Məhkəmə qərarları › İş №3(011)-4114/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4114/2025

18.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4114/2025 18.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin böyük icra məmuru X1, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1958-ci il tarixdə Kürdəmir rayonu, Şuşun kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, İmişli rayonu, Koroğlu küçəsi, ev 14 ünvanında qeydiyyatda olmaqla, ünvan 1 23, 4-cü giriş, mənzil 50 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş 18 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(036)-48/2014 saylı icra sənədinə əsasən Şəxs qalıq qalmış 2182 manat məbləğində pul tutularaq "xxxx"-nin xeyrinə ödənilməlidir. Lakin borclu borcunu tam olaraq ödəməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Beləliklə göstərilənlərə əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin böyük icra məmuru X3 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, icra sənədi üzrə icraata başlanılmış, icra sənədinin icrası ilə əlaqədar borclunun ünvanına müvafiq qərar və bildiriş göndərilmiş, borclunun izahatı alınmışdır. Lakin, borclu təqaüddə olduğundan icra sənədinin icrasını tam təmin edə bilmədiyini bildirmişdir. Tərəflərindən 2023-cü ildən etibarən borcun ödənilməsi Şəxs pensiyasına yönəldilmiş və həmin vaxtdan hər ay mütəmadi olaraq tutmalar aparılmışdır. Sadəcə olaraq 2025-ci ilin aprel ayında icra sistemində müəyyən dəyişikliklər edildiyindən həmin ay üçün borcun ödənilməsində borcludan asılı olmayan səbəblərdən gecikmələr olmuşdur. Lakin sonradan həmin ödəniş icra şöbəsinin hesabına otuzdurulmuş və daha sonra zərərçəkmiş şəxsin hesabına yönləndirilmişdir. Beləliklə göstərilənlərə əsasən, borclu Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilmişdir və hal-hazırda ödənilməli olan borc məbləği 2182 manat təşkil edir. Beləliklə, göstərilənlərə əsasən o, Şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, Şəxs heç bir əmlakı yoxdur, heç bir yerdə işləmir, çağırışlara vaxtında gəlmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(036)-48/2014 saylı icra sənədinə əsasən ondan 5002 manat məbləğində pul vəsaitinin tutularaq tələbkar X2 xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədi üzrə olan borcunu ödəməkdən imtina etmir, lakin təqaüddə olduğundan borcunu tam olaraq bağlaya bilməmişdir. Həmçinin, borcun ödənilməsi icra məmuru tərəfindən onun pensiyasına yönəldilmiş və hal-hazırda ödənilməli olan məbləğ 2182 manat təşkil edir. Odur ki, o, qeyd olunanların nəzərə alınaraq barəsində aparılan inzibati işin icraatına xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında bildirmişdir ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(036)-48/2014 saylı icra sənədi üzrə borclu Şəxs 5002 manat məbləğində pul onun xeyrinə tutulmalıdır. Lakin icra sənədi üzrə yaranmış borc Şəxs tərəfindən bugünədək tam olaraq ödənilməmişdir. Artıq uzun müddətdir Şəxs tərəfindən icra sənədi üzrə olan tələb icra edilmir. İcra məmuru tərəfindən borcun ödənilməsi Şəxs təqaüdünə yönəldilsə də, borclunun əlavə olaraq "xxxx" ASC-yə borcu olduğundan, borcunu ödəmədiyi hallarda bank öz faiz borcunu həmin pensiyadan çıxır. Beləliklə o, Şəxs məhkəmə qərarının icrasından yayındığını bildirərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İmişli Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(036)-48/2014 saylı icra sənədindən görünür ki, cavabdeh Şəxs 4972 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir; icraata başlama haqqında 01 avqust 2017-ci il tarixli qərardan görünür ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(036)-48/2014 saylı icra sənədi əsasında iş üzrə icraat başlanılmış, icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; "xxxx" ASC-dən əldə olunmuş ödəniş kartı üzrə çıxarışdan görünür ki, Şəxs pensiyasından xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək müvafiq məbləğdə ödənişlər edilmişdir; “Elektron İnformasiya Məhkəmə Sistemin”dən əldə olunmuş çıxarışdan görünür ki, Şəxs gəliri və mülkiyyətində hər hansı əmlakı yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Həmçinin icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsində təsbit edilmiş ədalətlilik prinsipinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsində təsbit edilən ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. İnzibati xəta haqqında protokolu, icra məmurunun, zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Qanunun müddəasına görə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olur. Borclunun isə icra sənədi üzrə olan borcunu ödəməkdən yayınması hazırki iş üzrə istisna olunur. Belə ki, məhkəmə baxışında müəyyən edilmişdir ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(036)-48/2014 saylı icra sənədi üzrə icraata başlama haqqında qərar 01 avqust 2017-ci il tarixdə qəbul edilmiş və həmin qərar tələbin könüllü icrası barədə bildirişlə bərabər borclunun ünvanına göndərilmişdir. "xxxx" ASC-dən əldə olunmuş ödəniş kartı üzrə çıxarışdan göründüyü kimi Şəxs pensiyasından xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək zərərçəkmiş şəxs X2 hesabına müvafiq məbləğdə ödənişlər edilmiş və hal-hazırda onun 2182 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Göründüyü kimi, Şəxs icra vərəqəsi üzrə müəyyən edilmiş məbləğin ödənilməsindən yayınmamış, hal-hazırda icra vərəqəsi üzrə müəyyən edilmiş məbləğdən zərərçəkmiş şəxsə mütəmadi olaraq hər ay ödənişlər etmişdir. Həmçinin, icra məmurunun izahatında da qeyd etdiyi kimi 2025-ci ilin aprel ayında baş vermiş gecikmə borcludan asılı olmayan səbəblərdən, yəni icra sistemində edilən dəyişikliklərlə bağlı olmuşdur. Belə olan halda şəxsin üzrsüz səbəbdən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsindən söhbət gedə bilməz. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzrsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun, zərərçəkmiş şəxsin və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs tərəfindən məhkəmə qətnaməsini məhz üzrsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamış, əksinə onun hər ay mütəmadi olaraq ödənişlər etməsi öz təsdiqini tapmışdır Bundan əlavə Şəxs icra məmurunun bütün çağırışlarına vaxtı vaxtında gəlmiş və heç bir yayınma hərəkətləri etməmişdir. Belə olan halda, Şəxs icra vərəqəsinin icrasından qərəzli olaraq yayınması, icra məmurunun qanuni tələblərinin yerinə yetirilməsindən boyun qaçırması halı istisna olunur Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati icraat aparılan şəxsə istinad olunan maddənin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən icra sənədi üzrə ödənişin edilməsi qismən təmin olunmaqla icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 15, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar