Məhkəmə qərarları › İş №3(011)-42/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-42/2022

04.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-42/2022 04.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə, Şəxs, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Türkay Yusiflinin iştirakı ilə, 20 iyul 1968-ci ildə Göyçay şəhərində anadan olmuş, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət əmlakının özəlləşdirilməsinin təşkili şöbəsinin müdiri, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 94 B, mənzil 11-də qeydiyyatda olan Vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Türkay Yusifli tərəfindən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət əmlakının özəlləşdirilməsinin təşkili şöbəsinin müdiri Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında 06 yanvar 2022-ci il tarixli MN ******* saylı protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Türkay Yusifli tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 may 2009-cu il tarixli icra sənədinə əsasən, ünvan 1 ünvanında yerləşən, ümümi sahəsi 222.2 kv.m təşkil edən fərdi yaradıcılıq emalatxanasının əvəzsiz olaraq Azərbaycan Rəssamlar İttifaqının üzvü Mirqasımova X1 mülkiyyətinə verilməsi Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinə həvalə edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21.01.2022-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 04.03.2022-ci il tarixli qərarı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21.01.2022-ci il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tələbkar Mirqasımova X2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Türkay Yusifli izahatında göstərmişdir ki, icra sənədi Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icraatına daxil olmuş, müvafiq qaydada icraata başlanılmış və icra sənədi icra olunması üçün Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinə və daha sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə bildiriş və xəbərdarlıq məktubları göndərilmişdir. Lakin hal-hazıradək borclu müxtəlif bəhanələr gətirərək icra sənədi üzrə tələbi təmin etməmişdir. bu hal tələbkarın ciddi və haqlı narazılığına, müxtəlif instansiyalara, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə şikayətlər etməsinə səbəb olmuşdur. Bununla da borclu icra sənədi üzrə tələbi üzrlü səbəb göstərmədən icra etməyərək, icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət əmlakının özəlləşdirilməsinin təşkili şöbəsinin müdiri olan Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs izahatında bildirmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət əmlakının özəlləşdirilməsinin təşkili şöbəsinin müdiri vəzifəsində işləyir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 may 2009-cu il tarixli icra sənədinə əsasən, ünvan 1 ünvanında yerləşən, ümümi sahəsi 222.2 kv.m təşkil edən fərdi yaradıcılıq emalatxanasının əvəzsiz olaraq Azərbaycan Rəssamlar İttifaqının üzvü Mirqasımova X1 mülkiyyətinə verilməsi şöbənin vəzifəsi deyil, şöbə dövlət əmlakının özəlləşdirilməsinin təşkili sahəsində fəaliyyət göstərir. Buna görə onun əməlində heç bir inzibatı xətanın tərkibi yoxdur. Bu səbəbdən protokolla razı olmadığını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materialında olan Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin 09.08.2010-cu il tarixli “İcraata başlamaq haqqında” qərarından görünür ki, borclu Azərbaycan Respublikasının Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə 10 (on) gün müddətində könüllü icra sənədinin icra olunması üçün vaxt verilmiş və bu barədə bildiriş göndərilmişdir. İş materialında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə ünvanladığı məktubundan görünür ki, “Azərbaycan Rəssamlar İttifaqı üzvlərinin istifadəsində olan fərdi yaradıcılıq emalatxanalarının onların mülkiyyətinə verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2003-cü il tarixli, 1251 nömrəli Sərəncamına əsasən, Azərbaycan Rəssamlar İttifaqının balansında olan yaradıcılıq emalatxanalarının əvəzsiz olaraq onun üzvlərinin mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdur. Qeyd edilən emalatxana isə keçmiş SSRİ Rəssamlıq Akademiyasının yaradıcılıq emalatxanalarına aid olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.08.1992-ci il tarixli, 456 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 13.06.2000-ci il tarixli, 349 nömrəli Fərmanı ilə ayrı-ayrı dövlət qurumların tabeliyində olan təlim-tərbiyə və təhsil müəssisələri Təhsil Nazirliyinin tabeliyinə verildikdən sonra, Nazirlər Kabinetinin 04.11.2004-cü il tarixli, 170 nömrəli Qərarı ilə sözügedən emalatxanalar Mədəniyyət Nazirliyinin tabeliyindən çıxarılaraq, adıçəkilən Fərmanla təsis edilmiş və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Rəssamlıq Akademiyasının tabeliyinə verilmişdir. Bu səbəbdən, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin əvəzsiz olaraq Mirqasımova X1 mülkiyyətinə verilməsi mümkün deyildir. İş materialında olan Azərbaycan Respublikasının Təhsil Nazirliyinin məktubunun surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən, ümümi sahəsi 222.2 kv.m təşkil edən fərdi yaradıcılıq emalatxanası Azərbaycan Respublikasının Təhsil Nazirliyinin balansında deyil. İş materialında olan Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məktubunun surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən, ümümi sahəsi 222.2 kv.m təşkil edən fərdi yaradıcılıq emalatxanası Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tabeliyində və balansında deyildir. İş materiallarında olan Hüquqi varisin müəyyən edilməsi barədə 12.05.2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin hüquqi varisi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti müəyyən edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət əmlakının özəlləşdirilməsinin təşkili şöbəsinin Əsasnaməsinin 3.0-cı bəndinə əsasən, şöbənin bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərindən irəli gələn aşağıdakı vəzifələri vardır: “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq kiçik dövlət müəssisə və obyektlərinin və icarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsinin həyata keçirilməsini təşkil etmək; dövlət əmlakının özəlləşdirilməsi prosesini tənzimləyən normativ-hüquqi, metodiki və digər sənədlərin layihələrinin hazırlanmasında iştirak etmək; kiçik dövlət müəssisə və obyektlərinin (avadanlıqların), tikintisi dondurulmuş, tikintisinin normativ müddətləri ötmüş və tikintisi başa çatdırılmamış obyektlərin, icarəyə verilmiş və istifadəsiz dövlət əmlakının, yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyriyaşayış sahələrinin özəlləşdirilməsini təmin etmək məqsədilə Xidmətin ərazi şöbələrində müvafiq ilkin sənədlərin hazırlanması və təqdim edilməsi ilə bağlı tədbirlər görmək, sənədlər toplusunu qəbul edib ekspertizasını keçirmək, obyektlərin özəlləşdirilməsi barədə sərəncam layihələrini hazırlamaq; icarəçilər tərəfindən satın alınmasından imtina edilən dövlət əmlakının özəlləşdirilməsi üzrə işləri təşkil etmək. Məhkəmə tərəflərin izahatını, həmçinin iş materiallarını araşdıraraq hesab edir ki, vəzifəli şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi vardır və onun əməli tam sübuta yetirilir. Məhkəmə Şəxs ifadəsini onun özünümüdafiə və məsuliyyətdən yayınmaq üçün verilmiş ifadə kimi qiymətləndirir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 may 2009-cu il tarixli icra sənədi müxtəlif bəhanələrlə bu vaxta kimi icra edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.1-ci maddəsinə əsasən məhkəmə, məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, xətanın xarakterini, Şəxs təqsirinin dərəcəsini nəzərə alaraq, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tədbiri – cərimə tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət əmlakının özəlləşdirilməsinin təşkili şöbəsinin müdiri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 1200 (min iki yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar