Məhkəmə qərarları › İş №3(011)-3990/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3990/2023

16.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3990/2023 16.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi ilə X1 Bakı şəhəri X9 İdarəsinin xx.xx.2023-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri X9 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 12 oktyabr 2022-ci il tarixdə saat 22:07 radələrində 8 Noyabr prospekti ilə Zığ dairəsi istiqamətində (Bravo superstorun qarşısında) baş vermiş Yol-nəqliyyat hadisəsi ilə bağlı barəsində Bakı Şəhəri Baş Polis İdarəsi X9i İdarəsinin (bundan sonra-DYPİ) Yol-nəqliyyat hadisələri (bundan sonra-YNH) inspektoru tərəfindən İXP ******* nömrəli xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib etmişdir. Bundan sonra qəbul edilmiş TP ******* nömrəli xx.xx.2022-ci tarixli inzibati tənbeh vermə haqqında qərarla mənə İXM-nin 327.1-ci maddəsi ilə 40 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Səlahiyyətli orqanın vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında qərarından tərəfindən verilmiş şikayət Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-495/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə təmin edilərək, inzibati xəta haqqında İXP ******* nömrəli protokola əsasən, DYPİ tərəfindən qəbul olunmuş TP ******* nömrəli xx.xx.2022-ci tarixli qərarın ləğv edilməsi, inzibati xəta haqqında işin yenidən baxılması üçün DYPİ-nə göndərilməsi qərara alınmışdır. Təəssüf ki, səlahiyyətli orqanın vəzifəli şəxsi olan DYPİ-nin YNH baş inspektoru tərəfindən məhkəmənin qərarında əksini tapan yerinə yetirilməsi məcburi olan göstərişlərin heç birinə əməl edilmədən, təqdim etdiyim dəlillər araşdırılmadan, həmçinin əldə edilməsi mümkün olan heç bir sübut toplanılmadan qəbul edilmiş ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarla yenə ona İXM-nin 327.1-ci maddəsi ilə təkrar 40 manat məbləğində inzibati cərimə tətbiq olunub. Əlavə problemlərlə üzləşməmək üçün xx.xx.2022-ci il tarixli TP ******* sayı qərarla müəyyən edilmiş cərimə xx.xx.2023-cü il tarixdə dəbbə pulu ilə birlikdə 54 manat ödənilib. İXM-nin 9.2-ci bəndinə əsasən eyni əmələ görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Xüsusi ilə qeyd edirəm ki, ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar bir neçə dəfə müraciət və şikayət etdikdən sonra xx.xx.2023-cü il tarixdə etibarnamə əsasında ona verilmişdir. Bu da əsassız qarardan şikayət hüququnun bilərəkdən məhdudlaşdırılması məqsədi daşıyır. İnzibati xəta haqında iş üzrə mühüm əhəmiyyət kəsb edən faktiki hallar ondan ibarətdir ki, xx.xx.2022-ci il tarixdə saat 22:07 radələrində idarə etdiyi “Chevrolet Cruze" markalı ** CL *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti ilə Zığ dairəsi istiqamətində (“Bravo" supermarketin qarşısında) hərəkətdə olarkən, Bakı şəhəri. Xətai rayonu Qaçaq Nəbi küçəsi, mənzil 2-də yaşayan X6 “Khazar" markalı ** PD *** dövlət qeydiyyat nişanlı avtomobili yüksək sürətlə hərəkət etdirərkən düzgün ara məsafəsi saxlamadığı üçün idarəetməyə nəzarəti itirib, idarə etdiyi avtomobilin sol arxa hissəsinə çırpılmış və bu zərbənin təsirindən avtomobilinin sağ qabaq hissəsi qarşıda eyni istiqamətdə hərəkətdə olan “BMW" markalı ** GX *** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa hissəsi ilə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilinə təxminən 2500- 3000 manat məbləğində maddi ziyan dəymişdir. Həmin tarixdə hadisə yerinə gəlmiş DYPİ-nin polis işçisi sübutlar toplamadan barəmdə xx.xx.2022-ci il tarixdə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsinin araşdırılması məqsədilə xx.xx.2022-ci il tarixdə mən, “Khazar" və “BMW" markalı avtomobillərin sürücüləri DYPİ-nə dəvət olunaraq, izahatlar alınmışdır. Təəccüblü görünsə də, hadisə araşdırılmadan protokol tərtib edilmişdir. İXM-nin 84.2-ci maddəsinə əsasən heç bir sübutun əvvəlcədən müəyyən edilmiş qüvvəsi yoxdur. Bununla yanaşı “Khazar" markalı avtomobilin sürücüsü X6 barəsində "Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı" yol-nəqliyyat hadisəsinin baş verdiyi gün deyil, səhəri gün, yəni xx.xx.2022-ci il tarixdə verilmişdir. Yol-nəqliyyat hadisəsi yerinin protokolu imza edilməsi ona təqdim olunanda, reallığa uyğun tərtib olunmadığı üçün onu imzalamaqdan imtina etmiş və araşdırmanın düzgün aparılmadığını bildirmişdir. Çünki protokolda avtomobillərin hərəkət istiqamətləri düzgün təsvir olunmamışdır. Belə ki, hadisə yerində hadisəni görən şahidlər olmuş, yol-nəqliyyat hadisəsi zamanı “Khazar” markalı avtomobilin təkərlərinin asfalt yolda izləri qalmış, təxminən 30-35 metr məsafədə isə hadisənin baş verdiyi yolu müşahidə edən video kamera olmuşdur. O, yol-nəqliyyat hadisəsi yerində olmuş şahidlərin də izahatlarının alınmasını və hadisə baş vermiş yolu müşahidə edən videokamera görüntüsündən çıxarışın materiala əlavə olunmasını xahiş etmiş, ancaq onun bu şifahi vəsatətlərinin heç biri təmin edilməmişdir. Ona görə bu məsələ ilə bağlı həmin gün DİN-nin “102" Xidmət-Zəng mərkəzinə məlumat vermiş, lakin, heç bir nəticəsi olmamışdır. Ümumiyyətlə araşdırma dövrlərində “Yol hərəkəti haqqında” Qanuna ümumiyyətlə, istinad edilməmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin İİİ hissəsində qeyd olunur ki, sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. Həmin gün APA TV tərəfindən hadisəni qeydə alan videoçəkilişdə və foto şəkillərdə göründüyü kimi idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobilin arxadan vurulması, zərbənin gücündən bu avtomobilin irəli atılaraq növbəti avtomobillə toqquşması və avtomobillərdəki ciddi əzilmələr bunu deməyə əsas verir ki, “Khazar” markalı avtomobil sürətlə hərəkətdə olub (həmin yolda sürət həədi 60km/saatdır), sürücü avtomobillə zəruri ara məsafəsi saxlamadığına görə qəza törədib. Avtomobilinin arxa və qabaq hissələrinin əzilməsi Bakı şəhər BPİ DYPİ-nin 006370 nömrəli arayışında da təsdiqini tapmışdır. Məlumdur ki, İXM-nin 99.4-cü və 99.4.2-ci maddələrinə görə inzibati xəta haqqında protokol tərtib edildiyi vaxtdan inzibati xata haqqında iş üzrə icraat başlanılmış hesab edilir. Səlahiyyətli orqanın vəzifəli şəxsi olan DYPİ-nin YNH inspektoru, tərəfindən inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli protokol tərtib ediləndə İXM-in 16-cı fəslinin tələbləri kobudcasına pozulmuşdur. DYPİ-nin YNH inspektoru tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokoldan aydın olur ki, törədilmiş inzibati xəta hadisəsi polis işçisi tərəfindən bilavasitə aşkar edilmişdir və bu halda İXM-nin 124-cü maddəsinin tələblərinə mütləq əməl edilməli idi. DYPİ-nin YNH inspektoru tərəfindən İXP ******* nömrəli xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib ediləndə törədilmiş inzibati xətanın mahiyyəti, törədilmə şəraiti və səbəbləri, bu inzibati xəta hadisəsinin baş verməsində mənim təqsirliliyim və əməlimin İXM-nin 327.1-ci maddəsinə tövsif edilməli olmasını təsdiq edən hər hansı sübut əlavə edilməməklə Qanunun yuxarıda göstərilən normasının imperativ tələbləri pozulmuşdur. Qanunun bu imperativ tələbi də pozularaq, həm o, həm “Khazar” markalı avtomobilin sürücüsü, həm də “BMW” markalı avtomobilin sürücüsü xx.xx.2022-ci il tarixdə DYPİ-nə dəvət olunaraq, izahatları alınmış, yanaşı hadisəni törədən “Khazar” markalı avtomobilin sürücüsü X6 barəsində “Sərxoşluq vəziyyətnin tibbi müayinəsi aktı” yol-nəqliyyat hadisəsinin baş verdiyi gün deyil, səhəri gün yəni, xx.xx.2022-ci il tarixdə verilmişdir. İnzibati xəta haqqında iş üzrə araşdırma xx.xx.2022-ci il tarixdə aparılmasına baxmayaraq, inzibati xota haqqında protokol ondan əvvəlki tarixə, yəni xx.xx.2022-ci il tarixdə tərtib edilmişdir. Yuxarıda qeyd etdiyi fakt və hallardan aydın görünür ki, səlahiyyətli orqanın vəzifəli şəxsi inzibati xəta haqqında protokol tərtib edəndə “Yol hərəkəti haqqında" Qanuna və onun müvafiq maddəsinə istinad etməmiş, tərəfindən İXM-nin 327.1-ci maddəsinin dıspozisiyasmda sadalanan konkret olaraq hansı inzibati xəta hadisəsini və necə törətdiyini göstərməmiş, hər hansı sübuta istinad etməmişdir. Çünki İXM-nin 109.1 -ci və 109.1.6-cı maddələrinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Təəssüf ki, təkrar araşdırma zamanı DYPİ-nin YNH baş inspektoru inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri baxılmadan geri qaytarmaq əvəzinə, onlara baxıb yuxanda qeyd edilən inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Hesab edir ki, şərh edilənlərə əsasən inzibati xəta haqında protokolun dəlilləri qanuni və əsaslı sayıla bilməz. DYPİ-nin YNH inspektoru tərəfindən tərtib edilmiş İXP ******* nömrəli xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokolda yol-nəqliyyat hadisəsi zamanı “Yol hərəkəti haqqında" Qanunun 42-ci maddəsinin tələbinə zidd olaraq, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr qaydasını pozduğuna görə yol-nəqliyyat hadisəsi törətməsi halı və İXM-nin 327.1-ci maddəsinin dispozisiyasında sadalanan inzibati xəta hadisənin konkret olaraq, hansını törətməsi göstərilməmişdir. Səlahiyyətli orqanın vəzifəli şəxsi yəni qəbul etdiyi heç bir yeni fakta və sübuta əsaslanmayan qərarında inzibati xəta haqqında protokolun mətnini onun inzibati məsuliyyətə cəlb edilməyinə əsasın yaradılmasından ötrü təhrif etmişdir. İşin hallarından görünür ki, yol-nəqliyyat hadisəsinin törədilmə yeri müayinə edilməmiş, asfalt yolda izləri aydın görünən sərt topmozlanmanın səbəbləri, yol-nəqliyyat hadisəsinin baş vermə şəraiti və səbəbləri, o cümlədən, “Khazar” markalı avtomobilin ondan qabaqda onunla eyni istiqamətdə hərəkətdə olan idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobilin sol arxa hissəsinə çırpılmasının və bu zərbənin təsirindən idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobilin həmin vaxt onunla eyni istiqamətdə onun qarşısında hərəkətdə olan “BMW” markalı avtomobilin sol arxa hissəsi ilə toqquşmasının səbəbləri, bu toqquşmaların qarşısını alınaq üçün həm “Khazar” markalı avtomobili idarə edən X3, həm də məniim texniki cəhətdən imkanlarının olub-olmamaları aydınlaşdırılmamış, həmin ərazini videomüşahidə edən kamera görüntüləri əldə edilməmişdir. İdarə etdiyi “Chevrolet Cruze” markalı ** CL *** dövlət qeydiyyat nişanlı avtomobilin həm sol arxa hissəsində, həm də sağ qabaq hissəsində zədələrin yaranma səbələri aydınlaşdırtlmmışdır. O, İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməmişəm və əməlində həmin inzibati xətanın tərkibi mövcud deyildir. Bakı şəhəri X9 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq X4 və Bakı şəhəri X9 İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə X1 və Bakı şəhəri X9 İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, X1 barəsində Bakı şəhəri X9 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı şəhəri X9 İdarəsinə göndərilmişdir. İş materiallarında olan Bakı Şəhər X9 İdarəsinin Yol-nəqliyyat hadisələri üzrə şöbəsinin baş inspektoru X2 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. X4 barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X1 həmin qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, inzibati xətanın törədilməsində təqsiri, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarında göstərilmiş xüsusatlar kifayət qədər araşdırılmamış, qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar müəyyən edilməmiş və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. X1 törətdiyi xətanın hansı sübutla müəyyən edildiyi göstərilməmişdir. Göründüyü kimi, inzibati xəta haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən, araşdırma aparmadan qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayəti qismən təmin edilməli, Bakı şəhəri X9 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri X9 Şöbəsinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARAALDİM: X1 şikayəti qismən təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə inzibati xəta törətməsinə dair Bakı şəhəri X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri X9 İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar