Məhkəmə qərarları › İş №3(011)-4028/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4028/2021

28.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4028/2021 28.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M : Şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarında narkotik vasitə əldə edib istehlak etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsilə inzibati xəta törətdiyinə görə barəsində Xətai RPİ 34-cü Polis Şöbəsinin sahə rəisi Rauf Ağayev tərəfindən 28.10.2021-ci il tarixli MN seriyalı 0975200/1084 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarından məlum olur ki, 27 oktyabr 2021-ci il tarixdə Xətai rayonu Babək prospekti 11 ünvanında narkotik vasitənin istifadəsində şübhəli bilinən Şəxs Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət edilmişdir. Daha sonra o, Respublika Narkoloji Mərkəzində müayinədən keçmiş, məlum olmuşdur ki, Şəxs narkotik vasitədən istifadə edir və sidiyində narkotik vasitə OPİ (heroin, tiryək), AMP, MET aşkar olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 2 ildir ki, narkotik və psixotrop maddələr istifadə edir. Səmimi etirafını, himayəsində azyaşlı uşağının olması, törətdiyi əməldən peşman olduğunu qeyd edərək ona həbslə əlaqədar olmayan yüngül tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan 28.10.2021-ci il tarixli 3753 saylı narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinə keçirilməsi haqqında protokoldan görünür ki, Şəxs sidiyində OPİ (heroin, tiryək), AMP, MET aşkar olunmuşdur. İş materiallarında olan tutma haqqında protokoldan görünür ki, Şəxs 27 oktyabr 2021-ci il tarixdə inzibati qaydada tutulmuşdur. İş materiallarında olan elektron sistemdən çıxarılmış “qohumluq haqqında” məlumatlarından görünür ki, Şəxs himayəsində azyaşlı 31.10.2016-cı il təvəllüdlü X1 vardır. Beləliklə, Şəxs şəxsi istehlak miqdarında narkotik vasitəni qanunsuz olaraq əldə edib istehlak etməsi özünün səmimi etirafı və iş materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi etirafını, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə - iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılığı və himayəsində azyaşlı uşağının olması müəyyən edilmişdir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edirəm ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş – cərimə inzibati tənbeh tədbiri tətbiq edilməsi onu tənbeh etmək üçün kifayət edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İM : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs dərhal həbsdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar