Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4244/2022 18.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə 13 oktyabr 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokolda qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus kilinikada planlı yoxlama zamanı lisenziyadan kənar – MRT müayinə, revmatoloji, immunogenetika – PZR müayinə, allerqoloji, mikrobioloji yaxma, kosmetoloji, antibiotikə həssaslıq, onkoloji, cərrahi stomatologiya – iş və fəaliyyət ilə məşğul olunması aşkar edilmişdir. Nəticədə hüquqi şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin etibarnamə üzrə nümayəndəsi X4 Şəxs MMC-nin barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, plan üzrə yoxlama aparılarkən Şəxs MMC-də “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli Qərarının 2.27.3-cü bəndində göstərilən nüvə-maqnit rezonansının tətbiq edilməsi ilə bağlı müvafiq lisenziyanın əldə olunmaması halı aşkar edilmişdir. Beləliklə o, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyini bildirərək barəsində qanunvericilikdə nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, məhkəmə, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza X9 şöbəsinin mütəxəssisi X7 tərəfindən tərtib olunmuş 13 oktyabr 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus kilinikada planlı yoxlama zamanı lisenziyadan kənar – MRT müayinə, revmatoloji, immunogenetika – PZR müayinə, allerqoloji, mikrobioloji yaxma, kosmetoloji, antibiotikə həssaslıq, onkoloji, cərrahi stomatologiya – iş və fəaliyyət ilə məşğul olunması aşkar edilmiş, nəticədə hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin özəl tibb müəssisənin 12-13 oktyabr 2022-ci il tarixli 534 nömrəli planlı (növbəti) yoxlama aktından görünür ki, Şəxs MMC-yə məxsus klinikada böyük olduğu üçün xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə 2 iş günündə planlı yoxlama aparılmışdır. Yoxlama zamanı aşkar edilmişdir ki, müəssisədə görülən işlər üzrə tibbi sənədləşmə xx.xx.2016-cı il tarixli 100 saylı Əmr-ə əsasən təsdiq edilmiş formada aparılsada, kitablarda lazımi qeydlər tam doldurulmur. Böyüklər, uşaqlar və stomatoloji pasientlərin ambulator tibbi kartları açılmır (sığorta pasientlərinə aparılır). Pasientlərin qəbulu, qeydiyyatı ümumi elektron, FOİXET proqramı ilə və ambulator qeydiyyat jurnalı ilə hər həkimin öz müayinə otağında özü tərəfindən aparılır. Müəssisədaxili tibbi tullantıların idarə olunmasına dair tələblər təlimatına əsasən işlər qismən uyğunlaşdırılıb (Əmr cavabdeh şəxs təyini, təsnifatı üzrə tullantılarla işləri qaydalarına dair təlimatlar, dezinfeksiya işləri, bölmələr üzrə təhvil-təslim qeydiyyat jurnalı, qabların üzərində qeydlər, müvəqqəti saxlanılması üçün şərait). Oftalmoloji iş üzrə istifadə edilən avadanlıqların normativ-texniki tələblərə uyğunluğu haqda təsdiqedici sənədlər təqdim edilməmişdir. İonlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların istismarına nəzarətin “Radioloji” gigiyenik pasportunun vaxtı xx.xx.2020-ci il tarixdə bitmişdir. Narkotik vasitələrin, psixotrop, güclü təsir edən maddələrin saxlanılma şəraiti tələblərə uyğunlaşdırılmamışdır. Saxlanılma otağında “Video nəzarət” sisteminin avadanlığı yerləşdirilib, əlavə əşyalar var, kondisioner, hiqrometr və soyuducu ilə təmin edilməmişdir. Müəssisədə ambulator xidmətlərin cərrahi işlər üzrə kiçik əməliyyat zalının və sarğı otağının keçidi sahəsində (əməliyyatönü otaqda) yaradılmış sterilizasiya sahəsində tibbi alətlərin yuyulması, dezinfeksiyası, sterilizasiyaya qədər təmizlənməsi, sanitariya normalarına və qaydalarına uyğun aparılması üçün şərait yaradılmayıb, texnoloji axın-ardıcıllığı göstərilmir, çirkli-təmiz zonalarda bölgüyə riayət edilmir, dezinfeksiyaedici işçi məhlulun saxlanılma qabının üzərində hazırlanma tarixi, adı, faizi barədə qeydlər yoxdur. Dezinfeksiyaedici məhlulların təlimatları yoxdur. Stomatoloji kabinetdə sterilizasiya sahəsində eyni nöqsanlar aşkar edilmişdir, avtoklokda paketlənmiş ayrı-ayrı tarixlərdə sterilizasiya edilmiş stomatoloji alətlər saxlanılmışdır (əməliyyat blokunda sterilizasiya sahəsində). Ambulator xidmət üzrə aşağıdakı nöqsanlar aşkar edilmişdir. Bəzi müayinə kabinetlərinin azlıq təşkili və bir neçə ayrı-ayrı ixtisaslar üzrə həkimlərin bir otaqda yerləşdirilməsi (revmatoloq-allerqoloq-terapevt) ayrı-ayrı profilli cərrahlar. Cərrah işinə zal (2 maska var kiçik əməliyyat zalında) sterilizasiya sahəsi sarğı otaqla əlaqəsi. Həkim travmatoloq-ortopedik fəaliyyətinin stasionara qəbul bölməsində göstərilməsi (ayrıca gips otağı). Müəssisənin İİ binasında MRT-prosedurunun otaqları, yanaşı kosmetolojiyə isə aid lazer epilyasiya proseduru otağı. Yeni tikilmiş binada ayrıca laboratoriya işinin təşkili (immunogenetika, mikrobioloji bölmələr) yaradılıb hazırda fəaliyyət göstərmir. Kosmetoloji kabinetdə əmək müqaviləsiz Qurbanova Xanım və İmanlı Natella lazer epilyasiyası ilə məşğul olurlar. Laboratoriya sahəsində soyuducuların və otaqların termometr nəzarət qeyd jurnalı aparılmır, reagentlərin təlimatları yoxdur, kontrol-kalibrovka işlərin qeydiyyat jurnalı, aparatların işləmə prinsiplərinin təlimatları mövcud deyil. Laboratoriya sahəsində asma tavan mövcuddur. Bəzi tibbi işçilərinin 3 və 5 illik tibb təcrübəsi olmadığı halda özəl tibb fəaliyyəti ilə məşğul olduqları müəyyən edilmişdir. Havalandırma sisteminin texniki qulluq haqqında icra sənədləri baxışa təqdim olunmamışdır. Stasionarda görülən cərrahi işlər üzrə - ümumi cərrah, neyrocərrah, uroloji, ginekoloji, travmatoloq-ortopedik, plastik cərrah, lor – cəmi 20 çarpayı, 1 reanimasiya zalı, əməliyyat bloku – 3 əməliyyat zalı, sterilizasiya sahəsindən ibarət şöbə fəaliyyət göstərir. Müəssisədə praktiki fəaliyyət göstərən bəzi işçilər ixtisasına uyğun - əmək müqaviləsi üzrə terapevt-həkim onkoloq – çalışmırlar (X2). Lisenziyadan kənar iş və fəaliyyət aşkar edilmişdir (MRT müayinə, revmatoloji, laboratoriya- immunogenetika – PZR müayinə, allerqoloji, mikrobioloji yaxma, kosmetoloji, antibiotikə həssaslıq, onkoloji, cərrahi stomatologiya). Həkim stomatoloqun otağında kəlbətin aşkar edilmişdir. Fotoşəkillər çəkilərək akta əlavə olunmuşdur. Həmçinin aktın qeyd hissəsində Şəxs MMC-nin nümayəndəsi Namiq Cəbrayılov bildirmişdir ki, qeyd olunan nöqsanlarla qismən razıdırlar. Kosmetoloji fəaliyyətlə bağlı qeyd etməlidir ki, onlara heç bir aidiyyatı yoxdur. Obyektin sahibi tərəfindən icarəyə verilmişdir. Müəssisədə cərrahi stomatologiya ilə məşğul olunmur. Ölkədə tibb üzrə kadr çatışmazlığı mövcud olduğundan 3 ildən aşağı təcrübəsi olmayan tibb işçilərini işə götürmüşlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli 916 saylı Qərardan görünür ki, Şəxs MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən klinikada AEM-nin Tibbi Nəzarət şöbəsinin baş mütəxəssisi X5, AEM-nin Tibbi Nəzarət şöbəsinin baş mütəxəssisi X3, AEMnin Tibbi Nəzarət şöbəsinin mütəxəssisi X7, AEM-nin Tibbi Nəzarət şöbəsinin mütəxəssisi X10, AEM-nin Tibbi Nəzarət şöbəsinin mütəxəssisi X11 və AEM-nin Hüquq şöbəsinin baş hüquq məsləhətçisi X14 tərəfindən planli (növbəti) yoxlamanın keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli MİHO/1.3.1-2-2022- 18543 saylı məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən klinikada keçiriləcək yoxlama barədə Şəxs MMC-yə məlumat verilmişdir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 6 oktyabr 2022-ci il tarixli KY221779506 seriyalı çıxarışdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli 916 saylı Qərar əsasında Şəxs MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən klinikada aparılacaq yoxlama barədə məlumat vahid məlumat reyestrinə daxil edilmişdir. İş materiallarında olan əmək müqaviləsi bildirişlərinin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnamələrinin surətlərindən görünür ki, X2, X6 və X8 öz ixtisasları ilə əlaqəli olmayan digər vəzifələrə təyin edilmişlər. İş materiallarında olan tibbi müayinə haqqında çıxarışlardan görünür ki, Şəxs MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən klinikada MRT (maqnetik rezonans tomoqrafiyası), antibiotikə həssaslıq, PCR testləri və cərrahi stomatologiya fəaliyyəti həyata keçirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 215.1-ci maddəsinə əsasən tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Belə ki, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 27.1ci maddəsinə əsasən lisenziya (icazə) sahibinin lisenziyanın və icazənin şərtlərinə riayət etməsinə nəzarət müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş qaydada həyata keçirilir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən bu Qanunun tələblərinin, lisenziya və icazə şərtlərinin pozulmasına görə lisenziyanın (icazənin) sahibi Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyır. Həmin Qanuna 1 nömrəli əlavədə lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısında özəl tibb fəaliyyəti qeyd edilmişdir. “Özəl tibb fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən özəl tibb müəssisəsi tibbi fəaliyyətin müəyyən növləri üzrə qanunvericiliyə uyğun olaraq verilən xüsusi razılıq olduqda və tibbi fəaliyyətin hər bir növü üzrə müvafiq ixtisasa malik mütəxəssislərlə əmək müqaviləsi bağladıqda özəl tibbi fəaliyyətlə məşğul ola bilər. Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, 12-13 oktyabr 2022ci il tarixli 534 nömrəli planlı (növbəti) yoxlama aktı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus kilinikada planlı yoxlama zamanı lisenziyadan kənar – MRT müayinə, revmatoloji, immunogenetika – PZR müayinə, allerqoloji, mikrobioloji yaxma, kosmetoloji, antibiotikə həssaslıq, onkoloji, cərrahi stomatologiya – iş və fəaliyyət ilə məşğul olunması aşkar edilmişdir. İş materiallarına əlavə olunmuş tibbi müayinə çıxarışlarından və əmək müqaviləsi barədə bildirişlərdən də məlum olur ki, Şəxs MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən klinikada MRT (maqnetik rezonans tomoqrafiyası), antibiotikə həssaslıq, PCR testləri və cərrahi stomatologiya fəaliyyəti həyata keçirilmiş, həmçinin bəzi işçilər öz ixtisaslaşdıqları sahədən fərqli olan vəzifələrə təyin edilmişlər. Bununlada, hüquqi şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 215.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapmışdır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 6000 (altı min) manat məbləğində inzibati cərimə cəzası tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-4244/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4244/2022
18.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver