Məhkəmə qərarları › İş №3(011)-4208/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4208/2025

23.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4208/2025 23.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərov Samid Sadiq oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyətinin direktoru X1 iştirakı ilə, Hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı Şəxs Qapalı Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 11 iyun 2025-ci il tarixli, EP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Qapalı Səhmdar Cəmiyyəti 19700.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 04 aprel 2023-cü il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 02 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq, 19700.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs AZPAL» Qapalı Səhmdar Cəmiyyətinin direktoru X3 çıxış edərək bildirmişdir ki, təmsil etdiyi hüquqi şəxs Şəxs QSC ilə “Techologies in metallurgy” S.R.O şirkəti arasında bağlanmış müqaviləyə əsasən 04 aprel 2023-cü il tarixində köçürmə ərizəsinə əsasən hüquqi şəxsin Bankda olan hesabından 19700.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsait Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş edilməklə köçürülmüşdür. Həmin məbləğ müqabilində “Techologies in metallurgy” S.R.O şirkəti müəyyən xidmətlərin göstərilməsini öz üzərinə götürmüş, lakin daha sonra müqavilənin şərtləri pozulduğundan və lazımi keyfiyyətdə xidmətlərin göstərilməsi təmin edilmədiyindən tərəflərindən şirkətlə bağlanmış podryat müqaviləsi üzrə olan borcun ödənilməsi barədə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edilmişdir. Hal-hazırda iş məhkəmənin icraatındadır. Odur ki, göstərilənlərə əsasən o, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 04 aprel 2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 19700.00 ABŞ dolları məbləğində xarici valyutada olan pul vəsaiti 04 aprel 2023-cü il tarixində "xxxx" ASC-də olan hesabından Azərbaycan Respublikasından kənara köçürülmüşdür; "xxxx" ASC-nin 11 aprel 2025-ci il tarixli məktubunun surətindən görünür ki, hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən “Azərbaycan Respublikasının rezidentlərinin və qeyri-rezidentlərin xarici valyutada əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü maddəsinə əsasən qabaqcadan ödənişlər aparıldığı gündən 2 ildən artıq müddət keçməsinə baxmayaraq malların ölkəyə idxalını, xidmətlərin göstərilməsini və ya qabaqcadan ödənilmiş məbləğin geri qaytarılmasını təsdiq edən sənədlər banka təqdim edilməmişdir; Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq və təşkilati işlər departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin hüquq məsləhətçisi Nümayəndə tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 11 iyun 2025-ci il tarixli, EP seriyalı ******* nömrəli protokoldan görünür ki, hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyəti 19700.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 04 aprel 2023-cü il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 02 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq, 19700.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır; Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-183/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, iddiaçı Şəxs QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Techologies in metallurgy” S.R.O.-dan iddiaçının xeyrinə müqavilə üzrə alınan 164000 ABŞ dolları məbləğində pulun, xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilə qədər olan dövr üçün 403,88 ABŞ dolları məbləğində cərimənin, mütəxəssislərin (ekspertlərin) cəlb edilməsi ilə bağlı 603000 ABŞ dolları məbləğində zərərin, 9800 ABŞ dolları məbləğində borc vəsaitləri üzrə faizlərin, 500.000 ABŞ dolları məbləğində itirilmiş mənfəətin, cəmi 734 503,88 ABŞ dolları 88 sent, hüquqi yardıma görə 1000 manat və 1415 manat dövlət rüsumunun tutularaq iddiaçı Şəxs QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iş üzrə kompleks texniki-tikinti və əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X2 20 fevral 2020-ci il tarixli 06/1 saylı qərarı ilə «Azərbaycan Respublikası Mərkəzi X2 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları»nda dəyişikliklər edilmiş, qərarın 4.3.1.3-cü yarımbəndi aşağıdakı redaksiyada verilmişdir. “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən valyuta tənzimi qaydalarının pozulması və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 11 iyun 2025-ci il tarixli, EP seriyalı ******* nömrəli protokolda hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyətinin 19700.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 04 aprel 2023-cü il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürməsi, lakin ödənişin aparıldığı gündən 02 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq, 19700.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməməsi, qabaqcadan ödənilmiş valyuta vəsaitin xaricdən geri qaytarılmaması qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən verilmiş 04 aprel 2023-cü il tarixli köçürmə ərizəsində hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyətinin 19700.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından həmin tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürməsi qeyd edilmişdir. Lakin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, “Techologies in metallurgy” S.R.O şirkəti ilə Şəxs QSC arasında bağlanmış müqaviləyə əsasən 04 aprel 2023-cü il tarixində bankda olan hesablarından qabaqcadan ödəniş etməklə 19700.00 ABŞ dolları məbləğində vəsait xaricə köçürülsə də, “Techologies in metallurgy” S.R.O tərəfindən müqavilənin şərtləri pozularaq razılaşdırılmış keyfiyyətdə xidmət göstərilmədiyindən iddiaçı Şəxs QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Techologies in metallurgy” S.R.O.-dan iddiaçının xeyrinə müqavilə üzrə alınan 164000 ABŞ dolları məbləğində pulun, xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilə qədər olan dövr üçün 403,88 ABŞ dolları məbləğində cərimənin, mütəxəssislərin (ekspertlərin) cəlb edilməsi ilə bağlı 603000 ABŞ dolları məbləğində zərərin, 9800 ABŞ dolları məbləğində borc vəsaitləri üzrə faizlərin, 500.000 ABŞ dolları məbləğində itirilmiş mənfəətin, cəmi 734 503,88 ABŞ dolları 88 sent, hüquqi yardıma görə 1000 manat və 1415 manat dövlət rüsumunun tutularaq iddiaçı Şəxs QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bununla da, məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan qərardadın məzmunundan aydın olduğu kimi malın idxal edilməməsi, xidmətin göstərilməməsi və ya ölkə xaricinə göndərilən pulun geri qaytarılmaması hüquqi şəxsdən asılı olmayan səbəblərdən, yəni onun təqsiri olmadan baş vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3cü yarımbəndinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2020-ci il tarixli Qərarından görünür ki, idxalda hesablaşmalarla bağlı müddət tələbinə əməl edilməməsi hələ özlüyündə inzibati tənbeh tədbirinin tətbiqi üçün kifayət edən əsas kimi çıxış etmir. Bununla bağlı Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il 19 dekabr tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Beləliklə, məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilən Şəxs QSC-nin 19700.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 04 aprel 2023-cü il tarixində Azərbaycan Respublikasından kənara köçürdüyünü, lakin ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçməsinə baxmayaraq ondan asılı olmayan səbəblərdən, yəni ixracatçı şirkətin təqsiri ucbatından 19700.00 ABŞ dolları dəyərindəki xidmətlərin göstərilməməsini, bu halın iş materiallarında olan sənədlərlə də öz təsdiqini tapmasını, işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, inzibati xəta tərkibi olmadığından hüquqi şəxs Şəxs QSC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs QSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar