Məhkəmə qərarları › İş №3(011)-410/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-410/2023

06.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-410/2023 06.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclasının katibi Təhməzov Nihad İlham oğlunun katibliyi ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 03 oktyabr 2022-ci il tarixli MN seriyalı ******* nömrəli protokol tərtib edilmiş və 04 oktyabr 2022-ci il tarixdə baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi hüquqi şəxs Şəxs tərəfindən 2020-ci il üzrə maliyyə hesabatlarının 2021-ci ildə auditinin aparılmaması göstərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs və səlahiyyətli orqanın nümayəndələri məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinin müdiri X1 tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 03 oktyabr 2022-ci il tarixli MN seriyalı ******* nömrəli protokoldan görünür ki, hüquqi şəxs Şəxs tərəfindən 2020-ci il üzrə maliyyə hesabatlarının 2021-ci ildə auditi aparılmamışdır. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin hüquqi şəxs Şəxsnə ünvanladığı 21 sentyabr 2022-ci il tarixli bildirişin surətindən görünür ki, hüquqi şəxs Şəxsnə 2020-ci il üzrə maliyyə hesabatlarının auditinin 2021-ci ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməməsilə əlaqədar məcburi auditdən yayınmağa görə inzibati xəta haqqında iş üzrə 03 oktyabr 2022-ci il tarixə saat 11:00-a təyin edilmiş icraatda iştirak etmələri üçün bildiriş göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə - vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Auditor xidməti haqqında Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən Audit anlayışı Audit-əmtəə istehsalı və satışı, xidmət göstərilməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə ola bilər. Qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 91.4-cü maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, hüquqi şəxs Şəxs 2020-ci il üzrə maliyyə hesabatlarının 2021-ci ildə auditini aparmamış, bununla da “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmışdır. Bu hal inzibati xəta haqqında tərtib edilmiş protokol və iş materialları ilə sübuta yetirilmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Belə ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinin müdiri X1 tərəfindən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş 03 oktyabr 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək 04 oktyabr 2022-ci il tarixində baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmiş və 01 fevral 2023-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Bununla da, hazırki günədək inzibati xətanın törədildiyi gündən, yəni hüquqi şəxs Şəxs tərəfindən 2020-ci il üzrə maliyyə hesabatlarının 2021-ci ildə auditinin aparılmaması nəzərə alınsa, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyət xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il ttarixədək məsuliyyətə cəlb edilməli, təqsiri sübuta yetərsə barəsində inzibati tənbeh tədbiri görülməli idi. Protokol 03 oktyabr 2022-ci il tarixdə tərtib olunsa da Xətai Rayon Məhkəməsinin icraatına 01 fevral 2023-cü il tarixdə verilmişdir. Göründüyü kimi Şəxs auditdən yayındığı tarixdən bir ildən çox vaxt keçmişdir. Beləliklə, məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməsi iş materialları ilə sübuta yetirilsə də, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati tənbeh tədbiri tətbiq etmə müddəti keçdiyinə görə xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1, 40, 43, 53.0.6, 105.1, 114.2.1 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinsin və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati tənbeh tədbiri tətbiq etmə müddəti keçdiyinə görə xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar