Məhkəmə qərarları › İş №3(011)-40/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-40/2023

25.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-40/2023 25.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə xx.xx.1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs 28 oktyabr 2022-ci il tarixdə saat 06:10 radələrində idarə etdiyi “Nissan Navara” minik markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Xətai rayonu Ağ şəhərdə hərəkətdə olan zaman saxlanılmış və yoxlama zamanı məlum olmuşdur ki, sürücü Şəxs avtomobili sərxoş halda idarə edir. Bakı şəhəri DYPİ Yol patrul xidməti inspektoru polis baş serjantı X1 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 28 oktyabr 2022-ci il tarixli İXP seriyalı ******* nömrəli protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İXM-in 61.3-cü maddəsinə əsasən barəsində inzibati icraat aparılan şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsi mümkün hesab edilmişdir. İş materiallarında olan 28 oktyabr 2022-ci il tarixli İXP ******* nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, müayinə nəticəsində Şəxsndə alkoqol qəbulu nəticəsində yaranmış sərxoşluq vəziyyəti müəyyən olunmuşdur. O, törətdiyi əməli etiraf edərək protokolu imzalamışdır. İş materiallarında olan 28 oktyabr 2022-ci il tarixli alkotesterin göstəricisindən görünür ki, müayinə nəticəsində Şəxs qanında alkoqolun konsentrasiyası 0,788 promilli müəyyən olunmuşdur. Beləliklə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən bu Məcəllənin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta rayon (şəhər) məhkəmələri tərəfindən baxılan inzibati xəta haqqında işlərə aid deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat miqdarında cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin “Qeyd” hissəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə iş materiallarını, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini araşdıraraq Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri – cərimə tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48,114,115-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar