Məhkəmə qərarları › İş №3(011)-4204/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4204/2025

11.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4204/2025 11.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X1, İnzibati xəta haqqında protokolu tərtib edən orqan Mərkəzi Bankın nümayəndəsi Nümayəndə iştirakları ilə, Hüquqi şəxs Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İXMnin 430.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati materiala baxaraq, MÜƏYYƏNETDİM: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs MMC tərəfindən 1.200.000 Rusiya rublu məbləğində vəsait bank vasitəsilə 18 aprel 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları"nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 1.200.000 Rusiya rublu məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 19 aprel 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bununla bağlı 10 iyun 2025-ci il tarixli EP seriyalı ******* saylı protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin direktoru X2 izahat verərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. O, bildirmişdir ki, şirkət (VÖEN: **********) 2022-ci ildən etibarən fəaliyyət göstərir. Şirkətin əsas fəaliyyət istiqaməti daxil olan sorğular əsasında təqdim olunan təkliflərə uyğun olaraq müxtəlif malların tədarüküdür. 2022-ci ildə mühərriklərlə bağlı daxil olmuş sorğu əsasında müştərilərlə danışıqlar aparılmış və sifarişin icra prosesinə başlanılmışdır. Bu məqsədlə mühərriklərin texniki vəziyyətinin yerində qiymətləndirilməsi və yeni podratçı ilə tanışlıq üçün Yekaterinburq şəhərinə ezam olunmuşdur. 21 dekabr 2022-ci il tarixində "xxxx" ММС (ООО «Корпэл») ilə mühərriklərin təmini üzrə xx-xx/2022 saylı müqavilə imzalanmışdır. Müqavilə şərtlərinə əsasən, işə başlanılması üçün "xxxx" MMC avans ödəmək öhdəliyini üzərinə götürmüşdür. Avans ödənişi 18 aprel 2023-cü il tarixində VTB Bank vasitəsilə həyata keçirilmiş və ödənilən məbləğ 1.200.000,00 Rusiya rublu təşkil etmişdir. Avansın alınmasından sonra "xxxx" MMC mühərriklərin hazırlanmasına başlamışdır. Hazırlanma müddətinin sonunda malların təhvil alınması məqsədilə qarşı tərəflə əlaqə qurulmuş. Korpel MMC şirkətinin verdiyi məlumata əsasən istehsalçı zavod tərəfindən məhsulların özəl şirkətlərə satışının müvəqqəti olaraq dayandırıldığı bildirmişdir. Mövcud siyasi vəziyyətlə əlaqədar olaraq zavod istehsal etdiyi mühərrikləri dövlətin daxili tələbatlarına yönəltmək barədə qərar qəbul etmişdır. Sözügedən amillər sifarişin icra müddətinə birbaşa təsir göstərmişdir. Şirkətimiz sifarişin icrasını gözləmək məcburiyyətində qalmışdır, çünki müştəriyə məxsus kran avadanlıqları Rusiya istehsalıdır və yalnız Rusiya mənşəli mühərriklərlə işləmə tələbi mövcuddur. Digər tərəfdən, avans ödənişi artıq həyata keçirildiyi üçün gözləmə, maliyyə baxımından zəruri və əsaslandırılmış olmuşdur. Məhsulun tədarükündə yaranmış ardıcıl gecikmələr nəticəsində, şirkət tərəfindən ödənilmiş avansın geri qaytarılması ilə bağlı tələb irəli sürülmüşdür. Bu məqsədlə 03 fevral 2025-ci il tarixində "xxxx" MMC-yə şirkət tərəfindən rəsmi müraciət olunmuşdur. Qarşı tərəf öhdəliklərin hissə-hissə yerinə yetirilməsi üçün möhlət verilməsi xahişi ilə müraciət etmiş və bu təklif şirkət tərəfindən qəbul olunmuşdur. 04 mart 2025-ci il tarixində "xxxx" MMC tərəfindən ПАО Сбербанк России vasitəsilə 700.000,00 Rusiya rublu geri ödəniş üçün bank əməliyyatı başlatmışdır. Lakin ödənişin icrası zamanı məlum olmuşdur ki, Rusiya Federasiyası Vergilər Nazirliyi tərəfindən "xxxx" MMC-yə yoxlama tətbiq edilmiş və yoxlama müddəti ərzində şirkətin bank hesablarında bütün maliyyə əməliyyatları dayandırılmışdır. Nazirliyin təqdim etdiyi qərara əsasən, heç bir əməliyyat 02 may 2025-ci il tarixinədək həyata keçirilə bilməzdi. 22 aprel 2025-ci il tarixində VTB Bank tərəfindən avans ödənişinə dair əlavə məlumatın təqdim edilməsi tələb edilmişdir. Cavab olaraq, şirkət yaranmış vəziyyəti izah edən sənədləri, avansın geri qaytarılması ilə bağlı rəsmi məktubu və Vergilər Nazirliyinin qərarını təqdim edərək möhlət verilməsini xahiş etmişdir. Vergilər Nazirliyinin yoxlaması başa çatdıqdan və bank hesablarındakı bloklama ləğv edildikdən sonra, "xxxx" MMC şirkəti "xxxx" MMC-yə məxsus olan VTB Bankın rubl hesabına 700.000,00 rublu geri qaytarmışdır. Korpel MMC-nin təqdim etdiyi məlumata əsasən, qalan 500.000,00 Rusiya rublu məbləğin ödənilməsi mümkün olan ən qısa müddətdə, lakin ən geci 31 dekabr 2025-ci il tarixinədək həyata keçirilməsi nəzərdə tutulmuşdur. Məhkəmə iclasında Mərkəzi Bankın səlahiyyətli nümayəndəsi Nümayəndə iş üzrə yekun qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. İş materiallarında olan ödəniş tapşırığı surətindən görünür ki, Şəxs MMC tərəfindən 18 aprel 2023-cü il tarixində “Bank VTB (Azərbaycan)” ASC vasitəsilə 1.200.000 Rusiya rublu məbləğində pul vəsaiti Azərbaycan Respublikasından kənara köçürülmüşdür. Məhkəmə inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, aşağıdakı əsaslara görə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X3 28 noyabr 2016-cı il tarixli 45/1 nömrəli “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın təsdiq edilməsi barədə Qərarının 4.3.1.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə belə qənaətə gəlir ki, təqdim edilmiş “Bank VTB (Azərbaycan)” ASC-dən çıxarışdan görünür ki, köçürülmüş 1.200.000 Rusiya rublu məbləğində vəsaitin 700.000 Rusiya rublu məbləğində valyuta vəsaiti geri qaytarılmışdır. Xaricə köçürülmüş vəsaitin qalan 500.000 Rusiya rublu məbləği isə valyuta konvertoru vasitəsilə bugünə olan valyuta məzənnəsinin tətbiqi ilə 6.408,25 ABŞ Dolları məbləğə bərabər olmaqla 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən az olduğu üçün Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkib əlaməti yaranmır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə görə həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMCnin əməlində inzibati xəta tərkibi müəyyən edilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53, 105 və 114cü maddələrini rəhbər tutaraq QƏRARAALDİM: İnzibati xəta tərkibi olmadığından hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar