Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4175/2021 19.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnın iştirakı ilə xx xxxxxx 1970-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Şəxsnın barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İnzibati xəta haqqında materialda göstərilmişdir ki, Şəxs 13 oktyabr 2021-ci il tarixdə saat 06:52 radələrində idarə etdiyi “Mitsubishi Pajero-İO” minik markalı ** FK *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Xətai rayonu, Neapol dairəsində hərəkətdə olan zaman saxlanılmış və yoxlama zamanı sürücünün avtomobili sərxoş halda idarə etməsi məlum olmuşdur. Bakı şəhəri DYPİ YPX-nın inspektoru polis baş serjantı X1 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 13 oktyabr 2021-ci il tarixli İXP ******* nömrəli protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, 2021-ci ilin 13 oktyabr tarixində saat təxminən 08:05 radələrində özünə məxsus Mitsubishi İO markalı **-FK-*** dövlət nömrə nişanlı avtomobili idarə edərək işə gedərkən Xətai rayonu ərazisində yaşadığı ünvanın yaxınlığında Bakı şəhər Baş X5 İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış və barəsində İnzibati Xətalar Məcəlləsinin 96-cı, 100-cü və 124-cü maddələrində göstərilən prossesual qaydaları kobud şəkildə pozularaq həmin günü deyil də “inzibati xətanın” üzərindən 6 gün keçdikdən və vəzifəli şəxsə ayıq olmağı barədə akt təqdim edildikdən sonra, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə zidd olaraq AsanPay xidmətindən mobil telefonuna Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü, 333.1-ci maddəsinə əsasən (Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi) barəsində 19.10.2021-ci il tarixli ******* nömrəli inzibati protokolun tərtib edilməsi və 400 manat cərimə olunmağı barədə SMS məlumat daxil olmuşdur. Belə ki, həmin hadisədən dərhal sonra müayinədən keçmək üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə göndərilmiş və orada sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə tibbi müayinədən keçmişdir və həmin müəssisənin 13.10.2021-ci tarixli 2/29284 nömrəli protokolu ilə barəsində “ayıqdır; alkoqol qəbulu əlamətləri yoxdur” qərarı verilmişdir. Bakı şəhər Baş X5 İdarəsinin əməkdaşı İnzibati Xətalar Məcəlləsinin 96-cı və 124-cü maddələrində göstərilən prossesual qaydaları kobud şəkildə pozmuşdur. Hadisədən 2 saat keçməmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə tibbi müayinədən keçdiyi 13.10.2021-ci tarixli 2/29284 nömrəli protokolu ilə barəsində “ayıqdır, alkoqol qəbulu əlamətləri yoxdur” qərarını təqdim etməyinə baxmayaraq sürücülük vəsiqəsi qaytarılmamışdır. Bundan başqa, onu yoxlayarkən istifadə edilmiş texniki vasitənin müayinə nəticələri barədə qəbz, **-YP-*** dövlət nömrə nişanlı xidməti avtomobildə quraşdırılmış bort-kompüter vasitəsi ilə barəsində tərtib olunmuş inzibati protokolun surəti təqdim olunmamış və tərtib edilmiş protokol müvafiq icra hakimiyyəti orqanının (ASAN Xidmət) mərkəzi informasiya sistemində yerləşdirilməmiş, ona bu barədə məlumat verilməmiş və inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti ona təqdim edilməmişdir. Bundan başqa, avtomobili müvəqqəti duracağa yerləşdirilərkən, avtomobilin texniki vəziyyəti və təhvil verilməsi barədə akt tərtib edilməmiş, yalnız həmin gün saat 12 radələrində avtomobili duracaqdan götürərkən sonradan yazılmış, lakin içi doldurulmamış akta avtomobilini təhvil almağı barədə imza atmışdır. Yuxarıda yazılanları nəzərə alaraq, barəsində qərar qəbul edərkən Respublika Narkoloji Mərkəzinin 13.10.2021-ci tarixli 2/29284 nömrəli protokolunu nəzərə almağı və tərtib edilən inzibati xəta haqqında 19.10.2021-ci il tarixli ******* nömrəli inzibati protokolun ləğv olunması barədə qərar qəbul etməyini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Bakı şəhəri BPİ X5 Şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə Bakı şəhəri BPİ X5 Şöbəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında İXP ******* nömrəli protokolda göstərilmişdir ki, Şəxs 13.10.2021-ci il tarixdə saat 06:52-də həkimə getmək istəmədiyini, spirtli içki qəbul etdiyini, izahatı özü yazdığını qeyd edərək imzası ilə təsdiq etmişdir. İş materiallarında olan 13.10.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı müəyyən edilmiş və həmin protokolda sürücü Şəxs hüquq və vəzifələri izah olunmuş, sürücü protokolla tanış olmaqdan və imza etməkdən imtina etmişdir. İş materiallarına əlavə edilmiş 13.10.2021-ci tarixli 2/29284 nömrəli aktından görünür ki, Şəxs 13 oktyabr 2021-ci il tarixdə saat 09:30 radələrində müayinə edilmiş, alkoqol sərxoşluğu vəziyyətinin olmaması, ayıq olması müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iş materiallarına əlavə edilmiş 13.10.2021-ci il tarixli “sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” protokol qanununun tələbləri pozulmaqla tərtib olunmuşdur. Belə ki, «X3» Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən «Azərbaycan Respublikasının səhiyyə müəssisələri yol-nəqliyyat hadisələri nəticəsində zərər çəkənlərə yardım göstərilməsini təmin edir, nəqliyyat vasitəsini idarə edən şəxslərin alkoqoldan, narkotik vasitələr, psixotrop maddələrdən və güclü təsir göstərən digər maddələrdən istifadə nəticəsində sərxoş vəziyyətdə olub-olmadıqlarını müəyyən edir, onların uçotunu aparır, nəqliyyat vasitələrini idarə etməyə yararlılıq haqqında arayış verirlər». Həmin Qanunun 83-cü maddəsinə görə, «müəyyən edilmiş hərəkət sürəti həddini aşmaq, texniki cəhətdən nasaz nəqliyyat vasitələrinin istismarı faktını və nəqliyyat vasitələrinin alkoqol və ya güclü təsir göstərən digər maddələrin istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi halları müəyyənləşdirmək üzrə nəzarəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşları yalnız xüsusi cihazlar vasitəsi ilə həyata keçirirlər. (narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi üçün aparılan tibbi müayinə dövlət narkoloji-tibb müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir). Belə halları müəyyənləşdirmək üçün başqa üsullardan istifadə edilməsi yolverilməzdir». Azərbaycan Respublikası Nazirlər Kabinetinin 209 saylı 27.06.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”-nın 2.5-ci bəndinə “şəxsin xüsusi texniki vasitələrlə yoxlanılması zamanı alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən olunarsa, polis əməkdaşları tərəfindən protokol tərtib edilir”. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 69-cu maddəsində göstərildiyi kimi, «işin nəticəsində maraqlı olmayan yetkinlik yaşına çatmış şəxslər inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında iştirak etmək üçün icraatında inzibati xəta haqqında iş olan vəzifəli şəxs tərəfindən hal şahidi kimi dəvət olunurlar. Hal şahidlərinin sayı iki nəfərdən az ola bilməz. Şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər». Lakin, Şəxs barəsində tərtib olunmuş “sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” protokolda bir hal şahidi qeyd olunmuşdır. Bu da öz növbəsində Şəxs ümumiyyətlə sərxoş olmasını şübhə altında qoyur. Məhkəmə hesab edir ki, ümumiyyətlə sərxoş güman edilən şəxsə hər hansısa bir sənədə imza etdirmək qəbul olunmazdır və bu cür əldə edilmiş sübutun istifadə edilməsinə qanunvericilik yol vermir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 81.1-ci maddəsinə əsasən Müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. İş materiallarında olan alkoqolun miqdarının müəyyən edilməsi ilə bağlı aktdan görünür ki, aktda sürücünün soyadı və avtomobilin dövlət qeydiyyat nişanı göstərilməmişdir. Belə olduğu halda, məhkəmə hesab edir ki, Şəxs İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə sübuta yetirilmir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən ”bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur”. Həmin Məcəllənin 75.0.1-ci maddəsinə əsasən “inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir”. Eyni zamanda 75.0.3-cü maddəsinə əsasən “inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta törətməkdə şəxsin təqsiri müəyyən edilməlidir”. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən “İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.” “Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir”. Eyni Məcəllənin 105.1-ci maddəsinə əsasən “bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir”. Həmin Məcəllənin 114.2, 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Eyni Məcəllənin 53.1.1-ci maddəsinə əsasən “inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir”. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən “inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir”. Odur ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1ci maddəsinin tərkibi aşkar edilmədiyindən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin Şəxs işıq cihazlarından istifadə qaydalarını pozmağa görə görə əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinin tərkibi ilə məsələni araşdırıb hesab edir ki, qeyd olunan maddə üzrə inzibati məsuliyyətə cəlb etmə məsələsi Daxili İşlər Nazirliyi X4 səlahiyyətinə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İşlərə baxılması eyni orqana aid olmadığından Şəxs işıq cihazlarından istifadə qaydalarını pozmağa görə, yəni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair hissədə protokola baxılması Daxili İşlər Nazirliyi X4 səlahiyyətinə aid olduğunundan həmin məsələnin həlli ilə bağlı qərarın surəti Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ-nin DYPİ-yə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114.2.1, 115, 128-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsi ilə tərtib edilmiş protokola baxılması Daxili İşlər Nazirliyi X4 səlahiyyətinə aid olduğundan, protokol həmin hissədə baxılması üçün Daxili İşlər Nazirliyi Bakı şəhər BPİnin X6 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-4175/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4175/2021
19.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver