Məhkəmə qərarları › İş №3(011)-4192/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4192/2025

17.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4192/2025 17.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Mərkəzi Bankın nümayəndəsi Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs etibarnamə üzrə nümayəndələri X1, X3 və X2 iştirakları ilə Hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati materiala qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİM: Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 20 may 2025-ci il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyatı üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs tərəfindən 3000000,00 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 14 aprel 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları"nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 3000000,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 15 aprel 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs nümayəndəsi X4 izahatında bildirmişdir ki, protokol tərtib edilərkən prosessual pozuntuya yol verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 78.2-ci maddəsinə əsasən şəxsin inzibati xəta haqqında protokolda izahatı göstərilməlidir. Bu eyni zamanda həmin Məcəllənin 100.1-ci maddəsinə öz əksini tapmışdır. Eyni məzmunlu digər işlərdə göstərilən səbəbdən işlər geri qaytarılmışdır. İşin mahiyyəti ilə bağlı Qazaxıstan Respublikasından şirkət ilə əməkdaşlıq etmişlər. Qazaxıstan Respublikasına məxsus neft ölkəyə gəlir və Ceyhan buruğu vasitəsilə xaricə ixrac edilir. 16 milyon dollarlıq ödəniş və tranzaksiyalar olmuşdur. Bundan başqa qanunvericilikdə müvafiq bankın 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına sənədləri təqdim etməsi müəyyən olunmuşdur. Şirkət tərəfindən banka sənədlərin hansı müddətdə təqdim edilməsi qanunvericilikdə müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bank Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs barəsində başlanılmış olan inzibati icraata xitam verilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclaslarında inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs tərəfindən 3000000,00 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 14 aprel 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülməsi, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 3000000,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməməsi və həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmaması müəyyən edilmiş və bu səbəbdən Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 20 may 2025-ci il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Təqdim edilmiş bəyannamələrlə bəzi məbləğin bağlandığı görünür. Lakin qalan məbləğlə bağlı sənədlər təqdim edilməmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə tərəfindən 16 iyul 2025-ci il tarixdə elektron məhkəmə sistemi vasitəsi ilə yerləşdirilmiş məlumatdan qeyd edilmişdir ki, "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli svift sənədindən görünür ki, 9300000.00 USD vəsait “Şəxs” MMC-in hesabına SOCAR TRADİNG MİDDLE EAST DMCC şirkəti tərəfindən xx.xx.2021 tarixli, 2389 EX1907 saylı müqaviləsinə əsasən hesabına daxil olmuşdur. Daxil olan vəsaitin təyinatı neft idxalı ilə bağlı olub avans köçürməsi zamanı təqdim edilən sənədlərlə uyğunluq təşkil edir. Bütün bu halları nəzərə alaraq “Şəxs” barəsində tərtib edilmiş EP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati təhbeh tətbiq edilib-edilməməsi məsələsinin məhkəmənin mülahizəsinə buraxıldığı bildirilmişdir. Məhkəmə tərəfləri dinləyib, inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, aşağıdakı əsaslara görə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış 21 aprel 2025-ci il tarixli məktubundan və ona əlavədən görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs tərəfindən bəyan olunmuş hissə 2051185,03 ABŞ dolları, bəyan olunmayan məbləğ 948814,97 ABŞ dolları bəyan olunmamış və lakin 2 il tamam olmasına baxmayaraq malların idxal edilməsini təsdiqləyən sənədlər təqdim olunmamış və qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli debit haqqında bildirişin surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs tərəfindən 14 aprel 2023cü il tarixində 3000000,00 ABŞ dolları məbləğində pul vəsaiti “THE BANK OF NEW YORK MELLON” bank hesabına köçürülmüşdür. İş materiallarında olan **********6998, **********6077 saylı yük gömrük bəyannamələrindən görünür ki, müqavilə və invoys avans köçürməsinin təyinatı ilə eynilik təşkil edir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən təqdim edilmiş kredit haqqında bildirişdən görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə mallar (xidmətlər) alınmışdır. Belə ki, Azərbaycan Respublikası Mərkəzi X5 28 noyabr 2016-cı il tarixli 45/1 nömrəli “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın təsdiq edilməsi barədə Qərarının 4.3.1.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli Plenum Qərarına əsasən müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən, isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə görə, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Belə olan halda məhkəmə hesab edir ki, hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs əməlində inzibati xəta tərkibi müəyyən edilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53, 105 və 114cü maddələrini rəhbər tutaraq QƏRARAALDİM: İnzibati xəta tərkibi olmadığından hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar