Məhkəmə qərarları › İş №3(011)-4008/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4008/2023

05.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4008/2023 05.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X3, tələbkar X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Cəbrayıl rayonu, Qaracallı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Cəbrayıl rayonu, Qaracallı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş 05 oktyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-3305/2021 saylı icra sənədinə əsasən Şəxs borcunu tam olaraq ödəməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Hal-hazırda onun ödənilməmiş 5100 manat borcu vardır. Beləliklə göstərilənlərə əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X7 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, icra sənədi üzrə icraata başlanılmış, icra sənədinin icrası ilə əlaqədar borclunun ünvanına müvafiq qərar və bildiriş göndərilmiş, borclunun izahatı alınmışdır. Lakin, borclu maddi vəziyyəti aşağı olduğundan icra sənədinin icrasını tam təmin edə bilmədiyini bildirmişdir. Odur ki, borclu Şəxs barəsində İXM-nin 528.1-1-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilmişdir və hal-hazırda ödənilməli olan borc məbləği 5100 manat təşkil edir. Beləliklə, göstərilənlərə əsasən o, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)- 3305/2021 saylı icra sənədinə əsasən ondan hər ay üç uşağa görə ümumilikdə 300 manat məbləğində alimentin tutularaq tələbkar X6 xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədi üzrə olan borcunu ödəməkdən imtina etmir, lakin maddi imkanı zəif olduğundan əmlakı və işi olmadığından aliment borcunu tam olaraq bağlaya bilməmişdir. Həmçinin o, hər ay aliment borcunu vaxtı-vaxtında ödəməyə hazırdır. Hal-hazırda iş tapmışdır, sabahdan işə başlayacaqdır. Tələbkarla da razılaşmışdır. Odur ki, o, qeyd olunanların nəzərə alınaraq barəsində aparılan inzibati işin icraatına xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X8 ərizə təqdim edərək bildirmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-3305/2021 saylı icra sənədi üzrə borclu Şəxs ona 5100 manat məbləğində ödənilməyən aliment borcu olduğu icra məmuru tərəfindən barəsində İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Borclu Alim Şəxsent borcunu hər ay vaxtı-vaxtında ödəyəcəyinə söz verdiyi üçün onun barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-3305/2021 saylı icra sənədindən görünür ki, 15 mart 2021-ci il tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X4, xx.xx.2017-ci il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin Şəxs tutularaq X5 ödənilməsi qət edilmişdir; icraata başlama haqqında 09 avqust 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-3305/2021 saylı icra sənədi əsasında iş üzrə icraat başlanılmış, icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmiş və sonuncu tərəfindən imza edilməklə qəbul edilmişdir; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(011)-1888/2023 saylı qərarından görünür ki, borclu Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 15 gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(011)-435/2023 saylı qərardadından görünür ki, borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Həmçinin icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsində təsbit edilmiş ədalətlilik prinsipinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsində təsbit edilən ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. İnzibati xəta haqqında protokolu, icra məmurunun, tələbkarın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Qanunun müddəasına görə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olur. Borclunun isə icra sənədi üzrə olan borcunu ödəməkdən yayınması hazırki iş üzrə istisna olunur. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Şəxs maddi imkanı aşağı olduğundan, hər hansı bir əmlakı və işi olmadığından icra vərəqəsi üzrə aliment borcunu hazırkıı mərhələdə ödəyə bilməmişdir. Lakin sabahdan işə başlayacaqdır və tələbkarla ödənişlə bağlı razılaşmışdır. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında borclu Şəxs və tələbkar X8 qarşılıqlı razılığa gələrək alimet borcunun hər ay hissə-hissə ödənilməsinə razılaşmışlar, həmçinin tələbkar məhkəməyə ərizə təqdim edərək inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati icraat aparılan şəxsə istinad olunan maddənin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan, həmçinin tələbkar məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etdiyindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar