Məhkəmə qərarları › İş №3(011)-4010/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4010/2025

24.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4010/2025 24.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, X3 iştirakı ilə, X1 DİN BDYPİ-nin EQ 26683609 saylı protokol əsasında qəbul etdiyi xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ : X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində qəbul edilmiş EQ 26683609 saylı xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, şikayətçi xx.xx.2025-ci il tarixdə istifadə etdiyi Kia Cerato” minik markalı **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 1 ünvanında avtomobilini saxladığı üçün yol polisi əməkdaşı tərəfindən EQ 26683609 saylı protokol əsasında ona qarşı dayanma durma qaydasının pozulmasına dair cərimə tətbiq edilmişdir. Halbuki, həmin ərazidə 3.27 nişanı 1.4 nişanlama xətti ilə birlikdə quraşdırılıb. Yol hərəkəti haqqında Qanunun 64-cü maddəsinin 8-ci bəndinin 3-cü hissəsində yazılıb: 3.27—3.30 nişanları üçün — onların qüvvədə olduğu sahənin qurtaracağında 3.27—3.30 nişanlarını 7.2.3 lövhəciyi ilə təkrarən qoymaqla və ya 7.2.2 lövhəciyi tətbiq etməklə, 3.27 nişanı 1.4 nişanlama xətti ilə birlikdə; 3.28 nişanı isə 1.10 nişanlama xətti ilə birlikdə tətbiq edilə bilər: bu zaman nişanların qüvvədə olduğu sahə nişanlama xəttinin uzunluğu ilə müəyyənləşdirilir. Şikayətçi istifadə etdiyi minik avtomobilini 3.27 nişanının təsir dairəsindən sonra saxlamışdır. Tətbiq olunan cəriməni əsassız hesab edir və bu qərarın ləğv edilməsini xahiş edir. Bu barədə o, Xətai RPİ YPX şöbəsində olmuş, ona bu barədə kömək edə bilmədiklərini bildirmişlər. O, cərimə barədə elektron və yazılı qaydada şikayət etmişdir. Onu Xətai RPİ YPX şöbəsində Elvin adlı şəxs qəbul etmişdir. Məhkəmə iclasında şikayətçi izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək, şikayətçinin izahatını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: DİN Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sisteminə ötürülmüş məlumat əsasında EQ 26683609 saylı protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə X3 xx.xx.2025-ci il tarixdə, saat 07:33-də “Kia Cerato” minik markalı **-XO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən dayanma qaydalarını pozması əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən 20 manat məbləğində cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 122.1-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. 122.2-ci maddəsinə əsasən, inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində tərtib edilir. 124.6-ci maddəsinə əsasən, bu Məcəllənin 346.1, 346.2, 346-1.2, 346-1.3-cü və 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. 346.1-ci maddəsinə əsasən, bu Məcəllənin 346.2–346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma və ya durma qaydalarını pozmağa görə - iyirmi manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normaların tələblərindən göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 iştirakı ilə şikayət ərizəsində göstərilən dəlillər hərtərəfli, tam və obyektiv surətdə araşdırılmalı, şikayətin dəlillərinin əsaslı və ya əsassız olmasına qiymət verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 126.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.6-cı maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beynəlxalq hüquq normalarının milli-hüquqi implementasiyası beynəlxalq hüququn tələblərinin milli hüquq normalarının köməyilə dövlətin ərazisində həyata keçirilməsi prosesidir. Azərbaycan Respublikası 1968-ci il tarixli «Vyana Konvensiyası»na qoşularaq ratifikasiya etdiyindən həmin konvensiya daxili qanunvericiliyin bir hissəsi hesab olunur ki, bu isə öz növbəsində beynəlxalq hüquq üçün zəruri hüquqi göstərişlər yaratmaq və hüquqi kolliziyanı aradan qaldırmaq məqsədi ilə daxili qanunvericilik aktlarının beynəlxalq qanunvericiliyin prinsip və normalarına uyğunlaşdırılmasını tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərtib olunmuş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarda X3 xx.xx.2025-ci il tarixdə, saat 07:33-də “Kia Cerato” minik markalı **-XO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən dayanma qaydalarını pozması əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən 20 manat məbləğində cərimə tətbiq edilmişdir. Məhkəmə iclasında şikayətçi tərəfindən təqdim edilmiş videogörüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, şikayətçinin avtomobilinin saxlandığı və cərimə yazılmasına əsas olmuş yerdə hər hansı yol nişanı və ya xətləmə mövcud deyildir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, tərtib olunmuş EQ 26683609 saylı protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X4 tərəfindən qeyd edilmiş halların yenidən araşdırılmasına zərurət yarandığından şikayət qismən təmin edilməli, DİN BDYPİ tərəfindən EQ 26683609 saylı protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti qismən təmin edilsin. DİN BDYPİ tərəfindən EQ 26683609 saylı protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və şəxsin iştirakının təmin edilərək müvafiq araşdırma aparılması üçün iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar