Məhkəmə qərarları › İş №3(011)-4043/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4043/2022

02.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4043/2022 02.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə X1 Bakı şəhəri BPİ X7 İdarəsinin xx.xx.2022-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri BPİ X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Daxili İşlər Nazirliyi Eskort bölüyü YPX inspektoru, polis baş serjantı X2 25 sentyabr 2022 ci il tarixli, İXP ******* saylı protokol qəbul edərək onu guya İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibatı xəta törətdiyinə görə 60 manat məbləğində cərimə etmişdir. Qəbul edilmiş protokolla razı deyil, aşağıdakı səbəblərə görə barəsində qəbul edilmiş inzibati xəta haqqında protokol ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, 25 sentyabr 2022 cı il tarixdə, saat 18:23 radələrində idarə etdiyi "Mercedes E240" minik markalı. 90-MD 329 dövlət qeydiyyat nişanlı avtomobillə "Azneft" dairəsində hərəkətdə olarkən, həmin vaxt nəqliyyat vasitələrinin sıxlığı və intensiv hərəkəti olduğu vaxta təsadüf etdiyindən o, dairəyə yaxınlaşaraq qəza şəraiti və digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratmadan dairəyə daxil olmuşdur. Lakin bu vaxt yol polisi əməkdaşı, polis baş serjantı X2 ona yaxınlaşaraq yolayrıcını keçmə qaydalarını pozduğunu bildirdi və barəsində inzibati xəta haqqında protokol tərtib etdi. Həmin vaxt o, nəqliyyat vasitəsinin hərəkətini davam etdirməsəydi yolda qəza şəraiti yarana bilərdi. Bundan əlavə qeyd etmişdir ki, protokol tərtib olunarkən inzibati xətalar qanunvericiliyi kobud şəkildə pozulmuşdur. Belə ki, barəsində tərtib edilmiş 25 sentyabr 2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokola İXM-nin 100-cü və 101-ci maddəsinin tələbləri pozulmaqla inzibati xəta törətmiş fiziki şəxs kimi konkret törətdiyi inzibati pozunutunun nədən ibarət olması (o cümlədən inzibati xətanın törədildiyi yer vaxt və bu xətanın mahiyyəti, xətanın aşkar edilməsi zamanı mütəxəssis rəyindən və xüsusi texniki vasitələrdən istifadə edilib-edilməməsi, protokol tərtib edilərkən iştirak edib-etməməyi, hüquq və vəzifələrinin izah edilməsi və sair bir çox halları) müəyyən edilməmişdir. Bildirmişdir ki, özü də məhkəmənin əməkdaşıdır və qanunlardan kifayət qədər xəbərdardır. Və hətta bu barədə yol polisi əməkdaşını da xəbər etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 100-cü maddəsinin tələbindən aydın olur ki, həmin Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Göründüyü kimi qanunverıcliyin tələbləri YPX inspektoru, polis baş serjantı X2 tərəfindən kobud şəkildə pozulmuşdur. Yuxarıda da qeyd etdiyi kimi əgər o, həmin vaxt idarə etdiyi nəqliyyat vasitəsinin hərəkətini davam etdirməsə idi yolda hərəkət təhlükəsizliyi təhlükə altına düşə bilərdi. Bu o deməkdir ki, onun hərəkəti qanuni və əsaslı olmuşdur. Bakı şəhəri DYPİ Müşayiət-Eskort bölüyü YPX inspektoru, polis baş serjantı X2 tərəfindən qəbul edilmiş 05 oktyabr 2022-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarı ləğv edərək əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Bakı şəhəri BPİ X7 İdarəsinin səlahiyyətli nümayəndəsi və X4 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Bakı şəhəri BPİ X7 İdarəsinin nümayəndəsinin və X1 iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X1 “Mercedes E240” markalı **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2022-ci il tarixdə saat 18:23-də Azneft dairəsində hərəkətdə olan zaman İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 yolayrıcını keçmə qaydalarını pozaraq İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 60 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1 - c i maddəsinin 11. bəndinə əsasən yolayrıcı — yolların bir səviyyədə hər hansı kəsişməsi, birləşməsi və ya şaxələnməsi, o cümlədən bunların əmələ gətirdiyi ərazidir. Həmin Qanunun 42-ci maddəsinin XV bəndinə əsasən yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməmişdirsə, dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan sürücü dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Məhkəmə hesab edir ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, protokolda sübutlara istinad edilməmiş, X3 Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməmiş və bu barədə protokolda müvafiq qeyd aparılmamışdır. X4 barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar da heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X1 həmin qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, dairəyə daxil olarkən dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verib-verməməsi, digər hərəkət iştirakçıları üçün təhlükə yaradıb-yaratmaması araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. X1 törətdiyi xətanın hansı sübutla müəyyən edildiyi göstərilməmişdir. Göründüyü kimi, inzibati xəta haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən, araşdırma aparmadan qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayəti qismən təmin edilməli, Bakı şəhəri BPİ X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri BPİ X7 İdarəsinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARAALDİM: X1 şikayəti qismən təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsilə inzibati xəta törətməsinə dair Bakı şəhəri BPİ X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri BPİ X7 İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar