Məhkəmə qərarları › İş №3(011)-4060/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4060/2024

17.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4060/2024 17.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakimi Sadıxov Rəfail Adil oğlu, Məhkəmə iclasının katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – X4 Bakı Filialının etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, X4 Bakı Filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş İXP seriyalı ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, hüquqi şəxs X4 Bakı Filialı Bakı şəhəri Xətai Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin sorğusuna əsasən mülkiyyətində olan «TOYOTA COROLLA» minik markalı, H029867 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı sorğu daxil olduğu vaxtdan 5 gün müddətində verməmiş, bununla barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X4 Bakı Filialının nümayəndəsi Nümayəndə izahat verərək göstərdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə "X4" Bakı filialı barəsində inzibati xəta haqqında İXP ******* nömrəli 07 may 2024-cü il tarixli protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş İXP ******* nömrəli protokoldan görünürki, Xətai RPİ DYPŞ-nin inzibati təcrübə üzrə inspektoru polis leytenantı X1 tərəfindən güya "X4" Bakı filialı İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi səbəbindən tərtib olunmuşdur. Protokolda "Hüquqi şəxsə məlumat verildi İ. Bayramov" qeydi yazılsada əslində qeyd olunan protokol barəsində "X4" Bakı filialına heç bir məlumat verilməmişdir. Protokol barəsində məlumat yalnız Xətai rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli bildirişi daxil olduqdan sonra məlumatları olmuşdur. İş materiallarına əlavə edilmiş üzərində "Bakı şəhər Xətai RPİ DYP Şöbəsi" ştampı olan məlumatdan görünür ki, "X4" Bakı filialından xx.xx.2024-cü il tarixində, saat 15:29-da onlara məxsus olan X3 markalı H029867 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ünvan 1 ünvanında dayanma qaydalarını pozmağa görə xüsusi texniki vasitələr ilə aşkar edilmiş inzibati xəta təşkil edən pozunutunun baş verməsi zamanı nəqliyyat vasitəsini idarə edən şəxs barəsində məlumatları təqdim edilməsi tələb olunmuşdur. İş materiallarına əlavə edilən poçt göndərişinin verilməsi haqqında "SX010882557 AZ" nömrəli xəbarnamədən görünür ki, "X4" Bakı filialına göndərilən poct göndərişini "18 fevral 2024-cü il tarixində İbrahimov Şirin adlı şəxs" tərəfindən qəbul edilmişdir. Bu hissədə qeyd edir ki, "X4" Bakı filialında fəaliyyət göstərdiyi müddətdə "İbrahimov Şirin" adlı şəxs işləməmişdir. Belə bir əməkdaşları olmamışdır. Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və məşqulluq alt sistemindən banklarının əməkdaşları barəsində məlumat təqidim edilir. xx.xx.2024-cü il tarixində, saat 15:29-da onlara məxsus olan X3 markalı H029867 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ünvan 1 ünvanında dayanma qaydalarını pozmağa görə xüsusi texniki vasitələr ilə aşkar edilmiş inzibati xəta təşkil edən pozunutunun baş verməsi zamanı nəqliyyat vasitəsini idarə edən şəxs barəsində məlumatları təqdim edilməsi barədə Bakı şəhər Xətai RPİ DYP Şöbəsinin sorğusu Banka təqdim edilməmişdir. Bundan başqa poçt göndərişinin verilməsi haqqında "SX010882557AZ" nömrəli Xəbərnamə "Azərpoçt"un rəsmi saytında poçt göndərişlərinin izlənməsi bölməsində axtarış zamanı "SX010882557AZ" nömrəli poçt göndərişi barəsində məlumatın olmadığı qeyd olunur. Bundan başqa Bankın Bakı şəhər Xətai RPİ DYP Şöbəsində barələrində İXM-nin 347-ci maddəsi ilə inzibati icraat aparılanda dəvət olunmadıqlarına görə sorğunun daxil olmaması və "İbrahimov Şirin" adında əməkdaşlarının olmaması məlumatını təqdim etmək imkanından məhrum olmuşdur. İnzibati xəta təşkil edən pozunutunun baş verməsi zamanı nəqliyyat vasitəsini idarə edən şəxs barəsində məlumatların təqdim edilməsi barədə Bakı şəhər Xətai RPİ DYP Şöbəsinin sorğusunun Banka təqdim olunmaması halında barələrində İXM-nin 347-ci maddəsi ilə protokol tərtib edilməsi və ona baxılması üçün məhkəməyə göndərilməsi əsassız və qanunsuzdur. Qeyd edilənlərə əsasən X4 Bakı Filialı barəsində aparılan inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Xətai Rayon Polis İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xəbərnamədən görünür ki, Bakı şəhəri Xətai Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin sorğusu 19 fevral 2024-cü il tarixdə X4 Bakı Filialına göndərilmiş, sorğu İbrahimov Şirin tərəfindən qəbul edilərək imzalanmışdır. Xətai Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin sorğusundan görünür ki, X4 Bakı Filialının mülkiyyətində olan «TOYOTA COROLLA» minik markalı, H029867 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2024-cü il tarixdə saat 15:29-da idarə etmiş fiziki şəxs haqqında sorğunun rəsmi qaydada alındığı vaxtdan 5 gün müddətində məlumat verilməsi bildirilmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, aşağıdakı əsaslara görə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Məhkəmə, iş materiallarında olan poçt xəbərnaməsinə dair qeyd edir ki, İXM-in 57-ci maddəsinə əsasən hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. Lakin, iş materiallarında olan poçt xəbərnaməsində isə İXM-in göstərilən tələblərinə riayət edilməmişdir. Həmçinin, iş materiallarında olan poçt xəbərnaməsinin, X4 Bakı Filialına təqdim edilməsi təsdiq olunmur. Belə olan halda, məhkəmə İXM-in 8-ci maddəsində nəzərdə tutulan “Təqsirsizlik prezumpsiyası prinsipi”ni rəhbər tutur. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Bakı şəhər Xətai Rayon Polis İdarəsinin X4 Bakı Filialına ünvanladığı sorğudan görünür ki, X4 Bakı Filialının balansında olan «TOYOTA COROLLA» minik markalı, H029867 dövlət qeyddiyat nişanlı nəqliyyat vasitəsinin törətdiyi qayda pozuntusu barədə məlumat verilməsi ilə bağlı olan sorğu icra olunması üçün həmin X4 Bakı Filialının ünvanına göndərilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. 57.3-cü maddəsinə əsasən sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. 57.4-cü maddəsinə əsasən sənədi çatdırmalı olan rabitə orqanı, yaxud sənədin çatdırılması tapşırılmış şəxs bu işi sənədi aldığı tarixdən sonrakı gündən gec olmayaraq yerinə yetirməli və sənədi çatdırdığı barədə bir gün müddətində müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verməlidir. 57.5-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə sənəd aşağıdakı hallarda rəsmi qaydada verilmiş hesab edilir: 57.5.1-ci maddəsinə əsasən bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan; 57.5.2.1-ci maddəsinə əsasən ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan; 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Məhkəmə hesab edir ki, iş materiallarına əlavə edilmiş xəbərnamədən görünür ki, həmin xəbərnamə İbrahimov Şirin tərəfindən qəbul edilmiş və imzalanmışdır, lakin X4 Bakı Filialının nümayəndəsinin izahatından görünür ki, İbrahimov Şirin şirkətin əməkdaşı deyil. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDIM: X4 Bakı Filialının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar