Məhkəmə qərarları › İş №3(011)-4039/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-4039/2025

18.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-4039/2025 18.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, X1 tərəfindən Nəsimi rayon X3 Şöbəsinin inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə verilmiş şikayəti nəzərdən keçirib, müəyyən etdi: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Nəsimi rayon X3 Şöbəsinin inzibati xəta haqqında İXP ******* saylı, xx.xx.2025-ci il tarixli protokolun ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, məhkəməyə təqdim edilmiş materiallar natamam olduğundan şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət və ya protest - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Göründüyü kimi qanunvericilik inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest vermək hüququnu müəyyən etmişdir. Hazırki iş üzrə şikayətçi inzibati tənbeh vermə haqqında qərarın deyil, tərtib edilmiş protokolun ləğvini tələb edir. Bu hal isə yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə uyğun deyil. Belə ki, göründüyü kimi qanunvericilik vəzifəli şəxs tərəfindən qəbul olunmuş qərarlardan şikayətlərə baxılması qaydasını nəzərdə tutmuşdur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, şikayət düzgün formada tərtib edilmədiyindən şikayət, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 may 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, göründüyü kimi, İnzibati Xətalar Məcəlləsinin qərardadlardan bəhs edən nə ümumi, nə də xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. Qanunvericinin belə yanaşması onunla izah olunur ki, qərardad məsələni mahiyyəti üzrə həll etmir, şəxsin hüquq və azadlıqlarını məhdudlaşdırmır, mübahisənin gələcəkdə davam etdirilməsini istisna etmir, o, yalnız işin ədalətli həll olunmasına xidmət edir. Eyni zamanda, qanunverici, “prosessual qənaət” prinsipini rəhbər tutaraq məhkəmə prosesinin lüzumsuz olaraq uzanmasının qarşısını almaq məqsədi ilə hər bir qərardad üzrə şikayətin verilməsini mümkünsüz hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Nəsimi rayon X3 Şöbəsinin inzibati xəta haqqında İXP ******* saylı, xx.xx.2025-ci il tarixli protokolunun ləğv edilməsi barədə X1 tərəfindən verilmiş şikayət və ona əlavə olunmuş sənədlər şikayətçiyə geri qaytarılsın. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar