Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3979/2025 18.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, X1 iştirakı ilə, Baş X6 İdarəsinin 28 may 2025-ci il tarixli EQ 28221158 saylı İnzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Baş X6 İdarəsinin 28 may 2025-ci il tarixli EQ 28221158 saylı İnzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası DİN-nin Baş X6 İdarəsi tərəfindən barəsində xx.xx.2025-ci il tarixdə EQ 28221158 seriyalı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokola əsasən, M 2, E 60, AH 5 Bakı-Ələt-Qazax-Gürcüstan yolunun 336-cı kmliyində yolda müəyyən edilmiş hərəkət sürətini o idarə etdiyi Toyota Camry markalı **-RD- *** dövlət nömrə nişanlı avtomaşınla 21-40 km/saat həddində aşdığına görə, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyi qeyd edilmişdir. Prokotol üzrə eyni tarixdə İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinin tələblərinə müvafiq olaraq inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmiş, barəsində 50 manat inzibati cərimə və 2 bal qiymətləndirilməklə inzibati təhbeh tətbiq edilmişdir. Bildirir ki, xx.xx.2025-ci il tarixdə barəsində tərtib edilmiş EQ 28221158 seriyalı inzibati xəta haqqında protokol və qərar avtomatik rejimdə İ-patrul avtomobili vasitəsi ilə qeydə alınmışdır. Barəsində tərtib edilmiş EQ 28221158 seriyalı inzibati xəta haqqında elektron protokola əlavə edilmiş fotoşəkil və videogörüntüdən müəyyən edilir ki, İ-patrul avtomobili yolun hərəkət hissəsindən kənarda, nəqliyyat vasitələrinin axını istiqamətində gizli və görünməyən yerdə dayanmaqla xidmət aparmış, onun idarə etdiyi Toyota Camry markalı **-RD-*** dövlət nömrə nişanlı avtomaşının hərəkət sürətini nəqliyyat vasitəsi hərəkətdə olarkən arxa hissəsindən ölçməklə qeydə almışdır. İ-patrul avtomobilinin qeydə aldığı görüntülərə əsasən yolun həmin hissəsində hərəkət sürəti 70 km/saat olan yerdə (bu nəyə əsasən müəyyən olunub, qeyri-müəyyəndir) onun avtomobilinin hərəkət sürəti guya 93 km/saat olmuşdur. Təlimatın 7.2-ci bəndində göstərilir ki, patrul postunda (marşrutunda) xidmət aparan zaman YPX inspektoru hərəkət prosesinə nəzarət etməlidir. Yolun hərəkət hissəsindən kənarda, hərəkət iştirakçıları üçün görünməyən yerdə, üzü nəqliyyat axını istiqamətində dayanmaqla, arxası hərəkətdə olan nəqliyyat vasitələrinə olmaqla xidmət aparan patrul avtomobilinin və həmin avtomobildə xidmət aparan YPX inspektorunun hərəkət prosesinə hansı formada nəzarət etməsini mümkünsüz və qanunsuz hesab edir. Qərara əlavə edilmiş fotoşəkillər və videogörüntüdən müəyyən edilir ki, İ-patrul avtomobili nəqliyyat vasitələri axınında hərəkət etməmiş, qırmızı və ya göy sayrışan işıq siqnalından istifadə etməmiş, əksinə, sürücülər, yol hərəkəti iştirakçıları üçün görünməyən yerdə, maneənin arxasında, gizli olaraq patrul avtomobilini saxlamaqla, nəqliyyat vasitələri hərəkət etdikdən sonra onların arxadan çəkilişini aparmaqla, YPX avtomobil yol hərəkəti iştirakçıları üçün məsafədən görünən olmamışdır. Bundan başqa, yolun hərəkət hissəsində idarəetmədə olan, hərəkətini davam etdirən nəqliyyat vasitəsinin hərəkət sürətini arxadan radarla ölçülməsi texniki cəhətdən düzgün deyil, çünki nəqliyyat vasitəsi hərəkətdə olarkən radar cihazından ötürülən siqnal həmin nəqliyyat vasitəsinin arxa hissəsindən avtomobilə çatanadək sürəti getdikcə artır və bu sürət heç bir halda nəqliyyat vasitəsinin real hərəkət sürətinin dəqiq ölçməyə imkan vermir. Əbəs yerə deyildir ki, ölkə ərazisində həm şəhər daxili, həm rayonlararası yollarda nəqliyyat vasitələrinin hərəkət sürəti yolun ön hissəsində quraşdırılmış və hərəkətdə olan avtomobillərdən qabaqda quraşdırılmış radarlar vasitəsi ilə ölçülür. Rayonlararası yollarda da xidmət aparan İ-patrul avtomobilləri yolu hərəkət hissəsində və önündə dayanıb xidmət aparmaqla, hərəkətdə olan nəqliyyat vasitəsinin sürətini ölçürlər. Lakin konkret bu halda, onun idarə etdiyi avtomaşının hərəkət sürəti YPX inspektoru tərəfindən İ-patrul vasitəsi ilə xx.xx.2025-ci il tarixdə arxadan ölçülmüş, ölçmə aparan İ-patrul avtomaşını da Təlimatın 4.3. və 4.4.-cü bəndinin tələblərini kobud şəkildə pozmuşdur. Bundan başqa, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, yollarda nəqliyyat vasitələrinin hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulan mobil və ya stasionar xüsusi texniki vasitələrdən (radarlardan) qabaqda radarın mövcudluğu barədə məlumat vermək məqsədilə 6.14 "İnformasiya stendi" servis nişanı və əlavə məlumat nişanı, yaxud həmin yolda icazə verilən sürət həddini göstərən 3.24 "Maksimum sürətin məhdudlaşdırılması" nişanı quraşdırılmalıdır. Belə servis nişanı və ya 3.24 nişanı yaşayış məntəqələrindən kənarda müvafiq radardan ***-**** metr qabaqda, yaşayış məntəqələrində isə 50-200 metr qabaqda quraşdırılır. Qeyd olunan məsafələrdə bu iki nişandan biri olduğu halda, sürücülər tərəfindən yollarda sürət həddinin aşılması kimi qayda pozuntularının aşkarlanmasında foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrdən (mobil və ya stasionar radarlardan) istifadə olunması qanunvericiliyin tələblərinə uyğundur. Həmçinin, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin Vİİ-ci hissəsində göstərilir ki, Yollarda nəqliyyat vasitələrinin hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulan mobil və ya stasionar xüsusi texniki vasitələrdən (radarlardan) qabaqda radarın mövcudluğu barədə məlumat vermək məqsədilə 6.14 "İnformasiya stendi" servis nişanı və əlavə məlumat nişanı, yaxud həmin yolda icazə verilən sürət həddini göstərən 3.24 "Maksimum sürətin məhdudlaşdırılması" nişanı quraşdırılmalıdır. Belə servis nişanı və ya 3.24 nişanı yaşayış məntəqələrindən kənarda müvafiq radardan ***-**** metr qabaqda, yaşayış məntəqələrində isə 50-200 metr qabaqda quraşdırılır. Göründüyü kimi İ-patrul avtomobillərin yalnız 3.24 və 6.14 nişanlarının qüvvədə olduğu zonada işləyə bilərlər. Konkret ona aid vəziyyətdə EQ 28221158 seriyalı inzibati xəta haqqında elektron protokou tərtib etmiş İ-patrul avtomobilinin 3.24 və 6.14 nişanlarının quraşdırıldığı zonada xidmət aparıb-aparmamasını müəyyən etmək mümkün deyildir. "Yol-patrul xidməti haqqında Təlimat"ın 5.1-ci bəndində göstərilir ki, yol hərəkəti qayda pozuntularını qeydə alan texniki vasitələr, nəqliyyat vasitələrinin məcburi dayandırılması üçün qurğular, sürücülük vəsiqələrində, nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrində saxtalaşdırmaların aşkarlanması üçün cihazlar, avtomobilin şüşələrinin işıqburaxma qabiliyyətini, nəqliyyat vasitələrinin tullantılarında çirkləndirici maddələrin miqdarını ölçən qurğular və digər texniki vasitələr onlardan istifadə qaydaları haqqında təlimata uyğun olaraq tətbiq edilir. (Qeyd: Metroloji yoxlamadan keçməmiş və ya yoxlama şəhadətnamələrinin vaxtı keçmiş nəzarət ölçü cihazlarının tətbiqi qadağandır.) Hesab edir ki, hazırki şikayətə baxılması gedişində xx.xx.2025-ci il tarixdə EQ 28221158 seriyalı inzibati xəta haqqında protokol tərtib etmiş YPX avtomaşınında quraşdırılmış, onun idarə etdiyi avtomobilin hərəkət sürətini ölçən texniki vasitə radarın sonuncu dəfə nə vaxt yoxlamadan keçməsi barədə məlumat və yoxlama şəhadətnaməsi, o cümlədən İ-patrul avtomobillərinin işləmə mexanizmi və istifadə qaydaları ilə bağlı təlimat Azərbaycan Respublikası DİN-nin Baş X6 İdarəsindən tələb edilməlidir. Odur ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ 28221158 seriyalı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh tətbiq etmə haqqında elektron qərarın ləğv edilməsini, xx.xx.2025-ci il tarixli EQ 28221158 seriyalı inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh tətbiq etmə haqqında elektron qərar üzrə hesablanmış 50 AZN cəriməni, həmin cərimə üzrə hesablanacaq dəbbə pulu məbləğlərini və 2 bal qiymətləndirmənin ləğv edilməsini və barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ 28221158 seriyalı inzibati xəta haqqında protokol və inzibati tənbeh tətbiq etmə haqqında elektron qərar əsasında başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunması və barəsində tərtib edilmiş 28 may 2025-ci il tarixli EQ 28221158 saylı İnzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzreə icraata xitam verilməsini xahiş etdi. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Baş X6 İdarəsi nümayəndəsi vasitəsilə məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Baş X6 İdarəsinin 28 may 2025-ci il tarixli EQ 28221158 saylı İnzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, barəsində 50 manat inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 328.2-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə - əlli manat məbləğində cərimə edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarından görünür ki, inzibati xətaya dair protokol tərtib edilmişdir. Protokol inzibati işlər üzrə sübut hesab edilir. Həmin protokol əsasında da qərar qəbul edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və bununla da həmin qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından, X3 tərəfindən verilmiş şikayət təmin olunmamalı, Baş X6 İdarəsinin 28 may 2025-ci il tarixli EQ 28221158 saylı İnzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X3 oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Baş X6 İdarəsinin 28 may 2025-ci il tarixli EQ 28221158 saylı İnzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-3979/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3979/2025
18.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver