Məhkəmə qərarları › İş №3(011)-4109/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4109/2021

12.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4109/2021 12.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə, X1 Xətai RPİ 35-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş 17.12.2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Xətai RPİ 35-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş 17.12.2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, ailə üzvləri ilə birlikdə Ağcabədi İmamqulubəyli kəndində yaşayır. Bakı şəhəri Xətai rayon 35-ci PB-nin rəisi X8İu, həmin PB-nin sahə inspektoru X4 barəsində tərtib etdiyi 17.12.2020-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol əsasında çıxardığı inzibati tənbeh vermə haqqında 17.12.2020-ci il tarixli MN № ******* saylı qərarı ilə ona 200 manat cərimə tənbeh tətbiq etmişdir. Həmin inzibati protokolun tərtib olunmasından və inzibati qərarın çıxarılmasından son günlərə kimi məlumatım olmamış, bu barədə məlumat əldə etdikdən sonra müraciəti əsasında qeyd edilən qərarın və protokolun surəti ona poçt vasitəsilə göndərilmişdir. Həmin inzibati xəta haqqında qərardan və inzibati xəta haqqında protokoldan narazıdır. Qeyd edilən inzibati prtokol və inzibati qərar tam olaraq qanunsuz olaraq barəsində tərtib edilmişdir. Belə ki, sahə inspektoru X4 barəsində tərtib etdiyi 17.12.2020-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan və Xətai rayon 35-ci PB-nin rəisi X5 17.12.2020-ci il tarixli MN № ******* saylı qərarından görünür ki, guya o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş, yəni karantin qaydalarını pozmuşdur. Bununla bağlı bildirmişdir ki, nə qeyd edilən tarixdə, nə ondan əvvəlki, nə də ondan sonrakı tarixdə heç bir halda Bakı şəhərində olmamışdır və heç bir zaman da Bakı şəhəri, Xətai rayon 35-ci PB-nin sahə inspektoru X7 adlı şəxslə rastlaşmamışdır. Onun barəsində həmin protokolu hansı şəraitdə və hansı məqsədlə də tərtib etdiyini bilmir. Belə hesab edir ki, həmin protokol və qərar yalnışlıqla onun haqqında tərtib edilmiş protokol və qərardır. Çünki Bakı şəhərində heç vaxt olmadığı üçün həmin protokol və qərarın da barəsində tərtib edilməsi imkan xaricindədir. Bununla əlaqədar Xətai rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək həmin cərimənin ləğv edilməsini xahiş etmişdir, lakin PŞ-nin rəisi bu məsələ ilə bağlı məhkəməyə müraciət etməyinə dair ona məktub göndərmişdir. Ağcabədi regional ASAN xidmət Mərkəzinə sənədlə bağlı müraciət edərkən həmin qərar əsasında cərimə edilməyi səbəbindən, ona lazım olan sənədi əldə edə bilmir. Ona görə də hesab edir ki, həmin qanunsuz inzibati protokol və inzibati qərar ləğv edilməlidir. Həmçinin qeyd edilən inzibati xətanı törətmiş şəxsin kimliyi müəyyən edilərək həmin inzibati cərimə ondan tələb edilməlidir. Xahiş etmişdi ki, inzibati protokol və qərardan şikayət üzrə işə baxarkən sahə inspektoru X4 tərtib etdiyi inzibati xəta haqqında işin materialları tələb edilərək araşdırılsın və həqiqətin ortaya çıxması təmin edilsin. Həmçinin sənəddə adı qeyd edilmiş 19.05.1985-ci təvəllüdlü AZE 08597977 olan şəxsin kimliyi müəyyən edilsin. Həmin şəxslə onun tamamilə başqa şəxslər olmağı şəxsiyyətini təsdiq edən sənədlə müqayisə olunmaqla obyektiv qərar çıxarılsın. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq X3 və Xətai RPİ 35-ci Polis Bölməsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə X1 və Xətai RPİ 35-ci Polis Bölməsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Xətai RPİ 35-ci Polis Bölməsinin 17.12.2020-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada X2 rəsmi qaydada verilməsi iş materialları ilə təsdiq olunmamışdır. İş materiallarında olan Xətai RPİ 35-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş 17.12.2020-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 17.12.2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyi müəyyən edilmiş və barəsində 200 (iki yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iş materialında olan Xətai RPİ 35-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş 17.12.2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xətanın mahiyyəti və əməlin nədən ibarət olması qərarda göstərilməmişdir. İnzibati tənbeh vermə haqqında qərarın və protokolun surəti ona göndərilməmişdir. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi, inzibati xəta haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən qəbul edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X3 barəsində Xətai RPİ 35-ci Polis Bölməsi tərəfindən 17.12.2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən heç bir sübuta protokolda və qərarda istinad edilməmiş, protokol və qərarda xətanın mahiyyəti göstərilmədən, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədən əsassız olaraq onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayəti qismən təmin edilməli, Xətai RPİ 35-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş 17.12.2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Xətai RPİ 35-ci Polis Bölməsinə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X1 şikayəti qismən təmin edilsin. Xətai RPİ 35-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş 17.12.2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Xətai RPİ 35-ci Polis Bölməsinə qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar