Məhkəmə qərarları › İş №3(011)-4223/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4223/2025

14.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4223/2025 14.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X1 və hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X5 iştirakları ilə, hüquqi şəxs "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər idarəsi hüquqi şəxs "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 19 may 2025-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materiala əsasən, vətəndaşlar X9 və X4 xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi, S.Cəfərov küçəsində yerləşən "xxxx" MMC-də əmək müqavilələri Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən həkim-stomatoloq vəzifəsi üzrə işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Nəticədə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X10 izahatında göstərmişdir ki, 22 aprel 2025-ci il tarixdə "xxxx" MMC-ə məxsus klinikaya X8 tərəfindən yoxlama təyin olunmuşdur. Klinikada iki həkimin lisenziyasız fəaliyyət göstərdiyi aşkar edilmişdir. Özləri bildirmişlər ki, həkimlər cərimələnəcəklər, klinika və ya icarə verən şəxs yox. Bu səbədən X9 və X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş qaydada cərimələnmişlər. Yəni lisenziyası olmadan tibbi fəaliyyətlə məşğul olduqları üçün. Əgər klinikanın işçisi olsalar onlardan lisenziya tələb edilməməli idi, çünki klinikanın lisenziyası var. Həmçinin müfəttişliyə dəvət olunub onların izahatları alınmamışdır. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, göstərmişdir ki, X10 tərəfindən vətəndaşlar X9 və X4 xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi, S.Cəfərov küçəsində yerləşən "xxxx" MMC-də əmək müqavilələri Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən həkim-stomatoloq vəzifəsi üzrə işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. Odur ki, hüquqi şəxs "xxxx" MMC barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmənin iclasında şahid X9 izahatında göstərmişdir ki, 03 fevral 2025-ci il tarixdən "xxxx" MMC-ə məxsus klinikadan 13,1 kv.m sahəni icarəyə götürmüşdür. Sonra sertifikasiyaya getmiş, 2 ay sonra imtahan olmuş və keçmişdir. İcarə müqaviləsi bağladığı müddətdə fəaliyyət göstərməmişdir. Əvvəllər klinikalarda işləmiş, lakin bu klinikada işçi kimi işləməmiş, xəstə qəbul etməmişdir. Sadəcə yer qalsın deyə icarəyə götürmüş, lisenziya aldıqdan sonra fəaliyyətə başlayacaqdı. Otaqda gördükləri üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və cərimələnmişdir. Cəriməni hələ ödəməmişdir. Məhkəmənin iclasında şahid X4 izahatında göstərmişdir ki, "xxxx" MMC-ə məxsus klinikada 14,3 kv.m sahəni icarəyə götürmüşdür. Sertifikat əldə etdikdən və lisenziya aldıqdan sonra fəaliyyətə başlayacaqdı. Klinikanı bəyəndiyi üçün əvvəlcədən icarəyə götürmüşdür. Məhkəmə tərəflərin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, "xxxx" MMC barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 192.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: X11 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən tərtib olunmuş 19 may 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaşlar X9 və X4 xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi, S.Cəfərov küçəsində yerləşən "xxxx" MMC-də əmək müqavilələri Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən həkim-stomatoloq vəzifəsi üzrə işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Nəticədə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, № İNİL-204/2018 lisenziyadan görünür ki, "xxxx" MMC-ə özəl tibb fəaliyyətini həyata keçirməsi üçün lisenziya verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, № İNİL-204/2018/1 lisenziyanın əlavəsindən görünür ki, "xxxx" MMC-ə özəl tibb fəaliyyətinin ambulator tibb xidməti üzrə “2.24 stomatologiya” işlərinin görülməsinə icazə verilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun xx.xx.2017-ci il tarixli, № **********816200 dövlət reyestrindən çıxarışından görünür ki, "xxxx" MMC-nin hüquqi ünvanı ünvan 1xli, № 019599 diplomdan görünür ki, X9 2007-ci ildə Azərbaycan Tibb Universitetinə daxil olmuş və 2012-ci ildə Azərbaycan Tibb Universitetinin stomatologiya ixtisası üzrə tam kursu bitirmişdir. 10 yanvar 2025-ci il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən X10 "xxxx" MMC-də stomatoloji kabinet üçün 14,3 kv.m sahəni İcarəçi X4ə icarəyə vermişdir. 03 fevral 2025-ci il tarixli, № 01 icarə müqaviləsindən görünür ki, icarəyə verən X10 "xxxx" MMC-də stomatoloji kabinet üçün 13,1 kv.m sahəni X2 icarəyə vermişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin kassa mədaxil orderlərindən görünür ki, X9 və X4 tərəfindən icarə müqavilələri əsasında icarə haqları ödənmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Belə ki, 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Göründüyü kimi hətta hüquqi şəxs inzibati tənbeh ediləndə də, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi mütləq nəzərə alınası hallardır. Əgər hüquqi şəxsin həmin inzibati xəta nəticəsində hər hansı bir xeyir əldə etməsinə dair, bu xeyirin həcmi barədə sübut yoxdursa və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi barədə sübut yoxdursa, həmin hüquqi şəxs heç tənbeh də edilə bilmir. Əgər hüquqi şəxs həmin inzibati xətanı törətmişdirsə, onda inzibati tənbeh verilməlidir. İnzibati tənbeh verilərkən İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi nəzərə alınmalıdır. Lakin səlahiyyətli orqan inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi barədə ümumiyyətlə sübut təqdim etməmişdir. Yuxarıda da qeyd edildiyi kimi sübut təqdim etmək, inzibati xətanın törədilməsini təsdiq etmək səlahiyyətli orqanın vəzifəsidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC-nin direktoru X10 ilə X9 və X4 arasında əmək münasibətləri olmamışdır. Belə ki, X10 ilə X9 arasında 03 fevral 2025-ci il tarixli, № 01, X4 arasında 10 yanvar 2025-ci il tarixli icarə müqaviləsi imzalanmışdır. Həmin müqavilələrdə "xxxx" MMC “işəgötürən” qismində iştirak etməmişdir. Həmçinin X9 və X4 "xxxx" MMC-ə məxsus klinikada tibbi fəaliyyətlə məşğul olmamışlar. Bununla belə təqdim edilmiş qəbzlərdən görünür ki, mütəmadi icra ödənişi etmişlər. Klinikanın əməkdaşı olmadıqları üçün lisenziyarı olmadığı üçün AR İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində göstərilən əməli törətməkdə lisenziyarı olmadan tibbi fəaliyyətlə məşğul olmaqda təqsirli bilinərək, barələrində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bununla da, "xxxx" MMC-nin inzibati xəta törətməsi sübuta yetirilməmişdir. Beləliklə, hüquqi şəxsin inzibati məsuliyyətinin yaranmasına dair İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olub-olmaması ilə əlaqədar aşağıdakılar qeyd edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 18.2-ci maddəsinə əsasən, hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Beləliklə, hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilirsə, İXM-in 18.2-ci maddəsində sadalanmış şəxslərin inzibati xəta törətməsi sübut olunmalıdır ki, həmin inzibati xətaya görə hüquqi şəxsin inzibati məsuliyyəti yaransın. Həm də həmin şəxslərin törətdiyi ixtiyari bir inzibati xətaya görə hüquqi şəxs inzibati məsuliyyət daşımır. Həmin şəxslərin törətdiyi o, inzibati xətalara görə hüquqi şəxs məsuliyyət daşıyır ki, həmin şəxslərin törətdiyi inzibati xəta hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilmiş olsun. Yəni İXM-nin 18-ci maddəsinə əsasən, hər bir pozuntu İXM-nin inzibati məsuliyyətinə səbəbə olmur, yalnız o inzibati xətalara görə hüquqi şəxs məsuliyyət daşıyır ki, həmin inzibati xəta hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilmiş olsun. Lakin belə bir əsaslandırma protokolda ümumiyyətlə aparılmamışdır. Protokolda ümumiyyətlə həmin işçinin və ya vəzifəli şəxsin törətdiyi inzibati xəta nəticəsində hüquqi şəxsin hansı xeyir gördüyü (xeyirin nədən ibarət olması, nə qədər olması) və ya hüquqi şəxsin hansı marağının qorunduğu qeyd edilməmişdir. Bu barədə sübutlar ümumiyyətlə toplanılmamışdır ki, hüquqi şəxs hansısa xeyir gördü və ya hansısa marağı qorundu. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 75-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar, inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar müəyyən edilməlidir. 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 105.1-ci maddəsinə görə həmin Məcəllənın 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, hüquqi şəxs "xxxx" MMC-nın barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53.0.2, 105.1-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Hüquqi şəxs "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar