Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4012/2025 20.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, Şikayətçi X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Mərkəzi Bankının 17 iyul 2024-cü il tarixli, EP seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1476 ABŞ dolları 80 sent məbləğində inzibati cərimə tətbiq edilməsinə dair 17 iyul 2024-cü il tarixli, EP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının 17 iyul 2024-cü il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi göstərilərək inzibati xətanın obyekti olmuş 14768 ABŞ dolları məbləğində pul vəsaitinin 10 faiz miqdarında, yəni 1476 ABŞ dolları 80 sent (min dört yüz yetmiş altı dollar səksən sent) məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. O, Azərbaycan Respublikasının Mərkəzi Bankının 17 iyul 2024-cü il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarını əsassız hesab edir. Göstərilənləri aşağıdakılar ilə əsaslandırır. İlkin olaraq bildirməlidir ki, fiziki şəxs olaraq fərdi sahibkar qismində Vergidə qeydiyyatda olsa da onun adından bağlanmış bütün müqavilələr müqavilə əsasında xarici şirkətlərlə edilmiş köçürmələr həyat yoldaşı X7 tərəfindən icra edilmişdir. Adına qeydiyyata alınmış ***-***-**-** saylı Asan İmza və fərdi sahibkar olaraq adına qeydiyyatdan keçmiş möhür hər zaman həyat yoldaşı Qarayev Rafiqdə olmuş və bütün müqavilələr müqavilə üzrə razılaşmalar onun tərəfindən bağlanmış müqavilə üzrə ödənişlər onun tərəfindən həyata keçirilmişdir. Hazırda həyat yoldaşı X7 barəsində Bakı şəhəri Yasamal RPİ-nin İstintaq Şöbəsində Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə cinayət işinin istintaqı aparılır və X7 həmin maddə ilə təsdiqləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin müvafiq qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həyat yoldaşı həbs olunduqdan sonra bir neçə dəfə rəsmi qaydada müraciət edərək müqavilə şərtlərinin icra edilməsini tələb etsə də həmin şirkət öhdəliyinin icrasından yayınaraq müqavilə predmetini təşkil edən elektrik avadanlıqlarını göndərməmişdir. Son dəfə 2024-cü ilin mart ayında rəsmi qaydada poçt vasitəsilə satıcıya müraciət edərək müqavilə şərtlərini icra etmələrini və ya ödənilən 14768 ABŞ Dolları pul vəsaitinin geri qaytarılmasını tələb etmişlər. Yalnız şirkətin şifahi bildirdiyi məlumata əsasən sifariş edilən məhsulların istehsalı müvəqqəti olaraq dayandırıldığı üçün müqavilə şərtlərini icra edə bilməmişlər. Həmçinin müqavilənin 14.1-ci maddəsinin tələbinə əsasən müqavilə üzrə son icra müddəti 31 dekabr 2025-ci il tarix olduğuna görə həmin tarixə qədər elektrik avadanlıqlarını göndərəcəklərini bildirmişlər. İnzibati xəta haqqında protokol tərtib edilərkən iştirakı təmin edilmədiyi üçün eləcə də hüquq və vəzifələri izah olunmadığı üçün bütün bu təsdiq edən sübutları inzibati orqan olan Mərkəzi Banka təqdim edə bilməmişdir. İnzibati orqan isə inzibati xəta haqqında iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmadan qanunsuz qərar çıxarmışdır. Eləcə də qeyd etmək istəyir ki, Mərkəzi Bank tərəfindən cərimə olunduğu 1476.8 ABŞ dolları məbləğində pul vəsaitini ödəmək qabiliyyətində deyil. Çünki ailədə yoldaşı yeganə qazanc gətirən şəxs olmuşdur. Özü heç yanda işləmir. Himayəsində iki azyaşlı uşağı var və çox çətinliklə dolanırlar. İnzibati orqan tərəfindən yazılmış protokol düzgün tərtib edilməmiş, həmçinin təqsirinin olub-olmadığı araşdırılmamışdır. Məhkəmə iclasında iştirak edən şikayətçi X2 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və şikayət ərizəsinin təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq o, bildirmişdir ki, fiziki şəxs olaraq fərdi sahibkar qismində Vergidə qeydiyyatda olsa da onun adınnan bağlanmış bütün müqavilələr, müqavilə əsasında xarici şirkətlərlə edilmiş köçürmələr həyat yoldaşı X7 tərəfindən icra edilmişdir. Hal-hazırda həyat yoldaşı X4 barəsində Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə cinayət işi başlanmış və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həmin iş üzrə o, sırf xaricə əri tərəfindən onun adından göndərilmiş pul məbləğləri ilə bağlı zərərçəkmiş şəxs qismində tanınmışdır. İnzibati xəta haqqında protokol tərtib edilərkən iştirakı təmin edilmədiyi üçün eləcə də hüquq və vəzifələri izah olunmadığı üçün sübutlarını inzibati orqan olan Mərkəzi Banka təqdim edə bilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Mərkəzi Bankının Hüquq və təşkilati işlər departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin böyük mütəxəssisi X5 tərəfindən tərtib olunmuş 03 iyul 2024-cü il tarixli, EP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X1 14768 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2022-ci il tarixdə xaricə köçürməsi və 02 il müddət keçsə də, 1476.8 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidmətləri) ölkəyə idxal etməməsi, valyuta vəsaitini geri qaytarmaması əsas gətirilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru X3 tərəfindən tərtib olunmuş 17 iyul 2024-cü il tarixli, EP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X1 14768.00 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2022-ci il tarixdə xaricə köçürməsi və 02 il müddət keçsə də, 14768.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidmətləri) ölkəyə idxal etməməsi, valyuta vəsaitini geri qaytarmaması əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən inzibati xətanın bilavasitə obyekti olmuş 14768.00 ABŞ dolları valyuta vəsaiti məbləğinin 10 faizi miqdarında, yəni 1476.8 ABŞ Dolları məbləğində cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi barədə 25 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Yasamal RPİ-nin İŞ-də toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaq aparılması üçün aidiyyəti üzrə Yasamal RPİ-nin İŞ-nə göndərilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 26 fevral 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X7 təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə ittiham elan edilmişdir. Zərərçəkmiş şəxs qismində tanınmaq haqqında 16 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X2 zərərçəkmiş şəxs qismində tanınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(004)-176/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, X4 barəsində istintaq müddətinin sonunadək, yəni 25 may 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 03 iyul 2024-cü il tarixli, EP seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 17 iyul 2024cü il tarixli, EP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarda X1 14768.00 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2022-ci il tarixdə xaricə köçürməsi və 02 il müddət keçsə də, 14768.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidmətləri) ölkəyə idxal etməməsi, valyuta vəsaitini geri qaytarmaması əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən inzibati xətanın bilavasitə obyekti olmuş 14768.00 ABŞ dolları valyuta vəsaiti məbləğinin 10 faizi miqdarında, yəni 1476.8 ABŞ Dolları məbləğində cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə iclasında verdiyi izahatında X2 bildirmişdir ki, fiziki şəxs olaraq fərdi sahibkar qismində Vergidə qeydiyyatda olsa da onun adınnan bağlanmış bütün müqavilələr, müqavilə əsasında xarici şirkətlərlə edilmiş köçürmələr həyat yoldaşı X7 tərəfindən icra edilmişdir. Hal-hazırda həyat yoldaşı X4 barəsində Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə cinayət işi başlanmış və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həmin iş üzrə o, özü zərərçəkmiş şəxs qismində cəlb edilmişdir. İnzibati xəta haqqında protokol tərtib edilərkən iştirakı təmin edilmədiyi üçün eləcə də hüquq və vəzifələri izah olunmadığı üçün sübutlarını inzibati orqan olan Mərkəzi Banka təqdim edə bilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan şikayət əsaslıdır. Şikayət ərizəsinə əlavə olunmuş sənədlərdən məlum olduğu kimi 25 yanvar 2024-cü il tarixdə Yasamal RPİ-nin İŞ-də toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış, 16 sentyabr 2024-cü il tarixdə o, zərərçəkmiş şəxs qismində cəlb edilmiş, 26 fevral 2024-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə X7 təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə ittiham elan edilmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(004)-176/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmişdir. Lakin səlahiyyətli orqan tərəfindən barəsində inzibati iş üzrə icraat aparılan X1 inzibati icraat zamanı iştirakı təmin edilmədən, izahatı alınmadan və xaricə pul köçürmə əməliyyatlarının onun və ya həyat yoldaşı, hal-hazırda barəsində Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə cinayət işi olan X7 tərəfindən həyata keçirilməsi müəyyən edilmədən barəsində əsassız olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərın işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Beləliklə, məhkəmə iş materiallarını və şikayətçinin izahatını araşdıraraq hesab edir ki, X1 şikayəti təmin edilməli, Azərbaycan Respublikası Mərkəzi Bankının 17 iyul 2024-cü il tarixli, EP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata şəxsin təqsirliliyi sübuta yetmədiyindən xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 03 iyul 2024-cü il tarixli, EP seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 17 iyul 2024cü il tarixli, EP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və şəxsin təqsirliliyi sübuta yetmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-4012/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4012/2025
20.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver