Məhkəmə qərarları › İş №3(011)-4095/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4095/2022

31.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4095/2022 31.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, X1 iştirakı ilə, X2 Bakı şəhər X8 İdarəsinin 04 oktyabr 2022-ci il tarixli TP seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər X8 İdarəsinin YPX inspektoru, kiçik polis serjantı X5 tərəfindən barəsində qəbul edilmiş 04 oktyabr 2022-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X3 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə Nizami rayonu, Ş.Mirzəyev küçəsi ilə avtomaşınla hərəkətdə olan zaman polis kiçik serjantı X5 avtomaşını saxlamağı tələb edərək avtomaşınının ön şüşəsinin tünd olduğunu bildirərək protokol və akt tərtib etmədən avtomaşını Xəmsə restoranının yanındaki duracağa yerləşdirmişdir. Daha sonra həmin polis kiçik serjantı onu Bakı şəhər DYPİ-nə 13-cü otağa Seyidov Seyid adlı şəxsin yanına getməyini bildirmişdir. O da öz növbəsində dərhal Seyidov Seyidin yanına Bakı şəhər DYPİ-nin 13-cü otağına getmişdir. Mülki şəxs Seyidov Seyid ondan 140 manat pul alıb avtomaşını duracaqdan çıxarmaq üçün buraxlış vermişdir. Həmin buraxılışa əsasən avtomaşınını duracaqdan çıxarmışdır. Sabahısı gün xx.xx.2022ci il tarixdə Seyidov Seyidin qəbuluna gedərək 140 manat pulunu geri almışdır. Seyidov Seyid adlı mülki şəxs ona keçmiş tarixnən xx.xx.2022-ci il tarixli protokol vermiş və bildirmişdir ki, 140 manatı cərimə olaraq ödəsin. Beləliklə qüvvədə olan mövcud Azərbaycan Respublikasının İXM-nin tələbləri pozularaq inzibati hadisənin aşkar edildiyi gündən bir gün sonra protokol tərtib olunmuşdur. Eyni zamanda polis kiçik serjantı X5 qüvvədə olan mövcud qanunvericiliyin tələblərini kobud surətdə pozaraq istifadəsində olan nəqliyyat vasitəsini protokol tərtib etmədən qanunsuz olaraq duracağa yerləşdirib, daha sonra duracaqdan avtomaşınını çıxartmağa icazə verib qanundan kənar Seyidov Seyidlə əlbir olub 140 manat pulunu mənimsəmək istəmişlər. Bütün bunlarla yanaşı polis serjantı X5 avtomaşını texniki müayinədən keçirmədən (diaqnostika) etmədən ön şüşənin tünd olmasını sübuta yetirmədən protokol tərtib etmədən, zəhmətsiz gəlir etmək məqsədi ilə Seyidov Seyidlə əlbir olub bu qanunsuz əməli etmişlər. Bütün baş verənlərlə bağlı Azərbaycan Respublikasının Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazova və Bakı şəhər DYPİ-nin rəisinə ərizə ilə müraciət edərək inzibati araşdırma aparılmaqla barəsində tərtib olunmuş protokolun ləğv olmasını xahiş etsə də, heçbir araşdırılma aparılmamışdır. xx.xx.2022-ci il tarixdə Bakı şəhər DYPİ-nin mülki işçisi Seyidov Seyid adlı şəxsdən mövcud qərarı almışdır. Beləliklə o, göstərilənləri nəzərə alaraq, Bakı şəhər X8 İdarəsinin YPX inspektoru, kiçik polis serjantı X5 tərəfindən barəsində qəbul edilmiş 04 oktyabr 2022-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər DYPİ Yol patrul xidməti inspektoru polis kiçik serjantı X5 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, “Mercedes Benz CL 200 minik” markalı, **-OX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X3 tərəfindən Azərbaycan Respublikası İXM-nin 342.2.2 və 342.5-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi göstərilmişdir. Bakı şəhər X8 İdarəsinin 04 oktyabr 2022-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X3 tərəfindən xx.xx.2022-ci il tarixində, saat 10:23-də konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan “Mercedes Benz CL 200 minik” markalı, **-OX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istismarı və normativ tələblər pozulmaqla avadanlığın quraşdırılması əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 342.2.2 və 342.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 150 (yüz əlli) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 342.2.2-ci maddəsinə əsasən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə nəzərdə tutulmuşdur; 342.5-ci maddəsinə əsasən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə - əlli manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 04 oktyabr 2022-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarda X3 tərəfindən xx.xx.2022-ci il tarixində, saat 10:23-də konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan “Mercedes Benz CL 200 minik” markalı, **-OX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istismarı və normativ tələblər pozulmaqla avadanlığın quraşdırılması əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 342.2.2 və 342.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 150 (yüz əlli) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 04 oktyabr 2022-ci il tarixli TP seriyalı ******* saylı qərarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X3 barəsində 04 oktyabr 2022-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X2 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 342.2.2 və 342.5-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X2 şikayəti təmin edilməli, Bakı şəhər X8 İdarəsinin 04 oktyabr 2022-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti qismən təmin edilsin. X2 barəsində tərtib olunmuş Bakı şəhər X8 İdarəsinin 04 oktyabr 2022-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar