Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-412/2023 06.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi ilə, Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin böyük icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" QSC-nin direktoru Şəxs iştirakları ilə, "xxxx" QSC-nin direktoru Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon İcra şöbəsindən daxil olmuş 01 fevral 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli protokolda göstərilmişdir ki, Bakı Kommersiya Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli qərarına əsasən "xxxx" QSC-dən 158960 manat məbləğində borc tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Lakin borclu tərəfindən icra sənədləri üzrə olan borc məbləği tam olaraq ödənilmədiyindən barəsində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai rayon İcra şöbəsinin böyük icra məmuru X2 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs qətnamənin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" QSCnin direktoru Şəxs izahatında bildirmişdir ki, Bakı Kommersiya Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli qərarına əsasən "xxxx" QSC-dən 158960 manat məbləğində borcun tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Borcun ödənilməsini təmin etmək məqsədilə onlara məxsus nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmuş və onlar 66000 manat məbləğində dəyərləndirilərək tələbkara borcun əvəzində təklif edilmişlər və sonuncu sözügedən nəqliyyat vasitələrini qəbul etmişdir. İcra sənədi üzrə olan borcun ödənilməsindən bu vaxtadək boyun qaçırmamışdır, lakin icra məmuru tərəfindən bankda olan hesablarına dair inkasso sərəncamı verildiyindən bankda olan pul vəsaitlərindən borcunun ödənilməsi üçün istifadə edə bilməmişdir. Lakin hər ay 2000-3000 manat məbləğində ödəniş edərək borcun ödənilməsini tezliklə təmin edəcəkdir. Beləliklə o, borcun ödənilməsini tez zamanda təmin edəcəyini bildirərək barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Kommersiya Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, e-2-2(113)-3723/2021 saylı icra vərəqəsindən görünür ki, "xxxx" QSC-dən 158960 manat məbləğində borcun tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi qərara alınmışdır; “İcraata başlamaq haqqında” xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Bakı Kommersiya Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, e-2-2(113)-3723/2021 saylı icra sənədi əsasında iş üzrə icraata başlanılmış, qərar tələbin könüllü icrası barədə bildirişlə "xxxx" QSC-yə göndərilmiş və Şəxs tərəfindən imza edilməklə qəbul edilmişdir; Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-50/2022 saylı, 22 fevral 2022-ci il tarixli qərardadından görünür ki, "xxxx" QSC-nin mülkiyyətində olan “Mitsubishi L200 minik” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, “Mitsubishi L200 minik” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı, “Renault Dokker minik” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı, “Renault Dokker minik” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmuşdur; əmlakın tələbkara təklif olunması haqqında 06 may 2022-ci il tarixli təklif məktubundan görünür ki, "xxxx" MMC-nin 131/22 saylı, xx.xx.2022-ci il tarixli ekpert rəyinə əsasən "xxxx" QSC-nin mülkiyyətində olan “Mitsubishi L200 minik” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, “Mitsubishi L200 minik” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı, “Renault Dokker minik” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı, “Renault Dokker minik” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin real bazar dəyəri ümumilikdə 66000 manat məbləğində qiymətləndirilmişdir; "xxxx" MMC-nin Nəsimi rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı 10 may 2022-ci il tarixli məktubundan görünür ki, onlar “Mitsubishi L200 minik” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, “Mitsubishi L200 minik” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı, “Renault Dokker minik” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı, “Renault Dokker minik” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrini borc əvəzi olaraq qəbul etməyə razılıq verdiklərini qeyd etmişlər; xx.xx.2022-ci il tarixli qərardan görünür ki, borclu "xxxx" QSC-dən 11127.20 manat məbləğində icra ödənişinin alınması barədə qərar qəbul edilmişdir; xx.xx.2022-ci il tarixli üzərinə həbs qoyulmuş məbləğ xarici valyuta ilə olduqda valyutanın satışı haqqında qərardan görünür ki, borclu "xxxx" QSC-nin banklarda olan və digər kredit təşkilatlarında olan manatla və xarici valyuta ilə 104087.20 manat məbləğində pul vəsaitləri və başqa sərvətlərinin üzərinə inkasso sərəncamının tətbiq edilməsi qərara alınmışdır; Bakı şəhəri Xətai rayon İcra şöbəsinin böyük icra məmuru X2 tərəfindən tərtib olunmuş 01 fevral 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli protokolda göstərilmişdir ki, Bakı Kommersiya Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli qərarına əsasən "xxxx" QSCdən 158960 manat məbləğində borc tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Lakin "xxxx" QSC-nin rəhbəri Şəxs tərəfindən borc tam olaraq ödənilmədiyindən, hal-hazırda onun borcu 90249 manat təşkil edir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı Kommersiya Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, e-2-2(113)-3723/2021 saylı icra sənədinə əsasən cavabdeh "xxxx" QSC-dən 158960 manat məbləğində borcun tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədi üzrə icraata 06 yanvar 2022-ci il tarixli qərarla başlanılmışdır. Borclu təşkilatın rəhbəri tərəfindən isə icra müddəti ərzində borc məbləği tam olaraq ödənilmədiyindən onun hal-hazırda ödəməli olduğu məbləğ 90249 manat təşkil edir. Buna görə də icra məmuru tərəfindən məcburi icra tədbirləri həyata keçirilmişdir. Tələbin icrası haqqında bildiriş göndərilməsinə baxmayaraq aradan keçən uzun müddət ərzində şirkət tərəfindən icra sənədi üzrə olan borc məbləği tam təmin edilmədiyindən rəhbərinin barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ona görə də məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, qanuni qüvvədə olan məhkəmə qərarlarının icraları ilə bağlı borclu "xxxx" QSC-nin rəhbəri Şəxs rəhbərlik etdiyi QSC-nin bu günədək borcunu tam olaraq ödəməməsi, icra sənədinin icra edilməməsinin hər hansı üzrlü səbəblə bağlı olmasını təsdiq edən heç bir sənəd təqdim etməməsi, bütün bunların nəticəsində icra sənədinin uzun müddətdən bəri icrasız qalmasına səbəb olması məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 17-ci maddəsinin qeydini əsas tutaraq hesab edir ki, "xxxx" QSC-nin direktoru Şəxs vəzifəli şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə "xxxx" QSC-nin rəhbəri Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Beləliklə məhkəmə icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" QSC-nin direktoru Şəxs izahatlarını, Bakı Kommersiya Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, e-2-2(113)-3723/2021 saylı icra vərəqəsini, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə olunmuş digər sənədləri, inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, "xxxx" QSC-nin rəhbəri Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" QSC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1200 (min iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-412/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-412/2023
06.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver