Məhkəmə qərarları › İş №3(011)-4134/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4134/2022

25.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4134/2022 25.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, Protokol tərtib etmiş Xətai RPİ-nin DYPŞ-nin inspektoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.2001-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, restoranda kassir işləyən, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİM: İnzibati xəta haqqında materialda göstərilmişdir ki, Şəxs 08 oktyabr 2022-ci il tarixdə saat 21:54-də idarə etdiyi Hyundai Accent minik markalı **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobillə mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmaqla, yolun səthində çoxsaylı təkər izləri buraxaraq avtoxuliqanlıq etmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə 21 oktyabr 2022-ci il tarixli İXP ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün Bakı şəhər Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş Xətai RPİ-nin DYPŞ-nin inspektoru X3 tərtib etdiyi protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs 08 oktyabr 2022-ci il tarixdə saat 21:54-də idarə etdiyi Hyundai Accent minik markalı **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobillə mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmaqla, yolun səthində çoxsaylı təkər izləri buraxaraq avtoxuliqanlıq etmişdir. Qeyd olunan fakt sosial şəbəkədə yayılmış videogörüntü ilə təsdiq edildiyindən Şəxs barəsində inzibati tənbeh verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək qeyd etmişdir ki, maşın sürməyə həvəsi olduğundan 18 yaşı tamam olandan sürücülük vəsiqəsi alaraq nəqliyyat vasitəsi idarə edir. DYP-nin əməkdaşları tərəfindən onun idarə etdiyi nəqliyyat vasitəsi saxlanılmış və Xətai RPİ-nin DYPŞ-yə gəlmişdir. Şöbədə ona “TikTok” sosial şəbəkəsində idarə etdiyi nəqliyyat vasitəsi ilə çəkdirdiyi videolara görə nəqliyyat vasitəsinin cərimə meydançasına yerləşdirilməsi bildirilmişdir. Xətai RPİ-nin DYPŞ-nin inspektoru tərəfindən ona bu videolara görə avtoxuliqanlıqıa bağlı protokol tərtib ediləcəyi bildirilmişdir. O isə şifahi izahatında heç bir avtoxuliqanlıq etmədiyini, eləcə də qeyd edilən videogörüntülərdə avtomobillə mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmaqla, yolun səthində çoxsaylı təkər izləri buraxmadığını qeyd etmişdir. Lakin yazılı izahatında ona bu əməli törətməsini, bundan sonra onun maşınını buraxacaqlarını qeyd etmişlər. Buna görə də o, yazılı izahatında avtoxuliqanlıq etməsinə görə peşman olduğunu yazmışdır. Əslində isə heç bir avtoxuliqanlıq hərəkətləri etməmiş, onun tərəfindən nəqliyyat vasitəsi idarə edilərkən çəkilmiş videolarda heç bir yol hərəkəti qaydasının pozulmasının olmadığını, videoları sadəcə izləyici toplamaq üçün çəkdiyini qeyd etmişdir. Hal-hazırda həmin videolar onun profilindən silinmişdir. Həmin video təqdim edilmişdir. Videoya baxdıqda heç bir xuliqanlıq hərəkətlərərinin edilmədiyini bir daha öz təsdiqini tapmışdır. Qeyd olunanları nəzərə alaraq əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan videogrüntülər əks etdirən CD-yə məhkəmə iclasında baxış keçirilmişdir. Videogörüntülərə məhkəmə iclası zamanı baxış keçirilərkən müəyyən edilmişdir ki, Cəfərov X4 Accent minik markalı **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən ayrı-ayrı vaxtlarda, çoxsaylı, qısa saniyəli videolar çəkmiş, həmin videolar 4:56 saniyəlik video olaraq montaj edilmişdir. Həmin videolarda Şəxs nəqliyyat vasitəsini idarə edir, qeyd edilən videolarda heç bir yol hərəkəti qayda pozuntusu olması müəyyən edilmir. Eləcə də Şəxs tərəfindən avtomobillə mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmaqla, yolun səthində çoxsaylı təkər izləri buraxması videolardan görünmür. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs hərəkətlərində mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasını təsdiq edən mötəbər sübutlar videogörüntüdə, eləcə də iş materiallarında mövcud deyil, həmçinin səlahiyyətli orqan tərəfindən də Şəxs avtoxuliqanlıq etməsini təsdiq edən mötəbər dəlillər məhkəməyə təqdim edilməmişdir. Həmçinin inzibati xəta haqqında protokolda xətanın mahiyyəti, iş üzrə xətanı təsdiq edəcək sübutlar əksini tapmamışdır. Qeyd edilən protokolda sadəcə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar,. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə görə həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibinin olmadığına görə xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin Məcəlləsinin 38, 43, 48, 53, 114, 115-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar