Məhkəmə qərarları › İş №3(011)-4035/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4035/2024

04.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4035/2024 04.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Abbaslı Türkan İsmayıl qızının katibliyi ilə, zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü PŞ-nin sahə inspektoru, polis mayoru X2 iştirakları ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmuş, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, L.Məmmədbəyova küçəsi ev 14 mənzil 46-da qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Bakı şəhər Xətai Rayon Polis İdarəsi 34-cü PŞ-dən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-dən 140 manat dəyərində olan «Wesgold»yağlarını oğurlayaraq talamış, bundan başqa, saxlanıldığı zaman onun xx.xx.2024-cü il tarixdə qanunsuz olaraq narkotik vasitə istehlakı etdiyi məlum olmuşdur. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü PŞ-nin sahə inspektoru, polis leytenantı X3 tərəfindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə xx.xx.2024-cü il tarixli, MN ******* və MN ******* nömrəli protokollar tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, o, 1 ildən çoxdur ki, narkotik vasitə istifadə edir. xx.xx.2024-cü il tarixdə saat 13:00 radələrində Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən "Bravo" marketə daxil olaraq 7 ədəd «Wesgold» yağı oğurlayıb ordan uzaqlaşmışdır. Hadisəylə bağlı barəsində şikayət olduğundan polis əməkdaşları tərəfindən polis şöbəsinə aparılmış, daha sonra sərxoşluğunu, narkotik maddələrdən istifadə etməsini müəyyən etmək üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə aparılmış və tibbi müayinədən keçirilən zaman sidiyində narkotik tərkibli maddə aşkar edilmişdir. Narkotik vasitəni bir gün əvvəl istehlak etmişdir. Zərərçəkmiş şəxslə barışıq əldə edə bilməmişdir, əməllərindən peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs "xxxx" MMC-in nümayəndəsi X1 izahatında göstərmişdir ki, Şəxs "Bravo" marketə daxil olaraq 7 ədəd «Wesgold» yağı oğurlamışdır. Ona dəymiş maddi ziyanın təxminən 140 manat olduğunu bildirmişdir. Hazırda Şəxs ilə barışmadığını, ona qarşı şikayətçi olduğunu bildirərək, barəsində inzibai xəta haqqında iş üzrə icraat aparılan şəxsə ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü PŞ-nin sahə inspektoru, polis leytenantı X3 protokolun məzmununa uyğun izahat verərək Şəxs AR İXM-nin 206 və 227-ci maddələri nəzərdə tutulmuş xətaları törətdiyinə görə barəsində müvafiq olaraq protokol tərtib olunduğunu, odur ki, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 13:00 radələrində Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən "Bravo" marketə daxil olaraq 7 ədəd «Wesgold» yağı oğurlayaraq talamış, bu səbəbdən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli, MN ******* protokoldan görünür ki, Şəxs qanunsuz olaraq narkotik vasitə istehlak etmiş, bu səbədən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir. narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixatrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayindən keçirilməsi haqqında 04 sentyabr 2024-cü il tarixli, 2322 nömrəli protokolundan görünür ki, Şəxs sidiyində MET (+), MOP(+) və THC(+) aşkar olunmuşdur. xx.xx.2024-cü il tarixli Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Ağasəf Şəhriyarov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işi başlanması rədd olunmuşdur. xx.xx.2024-cü il tarixli tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdən saat 15:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 227-cı maddəsinə əsasən Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi iş materialları əsasında sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələri ilə təqsirli bilinməli və həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri həbs tətbiq olunmalı, həbs etmənin əvvəli tutulduğu andan hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq daha ciddi xətaya görə - İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 01 (bir) ay müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 03 sentyabr 2024-cü il tarix saat 15:00-dan hesablansın. Qərarın icrası Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar