Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4135/2023 03.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, şikayətçi X4 nümayəndəsi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Fövqəladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyinin nümayəndəsi X3 iştirakları ilə "xxxx" MMC-nin direktoru X4 Fövqəladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyinin 02 oktyabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: "xxxx" MMC-nin direktoru X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Fövqəladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyinin 02 oktyabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. X7 şikayətini onunla əsaslandırmışdır ki, Fövqəladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyinin rəisi X6 xx.xx.2023-cü il tarixli, MN ******* saylı Qərarı ilə vəzifəli şəxs olaraq barəsində inzibati qərar qəbul edilmiş və İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 2500 manat cərimələnmişdir. Qərar qəbul edilərkən inzibati orqan əsas olaraq rəhbərlik etdiyi “Real Dental'’ Məhdud Məsuliyyətli Cəmiyyətdə aparılmış yoxlama nəticəsində AR Prezidentinin xx.xx.1998-ci il tarixli, 758 saylı Fərmanının 3-cü bəndinin pozulmasını göstərmiş və bu səbəbdən də İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli hesab edərək inzibati tənbeh olaraq cərimə tətbiq etmişdir. Belə ki, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə AR Prezidentinin xx.xx.1998-ci il tarixli, 758 saylı Fərmanının 3-cü bəndinə əsasən “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində göstərilən aşağıdakı ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar fəaliyyət növləri üçün xüsusi icazə tələb olunur və bu xüsusi icazənin verilməsi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilir. Agentliyin qərarından belə müəyyən etmək olurdu ki, rəhbərlik etdiyi Cəmiyyət belə bir icazə olmadan fəaliyyət göstərir, bununla da İXM-nin 268.0.1-ci maddəsinin tələbi (ionlasdırıcı şüa mənbələri ilə iş zamanı radiasiya təhlükəsizliyinin təmin edilməməsi) pozulur və buna görə də cərimələnməlidir. Fövqəladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyinin rəisi X6 xx.xx.2023-cü il tarixli, MN ******* saylı Qərarı ilə razı olmadığı üçün Xətai rayon məhkəməsinə müraciət etmişdir. Cavabdehin istinad etdiyi Fərmanda qeyd edilən Xüsusi icazənin olduğunu müəyyən edən məhkəmə inzibati xəta haqqında qərarı xx.xx.2023-cü il tarixli qərarı ilə ləğv edərək işə yenidən tam, hərtərəfli və obyektiv olaraq baxılması üçün cavabdehə qaytarmışdır. İşə yenidən baxan cavabdeh Fövqəladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyi (rəisi X9) xx.xx.2023-cü il tarixli, MN ******* saylı Qərarı ilə vəzifəli şəxs olaraq barəsində yeni inzibati qərar qəbul edilmiş və İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilib yenidən 2500 manat cərimə etmişdir. Qərar qəbul edilərkən inzibati orqan əsas olaraq rəhbərlik etdiyi “Real Dental" Məhdud Məsuliyyətli Cəmiyyətdə xx.xx.2023-cü il tarixində aparılmış yoxlama zamanı AR Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 134 saylı Qərarının (3-cü bəndini) tələbinin pozulmasını qeyd etmiş və bu səbəbdən də İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli hesab etmişdir. Göründüyü kimi ilk dəfə AR Prezidentinin xx.xx.1998-ci il tarixli, 758 saylı Fərmanının 3-cü bəndinə istinad edən və bunun əsassız olduğunu görən cavabdeh, ikinci dəfə tamamilə əsassız olaraq bu dəfə Prezidentin qeyd edilən Fərmanına yox, AR Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 134 saylı Qərarına istinad etmişdir. Hansı ki, sonuncu dəfə istinad olunan AR Nazirlər Kabinetinin xx.xx.1999cu il tarixli, 134 saylı Qərarının 3-cü bəndində qeyd edilənlərin onunla əlaqəs olmadığı üçün İXM-nin 268.0.1-ci maddəsinin pozulması kimi qiymətləndirilə bilməz. Həmçinin, xx.xx.2023-cü il tarixli, MN ******* saylı Qərar ləğv edildiyi üçün yenidən baxılarkən, məhz ləğv olunmuş Qərardakı halların mövcud olub-olmadığı araşdırılmalı və bunun əsasında qərar qəbul edilməli idi. Araşdırılmalı hal isə ondan ibarət idi ki, Müəssisə inzibati cərimənin tətbiq edilməsinə əsas kimi qeyd edilən - AR Prezidentinin xx.xx.1998-ci il tarixli, 758 saylı Fərmanının 3-cü bəndində qeyd edilən “Xüsusi İcazə” əsasında fəaliyyət göstərir, ya yox? İnzibati orqan isə araşdırmanı bu hissədə apararaq Xüsusi İcazənin olduğunu müəyyən etmiş, tətbiq etdikləri cərimənin əsassız olduğunu görmüş, lakin bunu görə-görə iş üzrə icraata xitam vermək əvəzinə, iş üzrə qəbul edilmiş Qərardan kənara çıxaraq, əsassız olaraq digər “əsas” tapmaqla cəriməni ləğv etməmək, nəyin bahasına olur-olsun cərimə etmək niyyətilə tamamilə əsassız qərar qəbul etmişdir. İnzibati orqan bu dəfə Xüsusi icazənin yox, müəssisədə Radioloji-Gigiyenik pasportun işlənilməməsini (olmamasını) radiasiya təhlükəsizliyinin təmin edilməməsi kimi qiymətləndirmiş və bu səbəbdən yuxarıda qeyd edilən Qərarı qəbul etmişdir. İnzibati xətanın mahiyyəti barədə qısa olaraq məlumat vermişdir ki, direktoru olduğu cəmiyyətdə diş kabineti olduğu üçün fəaliyyətimizdə rentgendən istifadə olunur və qeyd edilən rentgen aparatının istifadəsi ilə bağlı Fövqəlacə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyindən Xüsusi İcazə alınıb. Xüsusi icazə alınarkən qanunvericilik tərəfindən müəyyən edilən normalara əməl edilbedilməməsi yoxlanılmış, tələblərə əməl edildiyi üçün Xüsusi İcazə verilmişdir. İstər Xüsusi icazə alınarkən, istərsə də, fəaliyyəti dövrdə qeyd edilən normalara əməl edilmişdir. Qeyd edilən normalara əməl edilməsi qənaətinə cavabdeh inzibati orqan tərəfindən aparılan yoxlamanın nəticəsi olaraq tərtib edilən Yoxlama Aktından da gəlmək olar. Belə ki, aparılmış yoxlamanın nəticəsi olaraq FHN tərəfindən tərtib edilən AKT-dan da göründüyü kimi müəsisədə radiasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə aşağıdakı tədbirlər həyata keçirilir; 1. ionlaşdırıcı şüalanma mənbələri ilə fəaliyyət həyata keçirmək üçün Xüsusi İcazə var. 2. Tənzimləyici Orqan ilə razılaşdırılmış radiasiya təhlükəsizliyinə cavabdeh şəxsin vəzifə borclarını əks etdirən sənəd və radiasiya təhlükəsizliyi xidməti üzrə əsasnamə mövcuddur. 3. Tənzimləyici Orqan ilə razılaşdırılmış radiasiya təhlükəsizliyi üzrə Təlimat mövcuddur. 4. Tənzimləyici Orqan ilə razılaşdırılmış radiasiya təhlükəsizliyinin qarşısının alınması və onun nəticələrinin aradan qaldırılması Planı mövcuddur. 5. Radiaktiv mənbə və digər ionlaşdırıcı şüalanma mənbələrinin illik inventarizasiya nəticələri barədə məlumatlar təyin edilmiş forma və vaxtda tənzimləyici orqana təqdim edilir. 6.İonlaşdıcı şüalanma mənbələri ilə işləyən işçilər fərdi dozimetrlərlə təhciz olunub. 7. Fərdi dozimetriya nəzarəti üzrə məlumatların uçotu aparılır. 8. Tənzimləyici Orqan ilə razılaşdırılmış radioloji şəraitin istehsalat nəzarətinin həyata keçirilməsi qaydası var. 9. Lazımi yerlərdə müvafiq xəbərdaredici nişanlar yerləşdirilib. 10. Şüa diaqnostikası və şüa terapiyası şöbələrində otaqların tərkibi və minimal sahələri normativlərə uyğundur. 11. Şüa diaqnostikası, şüa terapiyası və radioizotop diaqnostika şöbələrinin yerləşdirilməsi qaydalara uyğun həyata keçirilir. 12. Rentgen diaqnostika komponentlərinin stasionar qorunma vasitələrinin qoruyucu xüsusiyyətləri radiasiya təhlükəsizliyi tələbləri ilə müəyyən edilmiş doza hədlərinin verilən səviyyədə olması təmin edilir. 13. İşçilər barədə müəyyən edilmiş fərdi dozimetrlərin istifadəsi qaydalarına riayət edilir. Yuxarıda qeyd edilən tədbirlər rəhbərlik etdiyi müəssisədə radiasiya təhlükəsizliyinə əməl edilməsi tam olaraq təsdiq edir. Yuxarıda qeyd edilən 13 bənd üzrə müəssisədə radioloji təhlükəsizlik tədbirləri görüldüyü halda, müəsisədə radioloji gigiyenik pasportun olmamasını müəssisədə radiasiya təhlükəsizliyinə əməl edilməməsi kimi qiymətləndirilməsi əsassız və qanunsuzdur. Radioloji - Gigiyenik Pasporta gəldikdə, AR NK-nin xx.xx.1999-cu il tarixli, 134 saylı "Ərazi, müəssisə və təşkilatların radioloji-gigiyenik pasportlarının forması və tərtib edilməsi Qaydası"nın və "Fərdi şüalanma dozalarının uçotu və onlara nəzarət Qaydası"nın təsdiq edilməsi barədə Qərarının 3-cü bəndinə əsasən İonlaşdırıcı şüa mənbələrindən istifadə edən müəssisə və təşkilatların və ərazilərin radioloji-gigiyenik pasportlarının aparılması Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilir. Normanın tələbindən göründüyü kimi cavabdehin qeyd etdiyi pasportun aparılması vəzifəsi müəssisə olaraq onların yox, məhz cavabdehin öhdəliyidir. Cavabdeh özü tərəfindən aparılmalı olan pasportun yoxluğuna görə onlara cərimə tətbiq edir, eyni zamanda bu hal İXM-nin 268.0.1-ci maddəsinin təsir dairəsinə düşmür. Qeyd edilən pasportun aparılmasının məhz cavabdehə aid olması qeyd edilən Qərarın 4-cü bəndinə diqqət yetirildikdə də, müəyyən etmək olar. Belə ki, həmin Qərarın 4-cü bəndinə əsasən Ərazi, müəssisə və təşkilatların radioloji-gigiyenik pasportuna aşağıdakılar daxil edilməlidir: əhalinin (işçilərin) radiasiya təhlükəsizliyinin qiymətləndirilməsi; yüksək səviyyəli ionlaşdırıcı şüa təsirinə məruz qalan ərazi və əhalinin (işçilərin) risk qrupları haqqında məlumat; ərazi və ionlaşdırıcı şüa mənbələrindən istifadə edən müəssisə və təşkilatlarda radiasiya vəziyyətinin proqnozu; əhalinin (işçilərin) radiasiya təhlükəsizliyinin təminatı ilə əlaqədar planlaşdırma, tədbirlərin aparılması və qərarların qəbul edilməsi üçün lazım olan tövsiyələr; əhalinin (işçilərin) radiasiya təhlükəsizliyinin təmin olunması ilə əlaqədar aparılan tədbirlərin effektivliyinin analizi. Qeyd edilənlərdən göründüyü kimi yuxarıdakı məlumatların işlənilməsi bir müəssisənin imkanları xaricindədir və fəaliyyət sferasına aid deyil. Birbaşa müvafiq dövlət orqanı tərəfindən işlənilməli məlumatlardır. NK-nin qeyd edilən Qərarında və ya digər hər hansı normativ-hüquqi aktlarda Radioloii-Gigiyenik pasportun müəssisələr tərəfindən aparılmasını müəyyən edən imperativ norma yoxdur. Radioloji təhlükəsizliyin təmin edilməsi təsdiq edən yuxarıdakı 13 bənd üzrə tədbirlərə diqqət yetirsək müəyyən etmək olar ki, həmin tədbirlərin məhz hamısı müəssisə tərəfindən hazırlanan və aparılan tədbirlərdir (məsul şəxsin təyin edilməsi, təlimatın əsasnamənin hazırlanması və s..) Lakin məhz Radioloji-Gigiyenik pasportun hazırlanmasının müəssisə tərəfindən həyata keçirilməsi mümkün olan hal deyil. NK-nin qeyd edilən Qərarında qeyd edilən Pasportun aparılmasını məhz FHN həvalə edilməsi ondan irəli gəlir ki, rentgen aparatının istifadəsi ilə bağlı Fövqəladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyi tərəfindən müəssisələrə Xüsusi İcazə verildiyi üçün həmin müəssisələrin siyahısı Angentlikdə olur və hər il Agentlik müəssisələrdə aparılan tədbirlərin əsasında qeyd edilən müəssisələrə aid pasportların işlənməsini təmin etməlidir. Qeyd edilən Radioloji-Gigiyenik Pasport radioloji təhlükəsizliyin təmin edilməsi təsdiq edən yuxarıdakı 13 bənd üzrə tədbirlərin nəticələrini, gedişatını özündə əks etdirən sənəddir. İşin hallarından göründüyü kimi qeyd edilən 13 hal üzrə faktiki olaraq tədbirlər görülür. Buna baxmayaraq onların gedişatının pasportda qeyd edilməməsi (əks olunmaması) səbəbindən inzibati tənbeh tətbiq edilməsi əsassızdır. Sadə dildə desək, “.. təhlükəsizlik baxımından bütün tədbirlər faktiki olaraq var, lakin kağızda yazılmadığı üçün yox sayılır... Hansı ki, həmin pasportun tərtib edilməsi bizim öhdəliyimiz deyil..” Qeyd edilən pasportun tərtib edilməsinin onların öhdəliyi olmaması, normativ sənədlərlə vəzifəsinin olmaması ilə bağlı aşağıdakı tələblərə də diqqət yetirmək lazımdır. Hər hansı tələbin məhz müəssisənin (və ya təşkilatın) rəhbərliyinin üzərində olduğu halda və ya müəssisənin (və ya təşkilatın) rəhbərliyi tərəfindən təqdim edilməli olduğu halda bu hallar imperativ normalar ilə açıq mətnlə qeyd edilir. Lakin Radioloji-gigiyenik Pasportların tərtib edilməsini qanunvericilik müəssisənin (və ya təşkilatın) rəhbərliyinə yox, birbaşa Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə həvalə etmişdir. Bunu Radioloji-gigiyenik Pasportların tərtib edilməsinin məqsədinə diqqət yetirdikdə də, müəyyən etmək olar. Belə ki, AR NK-nin xx.xx.1999-cu il tarixli, 134 saylı "Ərazi, müəssisə və təşkilatların radioloji-gigiyenik pasportlarının forması və tərtib edilməsi Qaydası"nın təsdiq edilməsi barədə Qərarının 2-ci bəndinə əsasən Ərazi, müəssisə və təşkilatların radioloji-gigiyenik pasportlarının tərtibi əsas ionlaşdırıcı şüa mənbələrinin (təbii və texnogen) dövlət qiymətləndirilməsi sistemi sayılır və bu, əhalinin yaşayış şəraiti və fəaliyyəti ilə əlaqədar radiasiya təhlükəsizliyinin təminatına yönəldilir. Normanın məzmunundan göründüyü kimi bu, orqan tərəfindən aparılan tədbirdir və bu səbəbdən də aparılması məhz FHN-nə həvalə edilib. Bunun isə hansı qaydada aparılmasını FHN müəyyən etməlidir. Lakin FHN bu vəzifəsini müəssisə və təşkilatların üzərinə qoymamalıdır. Çünki müəssisə və təşkilatların üzərinə qoyulmalı vəzifələri qanunvericilik müəyyən edir. Radiasiya təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülmüş tədbirlər yuxarıda sadalanıb və FHN tərəfindən tərtib edilən müvafiq ATK-da da bunlar öz əksini tapıb. Bütün bunlara rəğmən, bu qədər təminat tədbirlərinin olmasına baxmayaraq, cərimə yazılması ədalətsizlikdir. Radioloji-gigiyenik pasportun məhz cavabdeh tərəfindən işlənilməməsi, həmçinin bu sənədin olmaması radioloji təhlükəsizliyin təmin edilməməsi anlamına gəlinməsinə əsas vermədiyi üçün tətbiq edilən inzibati tənbeh əsassızıdır. Digər tərəfdən Agentlik işin baxılması müddətini də pozmuşdur. Belə ki, İXMnin 111.1-ci maddəsinin tələbinə əsasən İnzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Qərarın məzmunundan göründüyü kimi inzibati protokol xx.xx.2023-cü ildə tərtib olunmasına baxmayaraq, ilk Qərar xx.xx.2023-cü ildə, 23 gün sonra verilmişdir. xx.xx.2023-cü il tarixli Qərar Xətai rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə ləğv edilməsinə baxmayaraq, yenidən bu işə baxılması xx.xx.2023-cü ildə, 49 gün sonra baxılmışdır. Məhkəmə iclasında X4 nümayəndəsi Nümayəndə şikayətdə göstərilənlərə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Fövqəladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyinin nümayəndəsi X5 şikayətin əsassız olduğunu qeyd edərək təmin edilməməsini xahiş etmişdir. Şikayətlə əlaqədar inzibati işin materiallarını araşdırıb hesab edirəm ki, şikayət əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Fövqəladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyinin 19 iyun 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolunda göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə keçirilmiş yoxlama zamanı "xxxx" MMC-də ionlaşdırıcı şüa mənbələri ilə iş zamanı radiasiya təhlükəsizliyinin təmin edilməməsi (radioloji-gigiyenik pasport yoxdur) aşkar edilmişdir. İş materiallarında olan Fövqəladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyinin 12 iyul 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, işə yenidən baxılarkən "xxxx" MMC-nin fəaliyyəti zamanı RTM zamanı Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixli 758 nömrəli Fərmanının 3-cü bəndinin tələbləri pozulmuş və X1 Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsi ilə təqsirli bilinib 2500 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Fövqəladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyinin 12 iyul 2023-cü il tarixli MN ******* saylı qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana qaytarılmışdır. İş materiallarında olan Fövqəladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyinin 02 oktyabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, işə yenidən baxılarkən "xxxx" MMC-nin fəaliyyəti zamanı ionlaşdırıcı şüa mənbələri ilə iş zamanı Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 134 nömrəli Qərarının tələbləri pozulmuş və X1 Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsi ilə təqsirli bilinib 2500 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ionlaşdırıcı şüa mənbələrindən istifadə edən müəssisə və təşkilatların radioloji-gigiyenik pasportundan görünür ki, "xxxx" MMC-də Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ-nin və Fövqəladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyinin rəyi ilə ionlaşdırıcı şüa mənbələri olan qurğularla işlərin respublikada mövcud olan qanunvericiliyin tələblərinə uyğun aparılması müəyyən edilmiş və pasport Səhiyyə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 10, 11 və 12 saylı protokollardan görünür ki, "xxxx" MMC-də rengten aparatlarında ölçmə zamanı normativdən artıq sızmalar aşkar olunmamışdır. Məhkəmə hesab edir ki, Fövqəladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyi qərar qəbul edərkən İnzibati xətanın olub-olmamasını düzgün müəyyən etməmişdir. Azərbaycan Respublikası İXM-nin 268.0.1-ci maddəsinə əsasən ionlaşdırıcı şüa mənbələri ilə iş zamanı radiasiya təhlükəsizliyinin təmin edilməməsinə fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on iki min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli 134 nömrəli qərarı ilə təsdiq edilmiş “Ərazi, müəssisə və təşkilatların radioloji-gigiyenik pasportlarının forması və tərtib edilməsi” Qaydasının 3-cü bəndinə əsasən ionlaşdırıcı şüa mənbələrindən istifadə edən müəssisə və təşkilatların və ərazilərin radioloji-gigiyenik pasportlarının aparılması Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən müvafiq qaydada həyata keçirilir. “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixli 758 nömrəli fərmanın 3-cü bəndində qeyd edilmişdir ki, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində göstərilən aşağıdakı ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar fəaliyyət növləri üçün xüsusi icazə tələb olunur və bu xüsusi icazənin verilməsi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilir: ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar elmi-tədqiqat və təcrübikonstruktor işləri; ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların, radioaktiv maddələrin saxlanma məntəqələrinin, radioaktiv tullantılar anbarlarının layihələşdirilməsi, hazırlanması, yerləşdirilməsi, inşası, istismarı və istismardan çıxarılması; həmin qurğular, məntəqələr və anbarlar üçün texnoloji avadanlığın, radiasiya təhlükəsizliyi vasitələrinin layihələşdirilməsi və hazırlanması; radioaktiv maddələrin hasilatı, istehsalı, emalı, nəqli və həmin maddələrdən istifadə ilə əlaqədar işlər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Fövqəladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyi tərəfindən "xxxx" MMC-də xx.xx.2023-cü il tarixdə yoxlaması zamanı ionlaşdırıcı şüa mənbələri ilə iş zamanı radiasiya təhlükəsizliyinin təmin edilməməsi konkret hansı fakta və sübuta əsaslanması göstərilməmişdir.Əksinə "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-də rengten aparatlarında ölçmə zamanı normativdən artıq sızmalar aşkar olunmadığı öz təsdiqini tapmışdır. Həmçinin xx.xx.2023cü il tarixdə ionlaşdırıcı şüa mənbələrindən istifadə edən müəssisə və təşkilatların radiolojigigiyenik pasportundan görünür ki, "xxxx" MMC-də Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ-nin və Fövqəladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyinin rəyi ilə ionlaşdırıcı şüa mənbələri olan qurğularla işlərin respublikada mövcud olan qanunvericiliyin tələblərinə uyğun aparılması müəyyən edilmiş və pasport Səhiyyə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin möhürü ilə təsdiq edilmişdir. Göründüyü kimi məhkəmə iclasında tədqiq edilmiş iş materialları ilə ionlaşdırıcı şüa mənbələri ilə iş zamanı radiasiya təhlükəsizliyinin təmin edilməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, X4 şikayəti təmin edilməli, Fövqəladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyinin 02 oktyabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117, 134, 135 və 137-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şikayət təmin edilsin. Fövqəladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyinin 02 oktyabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-4135/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4135/2023
03.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver