Məhkəmə qərarları › İş №3(011)-4006/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4006/2021

27.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4006/2021 27.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin sahə inspektoru Vüqar Qayıbovun iştirakları ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs oğurluq və narkotik vasitələrin istehlakında şübhəli şəxs kimi 27 oktyabr 2021-ci il tarixdə saat 00:30 radələrində, ünvan 2 ünvandan Bakı şəhəri Xətai RPİ 36-cı Polis Bölməsinə dəvət olunmuş, daha sonra o, Respublika Narkoloji Mərkəzində müayinədən keçirilmiş və məlum olmuşdur ki, Şəxs narkotik vasitədən istifadə edir və sidiyində OPİ (heroin, tiryək) +, MET + aşkar olunmuşdur. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin sahə inspektoru Vüqar Qayıbov tərəfindən 27 oktyabr 2021-ci il tarixində Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında MN seriyalı ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin sahə inspektoru Vüqar Qayıbov izahat verərək bildirmişdir ki, Şəxs yaşadığı evdən xırda oğurluqlar etdiyinə görə eləcə də narkotik vasitələr istifadə etdiyinə görə polis bölməsinə gətirilmiş, daha sonra o narkoloji müayinədən keçirilmişdir. Müayinə nəticəsində narkotik vasitə istifadə etməsi müəyyən edilmişdir. Şəxs anasının dəfələrlə polis bölməsinə müraciət edərək evdə olan əşyaları satdığını qeyd etmişdir. Daha sonra Şəxs əvvəllər oğurluğa görə məhkum olunduğunu qeyd edərək onun barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan dilli məktəbdə təhsil aldığını, azərbaycan dilində sərbəst danışa, yazıb oxuya bildiyini qeyd etmişdir. Daha sonra özünü təqsirli bilərək izahatında göstərmişdir ki, kirayə yaşadığı evin kombi istilik sistemini və radiatorları söküb sataraq həmin pula narkotik vasitə alıb istifadə etmişdir. Əvvəllər oğurluğa görə məhkum olunmuşdur. Bundan sonra polis əməkdaşları onu bölməyə dəvət etmişlər. Davamlı narkotik vasitələrdən istifadə etdiyini, özü ilə bacarmadığını qeyd etmişdir. Əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində aşağı həddə həbs tənbeh tədbirinin tətbiq olunmasını, həbsdən çıxdıqdan sonra isə narkoloji dispanserdə müalicə alacağını qeyd etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə iclasında verdiyi səmimi etirafı ilə bağlı olan izahatını və inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli olması tam sübuta yetirilir. İş materiallarında olan 27.10.2021-ci il tarixli 3733 saylı narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında aktdan görünür ki, Şəxs sidiyində narkotik vasitə olan OPİ (heroin, tiryək) +, MET + aşkar olunmuşdur. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 27 oktyabr 2021-ci il tarixdə saat 00:42 radələrində inzibati qaydada tutulmuşdur. Beləliklə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, barəsində tətbiq ediləcək inzibati tənbeh tədbirinin növünü müəyyən edərkən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyası həddində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. İnzibati həbs tənbeh tədbirinin əvvəli Şəxs inzibati qaydada tutulduğu 27 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 02 (iki) ay müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 26 oktyabr 2021-ci il tarixindən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət və ya protest verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar