Məhkəmə qərarları › İş №3(011)-4197/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4197/2022

31.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4197/2022 31.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi ilə, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin sahə rəisi X3 iştirakları ilə, xx.xx.1989-cu ildə Salyan rayonu Çuxanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Bakı şəhəri Xətai rayonu ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 232-1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Bakı şəhər Xətai Rayon Polis İdarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs 26 sentyabr 2022-ci il tarixdə vətəndaş F. Abbasova Xətai rayonu N.Rəfiyev küçəsi 25 ünvanında vətəndaş N.Şeydayevaya məxsus avtomobilin arxa dövlət qeydiyyat nişanını oğurlamışdır. Bundan başqa sağ və sol qapılarını cızmaqla 3 ədəd təkərini deşərək yararsız hala salmaqla sonuncuya 1946 manat maddi ziyan vurmuşdur. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin sahə rəisi X6 tərəfindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 227 və 232-1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə 31 oktyabr 2022-ci il tarixli protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, Nərgiz Şeydayevanı ekstrasens Ayxana görə tanımış, Ayxan onlara qonaq gedən zaman Nərgiz də onun yanında olur, şəhərdə tez-tez görmüş, tərifli cümlələrlə Nərgiz ona yaxınlaşmış, buna görə Nərgizin səmimiyyətinə inanıb ona yaxınlıq etmişdir. Bu səmimiyyətindən istifadə edən Nərgiz xanım onun qızı Nilin atası X2 ilə tanışlıq edir, bu səbəbdən Nərgiz ilə danışıq zamanı ona, “Nə eləmişəm yaxşı etmişəm, Orxan ilə məsələni özün həll et.” Bu səbəbdən o, əsəbləşib xx.xx.2022-ci il tarixdə Xətai rayonu N.Rəfiyev küçəsi 25 saylı ünvanda uşağının atasının aldığı “Changan” maralı AZ **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təkərlərini cırmış, daha sonra isə Nərgizə zəng edərək avtomobilin nömrəsini çıxardacağını demiş, sonra isə həmin avtomobilin arxa dövlət qeydiyyat nişanını çıxararaq özündə saxlamış və qaytarmamışdır. O, maşının dövlət qeydiyyat nömrəsini xx.xx.2022-ci il tarixdə götürmüşdür. Həmin qeydiyyat nişanı hazırda onun özündədir, qaytarmağa razıdır. Əməlindən peşman olduğunu, himayəsində az yaşlı uşağının olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 03:00 radələrində özünə məxsus olan “Changan” Uni-T markalı AZ **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobilini ünvan 2 ünvanda saxlayıb evinə getmiş, xx.xx.2022ci il tarixdə saat 13:00 radələrində avtomobilə əyləşmək istəyəndə avtomobilin arxa dövlət qeydiyyat nişanının oğurlanmasını aşkar etmişdir, bu səbəbdən də nömrəsinin oğurlanması ilə bağlı olaraq DİN-in 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. xx.xx.2022-ci il tarixdə isə avtomobilinə nəzər yetirdikdə avtomobilinin sağ və sol qapılarının cızılmasını, 3 təkərinin deşilməsini aşkar etmiş və hadisə ilə bağlı təkrar olaraq DİN-in 102 xidmətinə zəng edib məlumat vermişdir. Baş vermiş hadisə nəticəsində avtomobilinə təxminən 1900 manat ziyan dəymişdir, o, bu hadisədə Fidan adlı şəxsdən şübhələnmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin sahə rəisi X6 protokolun məzmununa uyğun izahat verərək Şəxs AR İXM-nin 227 və 232-1-ci maddələri nəzərdə tutulmuş xətaları törətdiyinə görə barəsində müvafiq olaraq protokol tərtib olunduğunu, odur ki, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şəxs 26 sentyabr 2022-ci il tarixdə vətəndaş F. Abbasova Xətai rayonu N.Rəfiyev küçəsi 25-də vətəndaş N.Şeydayevaya məxsus avtomobilin arxa dövlət qeydiyyat nişanını oğurlamışdır. Bundan başqa sağ və sol qapılarını cızmaqla 3 ədəd təkərini deşərək yararsız hala salmaqla sonuncuya 1946 manat maddi ziyan vurmuşdur. Bu səbəbdən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs Azərbaycan Respublikası İXM-in 232-1 və Azərbaycan Respublikası İXM-in 227-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi, vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 232-1-ci və Azərbaycan Respublikası İXM-in 227-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsindən ötrü cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətinin inzibati protokol tərtib edilməsi üçün Xətai RPİ-nin 37-ci PŞ-nə göndərilməsi qərara alınmışdır. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Şəxs xx.xx.2015-ci il təvəllüdlü, Abbasova Nil adlı uşağı vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 227-cı maddəsinə əsasən Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda- inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 227 və 232-1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi iş materialları əsasında sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını, himayəsində az yaşlı uşağının olmasını və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227 və 232-1-ci maddələri ilə təqsirli bilinməli və həmin Məcəlləsinin 34.4-cü maddəsinə əsasən barəsində inzibati tənbeh tədbiri ictimai iş tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 28-ci maddəsinə əsasən ictimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. İctimai işlər yalnız hakim tərəfindən tətbiq edilir. İctimai işlər altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. Məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227 və 232-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən barəsində 160 (bir yüz altmış) saat ictimai iş növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar