Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4170/2021 19.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Orxan Novruz oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinin səlahiyyətli nümayəndəsi X3, inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Bakı şəhəri Xətai RPİ-nin DYPŞ-nin nümayəndəsi X1 iştirakı ilə, hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə 21 oktyabr 2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokola əsasən hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin sorğusuna əsasən mülkiyyətində olan “Mercedes Benz S350» minik markalı, ** JJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı sorğu daxil olduğu vaxtdan 5 gün müddətində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə verməmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Bakı şəhəri Xətai RPİ-nin DYPŞ-nin nümayəndəsi X2 tərtib edilmiş protokolun məzmununa uyğun izahat verərək inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin barəsində tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinin səlahiyyətli nümayəndəsi X4 məhkəməyə sənədlər təqdim edərək bildirdi ki, təmsil etdiyi hüquqi şəxsi inzibati xətanın törədilməsində təqsirli bilmir. Belə ki, sorğu Şəxs Açıq Səhmdar Cəmiyyətinə 29.09.2021-ci il tarixdə çatmış və beş gün keçmədən sorğuya cavab verilmiş, müvafiq məktub poçta 01.10.2021-ci il tarixdə təqdim edilmişdir. Bunu təsdiq edən qaimə mövcuddur. Bu səbəbdən də inzibati xəta tərkibinin olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin sorğu məktubunundan görünür ki, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi “Mercedes Benz S350» minik markalı, ** JJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat verilməsi hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətindən xahiş olunmuşdur; xəbərnamədən görünür ki, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin sorğu məktubu 29.09.2021-ci il tarixdə “Manaflı Murad” soyadlı şəxs tərəfindən xəbərnaməyə imza edilməklə qəbul edilmişdir; Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən tərtib edilmiş İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında 21 oktyabr 2021-ci il tarixli İXP ******* saylı protokoldan görünür ki, hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin sorğusuna əsasən mülkiyyətində olan “Mercedes Benz S350» minik markalı, ** JJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı sorğu daxil olduğu vaxtdan 5 gün müddətində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə vermədiyindən hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir; Qaimədən görünür ki, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin sorğusu Şəxs Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavablandırılmış və sorğunun cavabı 01.10.2021-ci il tarixdə Atlas Ekspress sürətli poçt xidmətinə təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 347-ci maddəsinə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir; Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və iş materiallarında olan digər sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyəti tərəfindən nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi və bununla da, sonuncu tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, sorğu məktubu 29.09.2021-ci il tarixdə qəbul edilmiş, sorğu Şəxs Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavablandırılmış və sorğunun cavabı 01.10.2021-ci il tarixdə Atlas Ekspress sürətli poçt xidmətinə təqdim edilmişdir. Beləliklə, məhkəmə, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin öz təqsirsizliyini sübut etməyə borclu olmadığını, onun təqsirli olması barəsində olan şübhələrin onun xeyrinə həll olunduğunu, inzibati orqanın xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyini, işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, inzibati xəta tərkibi olmadığından hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Cavid Hüseyn
Məhkəmə qərarları › İş №3(011)-4170/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4170/2021
19.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver