında müraciətlər həll edilir. Bakı Nəqliyyat Agentliyinin xx.xx.2020-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarının İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada X5 rəsmi qaydada verilməsi iş materialları ilə təsdiq olunmamış və Bakı Nəqliyyat Agentliyi tərəfindən bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Buna görə də qərardan şikayət vermə müddəti ötürülməmiş hesab edilməlidir. Məhkəmə şikayəti və ona əlavə olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. İş materiallarında olan Bakı Nəqliyyat Agentliyinin inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli, BNA ******* nömrəli qərarından görünür ki, X4 Bakı şəhəri R.Rza 27a ünvanında xx.xx.2020-ci il tarixdə nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş parklanma üsulunu pozmaqla parklanması əsas gətirilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 10 (on) manat məbləğində cərimə tətbiq edilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir; Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir; Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir; Həmin Məcəllənin 124.6-cı maddəsin əsasən bu Məcəllənin 346.1 346.2, 346-1.2, 346-1.3-cü və 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.7-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. Həmin Məcəllənin 346-1.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş parklanma üsulunu pozmaqla parklanmasına görə on manat məbləğində cərimə edilir. “Bakı şəhərində nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması və yol hərəkətinin təşkili sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 06 iyul 2018-ci il tarixli fərmanının 1.1-ci maddəsinə əsasən parklanma yerlərində, habelə dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron qərarların tərtib edilməsi məqsədilə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılmasının təmin edilməsi Bakı şəhərinin inzibati ərazisində Bakı Nəqliyyat Agentliyinə tapşırılmışdır. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli, BNA ******* nömrəli qərara əsasən X4 xx.xx.2020-ci il tarixdə nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş parklanma üsulunu pozmaqla parklanması əsas gətirilərək İXM-nin 346-1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta pozuntusuna yol verməsi göstərilmiş və barəsində 10 manat məbləğində cərimə tətbiq edilmişdir. Məhkəmə qeyd edir ki, inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulmamış, inzibati tənbeh vermə haqqında qərar barədə X5 İXM-nin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilməmişdir. Həmçinin Bakı Nəqliyyat Agentliyi tərəfindən **-EK-*** dövlət qeydiyyat nişanlı “Nissan Tiida” markalı avtomobilin inzibati tənbeh vermə haqqında qərar qəbul edilən vaxt hansı şəxsin sahibliyində və ya istifadəsində olması araşdırılmamış, X4 barəsində cərimə tənbeh tədbiri tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Belə olan halda, X4 əməlində törədilməsi ehtimal edilən inzibati xəta üzrə icraat inzibati xətalar qanunvericiliyində nəzərdə tutulmuş qaydada həyata keçirilmədiyindən onun həmin maddə ilə təqsirli bilinib tənbeh edilməsi yolverilməzdir və Bakı Nəqliyyat Agentliyinin xx.xx.2020-ci il tarixli, BNA ******* nömrəli qərarında X4 nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş parklanma üsulunu pozmaqla parklanması göstərilsə də, sözügedən inzibati tənbeh vermə haqqında qərar əsassız və qanunsuz olaraq tərtib edilmişdir. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, X6 tərəfindən hər hansı bir inzibati xətanın törədilməsi sübuta yetirilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata inzibati xəta tərkibi olmadıqda xitam verilir; Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallar müəyyən edildikdə qərar ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, Bakı Nəqliyyat Agentliyinin xx.xx.2020-ci il tarixli, BNA ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X4 barəsində Azərbaycan Respublikası İXM-nin 346-1.2-ci maddəsi ilə qəbul edilmiş Bakı Nəqliyyat Agentliyinin xx.xx.2020-ci il tarixli, BNA ******* saylı inzibati xəta haqqında qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar