Məhkəmə qərarları › İş №3(011)-4164/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4164/2020

24.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4164/2020 24.11.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə, Şəxs iştirakı ilə xx xxxx 1961-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 mənzil 50 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 07:05 radələrində idarə etdiyi “Khazar LX” markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə prospektində hərəkətdə olan zaman saxlanılmış və yoxlama zamanı məlum olmuşdur ki, sürücü Şəxs avtomobili sərxoş halda idarə edir. Bakı şəhəri DYPİ YPX inspektoru polis baş serjantı X1 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx xxxxxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəxs izahatında göstərmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə saat 07:05 radələrində idarə etdiyi “Khazar LX” markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə prospektində hərəkətdə olan zaman saxlanılmışdır. Həmin vaxt spirtli içki qəbul etməmişdir. Yoxlama zamanı polis əməkdaşı onu aldadaraq protokola araq içməsini, həkim müayinəsinə ehtiyacı olmadığını yazdırmışdır. İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokoldan görünür ki, Şəxs sərxoşluq vəziyyətini müəyyən etmək üçün “ACE-Z” markalı İN-642235 nömrəli xüsusi texniki vasitədən istifadə edilmiş, müayinə nəticəsində onun spirtli içki qəbul etməsi müəyyən olunmuşdur. İzahatında həkim müayinəsinə ehtiyac olmadığını, spirtli içki qəbul etməsini qeyd etmişdir. İş materiallarında olan alkotesterin göstəricisindən görünür ki, müayinə nəticəsində alkoqolun miqdarı 0.418 promilli müəyyən olunmuşdur. Məhkəmə Şəxs xx xxxxxxx 2020-ci il tarixdə spirtli içki qəbul etmədiyini bildirməsini özünü müdafiə və məsuliyyətdən yaxa qurtarmaq üçün verilmiş ifadə kimi qəbul edir. Həmçinin Şəxs məhkəmə iclasında protokola həkim müayinəsinə ehtiyac olmadığını, spirtli içki qəbul etməsini öz xətdi və imzası ilə qeyd etməsinin səbəbini də izah edə bilməmişdir. Azərbaycan Respublikası İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən bu Məcəllənin 329.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta rayon (şəhər) məhkəmələri tərəfindən baxılan inzibati xəta haqqında işlərə aid deyildir. Beləliklə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin “Qeyd” hissəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat miqdarında cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri – cərimə tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48,114,115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar