Məhkəmə qərarları › İş №3(011)-4249/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4249/2022

14.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4249/2022 14.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Bəxtiyar Şahfirudin oğlu Məmmədovun sədrliyi, məhkəmə iclas katibi Muradov Orxan Rüstəm oğlunun katibliyi, Şəxs MMC-nin qanuni təmsilçisi X1 iştirakı ilə Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati materiala baxaraq, MÜƏYYƏNETDİM: İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MMC 64741.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən 18 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, ödənişin aparıldığı vaxtdan 02 ildən artıq müddət keçməsinə baxmayaraq, 64741.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxal olunmasını təsdiq edən gömrük bəyannaməsini və ya xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti isə xaricdən geri qaytarılmamışdır. Bununla bağlı 05 oktyabr 2022-ci il tarixli EP seriyalı ******* saylı protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin qanuni təmsilçisi X3 inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, 05 oktyabr 2022-ci il tarixli EP seriyalı ******* saylı protokol Şəxs şirkətinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan tərtib edilmiş, belə olan halda isə şirkət sübutları təqdim etmək hüququndan məhrum edilmişdir. Şəxs MMC ilə “X4” şirkəti arasında olan müqaviləyə əsasən 5 ödəniş tapşırığı üzrə müxtəlif məbləğlərdə, ümumilikdə 270300 ABŞ dolları məbləğində pul köçürülmüşdür. İnzibati xəta haqqında protokolda göstərilmiş 64741.00 ABŞ dolları həmin köçürülən məbləğlərə daxildir. **********7395, **********3023 və **********6395 saylı gömrük bəyannamələrinə əsasən 91120, 89080 və 90100 ABŞ dolları məbləğində mallar xx.xx.2020, xx.xx.2020 və xx.xx.2020-ci il tarixlərdə ölkəyə idxal edilmişdir. Beləliklə, inzibati xəta hadisəsi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Mərkəzi Bankın səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə Mərkəzi Bankın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan ödəniş tapşırığının surətindən görünür ki, Şəxs MMC tərəfindən "X4" şirkətinə 18 sentyabr 2020-ci il tarixində 64741.00 ABŞ dolları məbləğində vəsait köçürülmüşdür. Şəxs MMC tərəfindən məhkəməyə təqdim edilən və iş materiallarına əlavə edilmiş ödəniş tapşırıqlarından görünür ki, Şəxs MMC tərəfindən "X4" şirkətinə 11 sentyabr 2020ci il tarixində 69721.00 ABŞ dolları, 18 sentyabr 2020-ci il tarixində 64741.00 ABŞ dolları, 03 noyabr 2020-ci il tarixində 100000.00 ABŞ dolları, 24 noyabr 2020-ci il tarixində 35538.00 ABŞ dolları və 07 dekabr 2020-ci il tarixində 300.00 ABŞ dolları, ümumilikdə 270300 ABŞ dolları məbləğində vəsait köçürülmüşdür. "X4" şirkətinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Şəxs MMC tərəfindən köçürülmüş 270300 ABŞ dolları məbləğində vəsait hesabına mallar göndərilmişdir. **********7395, **********3023 və **********6395 saylı gömrük bəyannamələrinə əsasən 91120, 89080 və 90100 ABŞ dolları, ümumilikdə 270300 ABŞ dolları məbləğində mallar xx.xx.2020, xx.xx.2020 və xx.xx.2020-ci il tarixlərdə ölkəyə idxal edilmişdir. İnzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, aşağıdakı əsaslara görə hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi X2 28 noyabr 2016-cı il tarixli 45/1 nömrəli “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın təsdiq edilməsi barədə Qərarının 4.3.1.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə görə həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İş materiaallarına əlavə edilmiş gömrük bəyannamələri ilə sübuta yetirildi ki, Şəxs MMC 64741.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən 18 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş və həmin vəsait hesabına alınan mallar 02 il tamam olmadan ölkəyə idxal etmişdir. Buna görə də hüquqi şəxsin əməlində inzibati xəta tərkibi müəyyən edilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53.1.2, 105.1-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİM: İnzibati xəta tərkibi olmadığından hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar