Məhkəmə qərarları › İş №3(011)-4001/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4001/2021

26.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4001/2021 26.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Orxan Novruz oğlunun katibliyi, hüquqi şəxs Şəxs nümayəndələri Nümayəndə, Azərbaycan Respublikasının X13 departamentinin aparıcı hüquq məsləhətçisi X3 iştirakları ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 08 oktyabr 2021-ci il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs 27000.00 (iyirmi yeddi min) ABŞ dolları məbləğində olan pul vəsaitini 24 sentyabr 2019-cu il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 18000.00 (on səkkiz min) ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi Nümayəndə iş nateriallarına əlavə edilməsi üçün sənədlər təqdim edərək bildirmişdir ki, Şəxs MMC olaraq inzibati xəta haqqında protokolda qeyd olunan inzibati xətanın törədilməsində özlərini heç bir formada təqsirli bilmirlər və aşağıdakılara əsasən hesab edirlər ki, əməldə inzibati xəta hadisəsi olmadığı üçün inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Belə ki, işin faktiki halları ondan ibarətdir ki, Şirkətləri Türkiyə Respublikasında fəaliyyət göstərən X4 Technology Center Limited şirkətinin elan etdiyi tenderin qalibi olmuş və buna görə də Şəxs MMC ilə TP OTC Limited arasında TPOTC/EZDJD01 nömrəli, 15.07.2019-cu il tarixli Əsas Xidmət Müqaviləsi (Master Service Agreement) imzalanmışdır. Həmin Xidmət Müqaviləsinin 1.1-ci maddəsinə görə İcraçı Şəxs MMC Müştəri TP OTC Limited Şirkətini mal və xidmətlərlə təchiz etməyi öhdəsinə götürmüşdür. Bunun müqabilində Müştəri tərəfindən Şirkətlərinə 16.09.2019-cu il tarixli, ED002 nömrəli Alqı- satqı sifarişi (Purchase Order) daxil olmuşdur. Həmin sifarişin 10-cu bəndinə görə X8 avadanlıqlarının alqı-satqısı sifariş edilmişdir. Buna müvafiq olaraq Şirkətləri tərəfindən “X10 General Trading” LLC Şirkəti ilə 23.09.2019-cu il tarixində Satış Müqaviləsi (Bili of Sale) və Əlavə № 01 (Addendum № 01) imzalanmış və satıcı “X10 General Trading” LLC Şirkətinə 3 ədəd avadanlıq (Hydraulic Console, X18 Beam və X18 Ram Assembly) sifariş edilmişdir. Hər üç avadanlığın ümumi dəyəri 27 000.00 (iyirmi yeddi min) ABŞ dolları təşkil etmişdir. Tərəflər arasında imzalanmış Əlavə № 01-ə görə 1-ci avadanlıq (Hydraulic Console) Azərbaycan Respublikasına idxal edilməli, digər iki avadanlıq (X18 Beam və X18 Ram Assembly) isə Türkiyə Respublikasına - Birlik OSB 1 Nolu Cadde № 9, Tuzla, İstanbul ünvanına - yəni TP OTC Limited şirkətinin rəsmi ünvanına göndərilməli idi. Alqı-satqının həyata keçirilməsi üçün satıcı təşkilatın ödəniş şərtləri 100 faiz əvvəlcədən ödəniş olduğu üçün hər üç avadanlığın ümumi dəyəri olan 27 000.00 (iyirmi yeddi min) ABŞ dolları əvvəlcədən satıcı “X10 General Trading” LLC Şirkətinin X1 bank hesabına (Mashreq Bank) köçürülmüşdür. Ödəniş həyata keçirildikdən sonra qarşılıqlı razılaşmaya uyğun olaraq satıcı “X10 General Trading” LLC Şirkəti tərəfindən dəyəri 9000.00 (doqquz min) ABŞ Dolları təşkil edən 1-ci avadanlıq (Hydraulic Console) **********1626 nömrəli X11 ilə Azərbaycan Respublikasına göndərilmiş və idxal edilmiş, ümumi dəyəri 18 000.00 (on səkkiz min) ABŞ Dolları təşkil edən digər 2 avadanlıq (X18 Beam və X18 Ram Assembly) isə 02.10.2019-cu il tarixli 69 nömrəli invoys və MAWB:-501-0700 8212 nömrəli X12 (Air Waybill) əsasında TP OTC Limited şirkətinə təhvil verilmişdir. Müştəri TP OTC Limited Şirkəti tərəfindən Şirkətlərinə verilmiş 16.09.2019-cu il tarixli, ED002 nömrəli Alqı-satqı sifarişinin icrasıyla əlaqədar olaraq (həm mübahisə predmetini təşkil edən X18 seti, həm də digər avadanlıqlar üçün) 03.10.2019-cu il tarixində Müştəri TP OTC Limited Şirkətinə 2019/TC1001 və 2019/TC1002 nömrəli Proforma İnvoice təqdim edilmiş, mübahisə predmetini təşkil edən X18 seti üçün ümumilikdə 79 500.00 (yetmiş doqquz min beş yüz) ABŞ Dolları, digər avadanlıqlar və xidmətlər (pressure Test pump with chart recorder, 5000psi, high pressure test plugs, special Service tools for Rhino Reamers, test plugs, special Service tools for DTU’s) üçün isə 57 000.00 (əlli yeddi min) ABŞ Dolları, ümumilikdə 136 500.00 (yüz otuz altı min beş yüz) ABŞ Dolları məbləğində pul vəsaitinin ödənilməsi tələb edilmişdir. Buna müvafiq olaraq 16.10.2019-cu il tarixində TP OTC Limited Şirkətləri tərəfindən Cəmiyyətin AzərTürk Bank ASC-də yerləşən bank hesabına 136 500.00 (yüz otuz altı min beş yüz) ABŞ Dolları məbləğində pul vəsaiti köçürülmüşdür. İşin hüquqi halları isə ondan ibarətdir ki, inzibati xəta hadisəsi mövcud deyildir. İş üzrə icraata xitam verilmənin ən ciddi əsası ondan ibarətdir ki, Şəxs MMC inzibati xəta haqqında protokolda qeyd olunanların tam əksinə - AR İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməmişdir. Belə ki, AR X13 Departamentinin aparıcı hüquqşünası O.Xaspoladov tərəfindən tərtib edilmiş EP ******* nömrəli, 08.10.2021-ci il tarixli inzibati xəta haqqında protokolda aşağıdakı kimi qeyd edilir: Şəxs MMC 27000.00 ABŞ dolları məbləğində vəsaiti 24.09.2019-cu il tarixində xaricə köçürmüş və 2 il müddət keçsə də, 18 000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidmət) ölkəyə idxal etməmişdir. Xəta 25.09.2021-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Göründüyü kimi, protokolu tərtib edən vəzifəli şəxs 18000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxal edilmədiyi faktını aşkarlayır və bununla da belə qənaətə gəlir ki, barəsində icraat aparılan şəxs AR İXM 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi törədilmişdir. Halbuki Məhkəmənin diqqətinə çatdırırlar ki, AR İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində inzibati xəta hadisəsi kimi nəzərdə tutulan ictimai təhlükəli əməl “xarici vəsait hesabına alınan malların ölkəyə idxal edilməməsi” yox, “valyuta vəsaitinin xaricdən geri qaytarılmaması”dır. Lakin inzibati xəta haqqında protokolu tərtib edən vəzifəli şəxs inzibati araşdırma zamanı “valyuta vəsaitinin xaricdən geri qaytarılmaması” faktını ümumiyyətlə araşdırmamış, bu barədə protokolda hər hansı qeyd etməmişdir. AR İXM-nin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. AR Mərkəzi X9 28.11.2016-cı il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”a (bundan sonra “Qaydalar”) görə ödənilmiş xarici valyuta vəsaitinin müqabilində mal və ya xidmət ölkəyə idxal edilmədikdə bank təşkilatı 5 gün ərzində ödəniş sənədləri və digər sənədləri araşdırma üçün Mərkəzi Banka göndərməlidir. Burada məqsəd hüquqi şəxsin xarici valyutada xaricə ölkələrə ödədiyi ödənişin qeyri-qanuni məqsədlərə xidmət edibetməməsinin (AR Konstitusiya Məhkəməsinin Plenumunun 28.02.2020-ci il tarixli Qərarına əsasən bu cür qeyri-qanuni məqsəd dedikdə terrorçuluğun, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsi, cinayətkarlıq yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması başa düşülür) Mərkəzi Bank tərəfindən geniş və effektiv olaraq inzibati qaydada araşdırma aparılmasıdır. İnzibati xəta haqqında protokol tərtib edən vəzifəli şəxs isə AR İXM-nin 430.4-cü maddəsinin tərkibini yaradan məhz “valyuta vəsaitinin xaricdən geri qaytarılmaması” faktı üzrə ümumiyyətlə inzibati araşdırma aparmamış, bu barədə protokolda hər hansı qeyd etməmiş, sadəcə bankın verdiyi məlumatlar əsasında “xarici vəsait hesabına alınan malların ölkəyə idxal edilməməsi’ faktını inzibati xəta haqqında protokolda təkrarlayaraq AR İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin törədildiyi qənaətinə gəlmişdir. Məhkəmənin diqqətinə çatdırırlar ki, Şəxs MMC valyuta tənzimi qaydalarının pozuntusunu təşkil edəcək hər hansı qeyri-qanuni xarici valyuta əməliyyatlarında iştirak etməmişdir. Hazırki məhkəmə mübahisəsinin predmetini təşkil edən 18 000.00 ABŞ dolları məbləğindəki xarici valyuta əməliyyatı inzibati xəta hadisəsi olan valyuta tənzimi qaydalarının pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, həmin Qaydaların 4.3.4-1-ci bəndi ilə icazə verildiyi kimi Şəxs MMC X5 Technology Center Limited ilə əməkdaşlığı çərçivəsində Türkiyə Respublikasında həyata keçirdiyi beynəlxalq layihəsinin icrasıyla bağlı malları mübahisə predmeti olan X18 Beam və X18 Ram Assembly avadanlıqlarını layihənin həyata keçirildiyi xarici ölkəyə - yəni Türkiyə Respublikasına tədarük etmişdir. Bu barədə müvafiq sənədlər banka təqdim edilsə də bank tərəfindən heç bir əsas göstərilmədən imtina edilmişdir. Qeyd olunan layihənin icrası nəticəsində mübahisə predmeti olan X18 Beam və X18 Ram Assembly avadanlıqları üçün qabaqcadan avans qaydada 18 000.00 ABŞ dolları məbləğində xaricə köçürdükləri valyuta vəsaitinin məbləğindən təxminən 4.5 (dörd tam onda beş) dəfə artıq - 79 500.00 (yetmiş doqquz min beş yüz) ABŞ dolları məbləğində xarici valyuta vəsaiti Cəmiyyətlərinin hesabına köçürülmüşdür. Həmin Qaydaların 4.3.4-1-ci bəndi: rezidentlər tərəfindən beynəlxalq tenderlərin nəticələrinə müvafiq olaraq həyata keçirdikləri layihələrlə bağlı malların layihə həyata keçirilən xarici ölkəyə tədarük edilməsi məqsədilə köçürmələr. Belə köçürmələr rezidentin tenderdə iştirakını təsdiq edən sənəd və tender nəticəsində bağlanmış müqavilə, həmçinin malların tədarük edilməsi məqsədilə üçüncü tərəflə bağlanılan müqavilə, hesabfaktura və ya ödənişin təyinatını, məbləğini və alınan mallar barədə məlumatı özündə əks etdirən digər sənəd banka təqdim edilməklə həyata keçirilir. Məxsusi olaraq nəzərə alınmalıdır ki, inzibati xəta haqqında protokolda qeyd olunanların tam əksinə - xarici valyuta hesabına alınan malların ölkəyə idxal edilməməsi faktı öz-özlüyündə inzibati xəta hadisəsi kimi dəyərləndirilə bilməz. Belə olsaydı bu həm də ilk növbədə Qaydaların tələblərinə birbaşa ziddi olardı. X15 müxtəlif bəndlərində açıq-aydın göstərilir ki, xarici valyuta vəsaiti hesabına alınan malların ölkəyə idxal edilməsi məcburiyyəti yoxdur: Məsələn: 4.3.2-1-ci bənd: malların respublikanın gömrük ərazisinə gətirilmədən üçüncü tərəfə təqdim edilməsi üzrə rezidentlərin və qeyri-rezidentlərin vasitəçilik fəaliyyəti ilə bağlı köçürmələri. Belə köçürmələrin məbləği vasitəçinin müvəkkil bankdakı hesabına mal alan tərəfindən əvvəlcədən köçürülən məbləğdən artıq olmamalı və vasitəçilik fəaliyyətini təsdiq edən müvafiq müqavilə (müqavilələr) banka təqdim edilməlidir. 4.3.4-1-ci bənd: rezidentlər tərəfindən beynəlxalq tenderlərin nəticələrinə müvafiq olaraq həyata keçirdikləri layihələrlə bağlı malların layihə həyata keçirilən xarici ölkəyə tədarük edilməsi məqsədilə köçürmələr. Belə köçürmələr rezidentin tenderdə iştirakını təsdiq edən sənəd və tender nəticəsində bağlanmış müqavilə, həmçinin malların tədarük edilməsi məqsədilə üçüncü tərəflə bağlanılan müqavilə, hesab-faktura və ya ödənişin təyinatını, məbləğini və alman mallar barədə məlumatı özündə əks etdirən digər sənəd banka təqdim edilməklə həyata keçirilir. Yuxarıda qeyd olunan müddəalardan da göründüyü kimi, xarici valyuta vəsaiti hesabına alınan malların ölkəyə - yəni Azərbaycan Respublikasına idxal olunması məcburiyyəti yoxdur və malların ölkəyə idxal edilməməsi AR İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi kimi qiymətləndirilə bilməz. Bundan əlavə olaraq, məlumunuz olduğu kimi, AR İXM-nin 430.4-cü maddəsinin inzibati orqan və məhkəmələr tərəfindən tətbiqi ilə bağlı AR Konstitusiya Məhkəməsinin Plenumu 2 (iki) müvafiq qərar qəbul etmişdir. Həmin qərarlarda AR İXM-nin 430.4-cü maddəsinin tətbiqi ilə bağlı inzibati orqan, yəni Mərkəzi Bank və məhkəmələr üçün mütləq tətbiq edilməli olan hüquqi mövqelər formalaşmışdır. Həmin hüquqi mövqelər bunlardır: icraatın məqsədləri valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması və beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınmasıdır və məhkəmələr bu istiqamətdə araşdırma aparmalıdırlar. İş materiallarında ödənilən 18000.00 ABŞ dolları məbləğində xarici valyuta vəsaitinin hüquqi şəxs tərəfindən beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinə cəlb olunması istiqamətində hər hansı dəlil və arqument inzibati orqan tərəfindən qeyd edilməmişdir. Hüquqi əsas kimi AR Konstitusiya Məhkəməsinin Plenumunun 19.12.2019-cu il tarixli Qərarını göstərirlər. Orda qeyd edilir: Buna görə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməlin (hərəkətin) inzibati xəta kimi müəyyən edilməsi valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə cavab verdiyindən, məhkəmələr bu kimi işlərin hallarını hərtərəfli, tam və obyektiv araşdırmalıdır. Mərkəzi Bank və məhkəmələr üçün mütləq tətbiq edilməli olan digər hüquqi mövqe isə barəsində icraat aparılan şəxsin təqsiri AR İXM-nin tələblərinə uyğun olaraq dəqiq müəyyən edilməli olmasıdır. Barəsində inzibati icraat aparılan hüquqi şəxsin AR İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta əməlinin (xarici valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) törədilməsində təqsirinin nədən ibarət olması nəinki dəqiq, ümumiyyətlə müəyyənləşdirilməmişdir.Yenə də Hüquqi əsas kimi AR Konstitusiya Məhkəməsinin Plenumunun 19.12.2019-cu il tarixli Qərarını göstərirlər. Orda qeyd edilir: Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə yuxarıda qeyd edilən normaların tələbləri baxımından məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. İcraat zamanı süründürməçiliyə yol verilməməlidir. Qaydalarda icazə verilən hallara uyğun olaraq beynəlxalq ticarət əməliyyatlarını həyata keçirən Azərbaycan Respublikasının rezidenti olan bir hüquqi şəxsin heç bir araşdırma aparmadan - sadəcə bank tərəfindən göndərilən sənədlər əsasında inzibati xəta haqqında protokol tərtib etməsi hesab edirik ki, inzibati orqan tərəfindən süründürməçiliyə məruz qalmamız kimi qiymətləndirilməlidir.Belə ki, AR Konstitusiya Məhkəməsinin Plenumunun 19.12.2019-cu il tarixli Qərarında qeyd edilir: Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi zəruri hesab edir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməli, süründürməçiliyə yol vermədən, həmin işlərə qanunla müəyyən edilmiş müddətlərə ciddi riayət etməklə baxmalıdırlar. Bir daha vurğulayırlar ki, inzibati xəta üzrə iş materiallarından Şəxs MMC-nin AR İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın iddia olunan törədilməsində hər hansı təqsirinin olduğu inzibati orqan tərəfindən sübut olunmur və AR İXM-nin tələblərinə uyğun olaraq iş materiallarında şübhəli hesab olunan bütün məqamlar barəsində inzibati icraat aparılan şəxsin xeyrinə həll edilməlidir. İnzibati xəta haqqında protokol düzgün tərtib edilməmişdir. Hesab edir ki, inzibati xəta haqqında protokol AR İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməmişdir. Belə ki, AR İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə görə inzibati xətanın əsasını ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması faktı təşkil etsə də, inzibati xəta haqqında protokolda bu fakt ümumiyyətlə qeyd olunmamış, sadəcə malların (xidmətlərin) ölkəyə idxal edilməməsi faktı qeyd edilmişdir. Bu da AR Mərkəzi Bankı tərəfindən tərtib edilmiş EP ******* nömrəli, 08.10.2021-ci il tarixli inzibati xəta haqqında protokolun AR İnzibati Xətalar Məcəlləsinin tələblərinə ziddi qaydada tərtib olunduğunu - düzgün tərtib olunmadığını göstərir. Qeyd edilənlərə əsaslanaraq iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikasının X13 departamentinin aparıcı hüquq məsləhətçisi X7 protokolu müdafiə edərək etiraz ərizəsi ilə tanış olduğunu, etirazı əsassız hesab etdiyini, xaricə köçürülən puldan 9000 ABŞ dollarının geri qaytarıldığını, qalan 18000 ABŞ dolları vəsaitin (xidmətin) ölkəyə idxal edilmədiyini, tenderlə bağlı sənədlər olmadığını, şirkətin beynelxalq tenderdə qalib gəlməsi ilə bağlı sənədləri təqdim etməli olduğunu, əgər sənədlər banka təqdim edilsə idi hüquqi şəxslə bağlı məlumatların bank tərəfindən onlara göndərilməyəcəyini bildirərək tərəfindən tərtib edilmiş protokolu müdafiə etdiyini, hüquqi şəxsin inzibati xəta törətdiyini qeyd etmiş, bu səbəbdən də hüquqi şəxs Şəxs MMC barəsində İXM-in 430.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; 23 sentyabr 2019-cu il tarixli köçürmə ərizəsindən görünür ki, hüquqi şəxs Şəxs tərəfindən 27000.00 (iyirmi yeddi min) ABŞ dolları məbləğində xarici valyutada olan pul vəsaiti 23 sentyabr 2019cu il tarixdə "xxxx" ASC-də olan hesabından Azərbaycan Respublikasından kənara köçürülmüşdür; məktubdan görünür ki, “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydalar”nın 4.3.1.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezidentlər və qeyri-rezidentlər tərəfindən qabaqcadan ödəniş aparıldığı gündən 2 (iki) il müddətində malların ölkəyə idxalını və göstərilən xidmətləri təsdiq edən sənədlərin banka təqdim olunmasına dair tələbi bəyan olunmayan 18.000 (on səkkiz min) ABŞ dolları hissəsində yerinə yetirilməməmişdir; 08 oktyabr 2021-ci il tarixli EP seriyalı ******* nömrəli protokoldan görünür ki, hüquqi şəxs Şəxs 27000.00 (iyirmi yeddi min) ABŞ dolları məbləğində olan pul vəsaitini 24 sentyabr 2019-cu il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 18000.00 (on səkkiz min) ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Xəta 25 sentyabr 2021-ci il tarixdə hüquqi şəxsin hüquqi ünvanında, yəni ünvan 1 Kommersiya qurumlarının dövlət reyestrindən çıxarışdan məlum olur ki, Şəxs 07.12.2015-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır, VÖEN-i **********, hüquqi ünvanı AZ 1025 ünvan 2rixli tender protokolundan görünür ki, 05 iyun 2019-cu il tarixdə başlamış, 05 iyul 2019-cu il tarixdə bitmiş, X4 Technology Center Limited şirkətinin elan etdiyi tenderin qalibi Şəxs olmuşdur; X4 Technology Center Limited şirkətinin 05 noyabr 2021-ci il tarixli məktubundan görünür ki, TP X6 Limited tərəfindən elan edilmiş tender nəticəsində Şəxs ilə 16.09.2019-cu il tarixli ED002 nömrəli Satınalma Sifarişinin icrası Şəxs MMC tərəfindən dəqiqliklə yerinə yetirilmişdir. Belə ki, Banka Doldurma və Sınaq Cihazı 3 fazalı 415 V 50 Hz İP 44, Hidravlik Konsol və X17 Cihazı (X19 Cihazı Şüa və X19 X20), təzyiq diaqram yazıçısı ilə sınaq nasosu, 5000psi, yüksək təzyiq test tıxacları, Rhino Reamers üçün xüsusi xidmət alətləri, sınaq tıxacları, DTU-lar üçün xüsusi xidmət alətləri razılaşdırıldığı keyfiyyətlə Şirkətlərinə çatdırılıb. X2 icrası nəticəsində bank köçürməsi yolu ilə cəmi 136 500,00 (yüz otuz altı min beş yüz) ABŞ dolları Şəxs MMC-yə ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X9 20 fevral 2020-ci il tarixli 06/1 saylı qərarı ilə «Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”»nda dəyişikliklər edilmiş, qərarın 4.3.1.3-cü yarımbəndi aşağıdakı redaksiyada verilmişdir. “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə iş üzrə tərəfin izahatını dinləyib inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş Şəxs barəsində inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs tərəfindən valyuta tənzimi qaydalarının pozulması və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilsə də, iş materiallarına əlavə edilmiş sənədlər görünür ki, hüquqi şəxs Türkiyə Respublikasında fəaliyyət göstərən X4 Technology Center Limited şirkətinin elan etdiyi tenderin qalibi olmuş və buna görə də Şəxs MMC ilə TP OTC Limited arasında xidmət müqaviləsi imzalanmış, həmin xidmət müqaviləsinə görə Şəxs MMC müştəri TP OTC Limited Şirkətini mal və xidmətlərlə təchiz etməyi öhdəsinə götürmüş, xarici vəsait hesabına alınan mallara dair xidmətlər göstərmiş, bunun müqavilində 16.10.2019-cu il tarixində TP OTC Limited Şirkətləri tərəfindən cəmiyyətin hesabına 136 500.00 (yüz otuz altı min beş yüz) ABŞ dolları məbləğində pul vəsaiti köçürülmüşdür. Beləliklə, məhkəmə, işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, inzibati xəta hadisəsi olmadığından Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar