Məhkəmə qərarları › İş №3(011)-4029/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4029/2022

01.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4029/2022 01.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» Xətai RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Münasib Əliyevin xx.xx.2022-ci il tarixli qərarından və həmin qərara əsasən tərtib edilmiş xx.xx.2022-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 17 iyul 2022-ci il tarixdə saat təxminən 20:25 radələrində idarə etdiyi “Saipa minik” markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ilə Ukrayna dairəsi istiqamətində hərəkətdə olarkən yolu adi addımlarla sağdan sola keçən piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq hissəsi ilə vuraraq ona yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə təqdim edərək qeyd etmişdir ki, Şəxs ilə barışmamışdır, ona dəymiş ziyan ödənilməmişdir, ona qarşı şikayətçidir, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə və inzibati xəta haqqında protokolu tərtib etmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə hər hansı məlumat verməmişlər. Məhkəmə işə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai rayon DYPŞ-nin xx.xx.2022-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolundan məlum olur ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş protokol tərtib edilmişdir; Bakı şəhəri Xətai RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis polis mayoru Münasib Əliyevin xx.xx.2022-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarının surətindən məlum olur ki, Şəxs əməlində cinayət tərkibi olmadığından, barəsində cinayət işinin başlanması rədd edilmiş və onun İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün barəsində toplanmış materialların Bakı şəhəri Xətai RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” X2 17 avqust 2022-ci il tarixli 909 nömrəli ekspert rəyinin surətindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs alının sol yarısının qançırı, sağ diz və sol aşıq-baldır oynaqlarının yumşaq toxumalarının şişkinliyi halında əzilməsi, dərialtı hematoması, hərəkət məhdudluğu müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər, qərarda göstərilmiş xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı törənə bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Şəxs ilə barışmamışdır, ona dəymiş ziyan ödənilməmişdir, ona qarşı şikayətçidir, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Beləliklə, məhkəmə iş materiallarında olan ekspert rəyini, zərərçəkmiş şəxsin ərizəsini, Bakı şəhəri Xətai RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis polis mayoru Münasib Əliyevin xx.xx.2022-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 327.8ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş yuxarıda sadalanan sübutlarla və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və onun barəsində həmin maddənin sanksiyasının hədləri daxilində nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar