Məhkəmə qərarları › İş №3(011)-41/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-41/2025

13.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-41/2025 13.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, X1 iştirakları ilə, X1 Bakı şəhər X6 xx.xx.2024-cü il tarixli, TP/6570808 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində inzibati xəta haqqında iş üzrə icraatın nəticəsində qəbul olunmuş inzibati tənbeh vermə haqqında qərarın qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X4 özünə məxsus “Mitsubishi” markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə 06 sentyabr 2024-cü ii tarixində Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospektində hərəktdə olduğu zolaqda yolayrıcından sola dönmə əməliyyatını həyata keçirdiyi vaxt həmin ərazidə olan yol polis əməkdaşı tərəfindən dayandırılmışdır. Yol polis əməkdaşı həmin vaxt yolda qeyd etdiyi dönmə əməliyatını qadağan edən heç bir yol nişanının olmamasına baxmayaraq özbaşına formada olduğu zolaqdan sola dönmənin qadağan olduğunu bildirdi. Hər nə qədər ona bu barədə şifahi etiraz etsə də, o, guya “Yol hərəkəti Qaydaları haqqında” AR Qanununun 69-cu maddəsinin tələbinin pozulması əsası ilə AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib etdi. Qeyd olunan protokol və qərardan AR İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsini rəhbər tutmaqla "Asan Pay” ödəniş sistemi vasitəsilə şikayət ünvanlasa da, AR Daxili işlər Nazirliyi Bakı Şəhəri Baş Polis İdarəsinin X8 idarəsi həmin şikayəti vaxtında cavablamamış, şikayətin nəticəsi ilə maraqlandığı zaman “COP-29” tədbirləri ilə əlaqədar işlərin təxirə salındığı, tez bir zamanda müraciətin cavablandırılacağını bildirmişdir. Müraciət bundan sonra yalnız xx.xx.2024-cü il tarixdə (şikayət ünvanlandığı tarixdən təqribən 3 ay sonra) cavablandırılmış, həmin cavab məktubunda yol hərəkəti qaydalarının pozulmasına dair patrul avtomobilində və həmin ərazidə quraşdırılmış “Təhlükəsiz Şəhər” kameralarında qeydə alınmış görüntüləri yaddaş diskində arxivləşmə müddəti bitdiyi üçün əldə etməyin qeyri-mümkün olduğu bildirilmişdir. Qeyd olunan cavab məktubunda müraciətin araşdırılmamasının səbəbi kimi şikayətçinin gec müraciət etməyi göstərilsə də, əslində inzibati orqanın özü hər dəfəsində şikayətin cavablandırılmasını ləngitmiş və araşdırma aparmamışdır. Halbuki şikayət AR İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinin tələblərinə əsasən 20 gün müddət tamam olmadan verilmişdi. Şikayət və cavab məktublarının tarixinə nəzər salsaq, qarşı tərəfdən ünvanlanmış cavab məktubundakı əsaslandırmanın əslində formal olduğu və həqiqəti əks etdirmədiyi nəticəsinə gələ bilərik. Həmin gün inzibati xəta törədilməsi ilə bağlı başqa protokol da tərtib olunmuş, həmin protokoldan da eyni qaydada verdiyi şikayət araşdırılmış və şikayətin əsaslı olması öz təsdiqini tapmışdır. Şikayət ərizəsinə əlavə edilən, adıkeçən məktubda qeyd olunanlar özü-özlüyündə təqsirinin sübuta yetirilmədiyini göstərməklə, barəsində aparılmış inzibati xəta haqqında iş üzrə icraat zamanı təqsirsizlik prezumpsiyası prinsipinin də kobud surətdə pozulduğunu təsdiq edir. Məhkəmə iclasında şikayətçi şəxs ərizənin məzmununa uyğun izahat verərək barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın qanunsuz və əsassız olduğunu, bu səbəbdən də həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət verən şəxsin izahatını dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər X6 xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokolundan görünür ki, X4 “Mitsubishi Pajero” minik markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəktdə olarkən yol hərəkəti qaydalarını pozmuş və barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə protokol tərtib edilmişdir; Bakı şəhər X6 xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* saylı tənbeh vermə haqqında qərar ilə X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 40 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə - qırx manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, X4 barəsində xx.xx.2024-cü il tarixli, TP/6570808 nömrəli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X3 şikayəti təmin edilməli, Bakı şəhər X6 xx.xx.2024-cü il tarixli, TP/6570808 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilsin. Bakı şəhər X6 xx.xx.2024-cü il tarixli, TP/6570808 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar