Məhkəmə qərarları › İş №3(011)-3977/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3977/2025

24.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3977/2025 24.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, Şikayətçinin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Şikayətçi Vəkil1 X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 15 may 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Şikayətçi Vəkil1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Bakı Şəhər İdarəsinin 15 may 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə vətəndaş X4 arasında əmək müqaviləsi bağlanmışdır. Ş.H.Naibov xx.xx.2025-ci il tarixində saat 07:10-da yəni qeyri iş vaxtı miokardın dəqiqləşdirilməmiş lokolizasiyalı təkrar infarktı səbəbindən vəfat etmişdir. Qeyd edilən fakt AZ-İİ № 491305 saylı ölüm haqqında şəhadətnamədə və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təqdim olunmuş ölüm haqqında tibbi şəhadətnamədə də öz əksini tapmışdır. Qeyd edilən fakt Mingəçevir Şəhər Prokurorluğunda da araşdırılmış və hüquqi qiymət verilmişdir. Lakin bütün bu faktlara baxmayaraq X3 Xidmətinin Bakı Şəhər İdarəsi xx.xx.2025-ci il tarixli MN ******* saylı Qərarla şikayətçi yəni "xxxx" ASC-nin İdarə Heyətinin sədri olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə təqsirli bilinərək 1300 manat cərimə olunmuşdur. Halbuki Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində qeyd edilir ki, işəgötürən tərəfindən istehsalatda baş verən bədbəxt hadisənin baş vermə faktının gizlədilməsinə və ya bədbəxt hadisənin araşdırılması üçün hadisə baş verən gün əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsinə görə min manatdan iki min iki yüz manatadək məbləğdə cərimə edilir. Halbuki qeyd edilən maddənin dispozisiyasında istehsalatda baş verən bədbəxt hadisələr barədə danışılır. Ölüm haqqında şəhadətnamədə isə təbii ölüm faktı qeyd edilmiş və ölüm saatı qeyri-iş vaxt baş vermişdir. Göründüyü kimi X1 Bakı Şəhər İdarəsi İnzibati Xətalar Məcəlləsinin müddəalarını kobud şəkildə pozaraq qanunsuz və əsassız inzibati tənbeh verilmə haqqında barəmdə qərar qəbul etmişlər. Daha sonra şikayətçinin vəkili ərizə ilə məhkəməyə müraciət edərək, Vəkil1 barəsində tərtib olunmuş qərarın ləğv edilməsi və onun barəsində başlanmış inzibati icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçinin nümayəndəsi və vəkili şikayəti müdafiə edərək qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq X3 Xidmətinin Bakı şəhər İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" ASC-nin idarə heyətinin sədri Vəkil1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən barəsində 05 may 2025-ci il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. X3 Xidmətinin Bakı şəhər İdarəsinin 15 may 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə "xxxx" ASC-nin idarə heyətinin sədri Vəkil1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1300 manat məbləğində cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 555.1-ci maddəsinə əsasən istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə-min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibatı xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. İş materiallarından görünür ki, şikayətçinin mübahisələndirdiyi inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsas olan hal "xxxx" ASC-nin işçisi X2 xx.xx.2025-ci il tarixdə cəmiyyətə məxsus yataqxanada ölümü ilə bağlı bədbəxt hadisə baş verən gün X3 Xidmətinə məlumat verilməməsi olmuşdur. Lakin iş materiallarında mövcud olan ölüm haqqında tibbi şəhadətnamədən görünür ki, X4 xx.xx.2025-ci il tarixdə saat 07:10-da "xxxx" ASC-nin yataqxanasında vəfat etmişdir. Əmək Məcəlləsinin 89-cu maddəsinə əsasən tam iş vaxtı — müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır. X2 "xxxx" ASC-nin yataqxanasında vəfat etməsini və vəfat etdiyi tarixi nəzərə almaqla məhkəmə hesab edir ki, sonuncu, iş vaxtı olmayan saatda vəfat etdiyindən onun vəfatı istehsalatda baş verən bədbəxt hadisə hesab edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 15 may 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan Vəkil1 verdiyi şikayəti təmin edilməli, barəsində X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 15 may 2025-ci il tarixli MN ******* inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Vəkil1 şikayəti təmin edilsin. X3 Xidmətinin Bakı şəhər İdarəsinin 15 may 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar