Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4202/2021 15.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi ilə, X3 iştirakı ilə, X3 Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Bölməsinin 20 sentyabr 2021-ci il tarixli, EPQ seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Bölməsinin 20 sentyabr 2021-ci il tarixli, EPQ seriyalı ******* saylı saylı qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X1 ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37ci Polis Bölməsinin 20 noyabr 2021-ci il tarixli EPQ ******* nömrəli qərarı ilə barəsində AR İXM-nin 211.3-cü maddəsinə əsasən 200 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi ilə bağlı qərar qəbul edilmişdir. Sözügedən qərar qanunsuz və əsassız olduğundan ləğv olunmalı, iş üzrə icraata xitam verilməlidir. 27.08.2021-ci il tarixində hər gün olduğu kimi səhər saatlarında Xırdalan şəhərindən Bakı sərnişin dəmiryolu vağzalına Sumqayıt-Xırdalan-Bakı sürət qatarı ilə gəlmişdir. Gələn zaman ağzında maska olmuşdur və qatardan düşəndən sonra maskanı çıxarmadan 28 May metro stansiyasının yanından iş yerinə getmək üçün 1 nömrəli avtobusa minmişdir. Onun maskada olmağı avtobusun video kameralarında qeyd olunmuşdur. X10 küçəsində, X2 yanında dayanacaqda dayanan zaman Xətai RPİ-nin 37-ci PB-nin sahə müvəkkili Süleymanlı Təyyar avtobusda maska taxmayan bir gənclə bərabər onun da avtobusdan düşməyini tələb etmişdir. O, da polisin tələbi üzrə avtobusdan düşmüşdür. T.Süleymanlı maska taxmayan gəncdən şəxsiyyət vəsiqəsini tələb etmiş, bu zaman o, ona “Bəs məni nə əsasla saxlamısız?” deyə sual vermişdir. O, ona maska taxmadığını bildirmişdir. T.Süleymanlı həmin gəncə cərimə yazdıqdan sonra ondan da şəxsiyyət vəsiqəsini tələb etmiş və o, ona şəxsiyyət vəsiqəsini təqdim etmişdir, eyni zamanda onun qaydalarını pozmadığını bildirmişdir. Bundan əlavə o, ona avtobusun video-kameralarındakı qeydlərə baxmağı təklif etmişdir, lakin o, videogörüntülərə baxmaqdan imtina etmişdir. Ona telefonun donduğunu bildirərək “Sən seyid nəvəsi deyilsən ki?” kinayə ilə sual vermiş və cərimənin yazılmadığını demişdir. Polis əməkdaşı haqsız olduğunu və onun öz haqqını tələb edəcəyini anlayıb onu aldadaraq, sistemin donduğunu və cərimənin yazılmadığını bildirmişdir. Hadisədən bir müddət sonra o, “e-gov.az” hökumət portalında “cərimələrim” bölməsinə baxdıqda onun adına cərimə yazıldığını görmüşdür. Müvafiq məsələnin araşdırılması ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət etsə də, ona məsələnin mübahisələndirilməsi, inzibati xəta üzrə icraata baxılması və xitam verilməsi ilə bağlı məhkəməyə müraciət etməyi bildirilmişdir. İnzibati tənbeh vermə haqqında qərarda EXP ******* nömrəli protokola və işin digər materiallarına baxılaraq müvafiq qərarın qəbul edilməsi qeyd edilmişdir. İşin digər materialları dedikdə heç bir materaial (sübut) araşdırılmamışdır. Əgər 1 nömrəli avtobusda olan kameraların videogöröntüləri araşdırılsaydı protokolun əsassız olduğu sübut olunardı. Eyni zamanda, həmin videogörüntü ilə işə baxılıb qərar verilməli idi. Buna görə də hesab edir ki, protokol üzrə inzibati araşdırma aparılmadan formal olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İnzibati xəta haqqında protokolla razı olmadığı təqdirdə iş vəzifəli şəxs tərəfindən araşdırılarkən ona məlumat verilməmiş, inzibati araşdırmada onu iştirakı təmin olunmamışdır. Bu da qərar qəbul edilərkən növbəti pozuntu olmasına dəlalət edir. Qeyd edilənlərə əsasən onun təqsiri yoxdur, buna görə də Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinin 20 noyabr 2021-ci il tarixli EPQ ******* nömrəli Qərarı ilə barəsində AR İXM-nin 211.3-cü maddəsinə əsasən 200 manat məbləğində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi ilə bağlı qərarı tam qanunsuz və əsassızdır. Beləliklə o, barəsində tərtib edilmiş 20 sentyabr 2021-ci il tarixli, EPQ seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X1 ərizəsində göstərdiyi xüsusatları təsdiqləyərək bir daha bildirmişdir ki maska üzündə olmuşdur və bununla əlaqədar şikayətinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, Xətai RPİ-nin 37-ci Polis Bölməsinin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Bölməsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Bölməsinin rəisi X5 tərəfindən tərtib edilmiş 20 sentyabr 2021-ci il tarixli, EPQ seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 211.3-cü maddəsinə əsasən bu Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə – fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti 28 avqust 2021-ci il tarixli Qərarı ilə koronavirus (COVİD- 19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 01 noyabr saat 00:00-dək uzadılmış, “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 sentyabr 2020-ci il tarixli 336 nömrəli Qərarının 2.1-ci hissəsində “1 sentyabr” sözləri “1 noyabr” sözləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” 29 may 2020-ci il tarixli 189 saylı Qərarı ilə Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi qaydaları müəyyən edilmişdir: 1.1. şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.); 1.2. bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla); 2.1.3. dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə; 1.4. fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində; 1.5. açıq sahəli ofislərdə və istehsalat yerlərində; 1.6. tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə; 1.7. ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə; 1.8. insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda. Həmin Qərarın 2-ci hissəsinə görə tənəffüs yollarını qoruyan fərdi vasitələrin istifadəsi yeni növ koronavirus (COVİD-19) infeksiyasına qarşı digər qoruyucu tədbirləri (gigiyena, sosial məsafə və s.) əvəz etmir və həmin qoruyucu tədbirlərin görülməsi davam etdirilməlidir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati tənbeh vermə haqqında 20 sentyabr 2021-ci il tarixli, EPQ seriyalı ******* saylı qərarda X3 İXM-nin 211.3-cü maddəsinin tələblərini pozduğu əsas gətirilərək, barəsində 200 manat məbləğində cərimə tətbiq edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 20 sentyabr 2021-ci il tarixli, EPQ seriyalı ******* saylı qərarda inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X6 barəsində qəbul edilmiş 20 sentyabr 2021-ci il tarixli, EPQ seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X3 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X3 şikayəti təmin edilməli, Bakı şəhəri Xətai RPİnin 37-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş 20 sentyabr 2021-ci il tarixli, EPQ seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 134-cü maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti qismən təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş 20 sentyabr 2021-ci il tarixli, EPQ seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-4202/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4202/2021
15.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver