Məhkəmə qərarları › İş №3(011)-4249/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4249/2025

07.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4249/2025 07.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi ilə, hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin etibarnamə üzrə nümayəndələri X6 və X3 iştirakı ilə, hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş 00100-00521/25 saylı, 03 mart 2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin ünvanına ABŞ-da fəaliyyət göstərən "X7 Company" şirkətindən 01CP736/99ZA188 nömrəli nəqliyyat vasitəsilə göndərilmiş və Bakı Baş Gömrük İdarəsində **********3839 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilmiş mallara dair qısa idxal bəyannaməsi mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada təqdim etməmişdir. Həmçinin Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33- 1100/012/036172 nömrəli xx.xx.2024-cü il tarixli raportun icrasından görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin ünvanına ABŞ-da fəaliyyət göstərən "X7 Company" şirkətindən 77DE533/99YE533 nömrəli nəqliyyat vasitəsilə göndərilmiş və Bakı Baş Gömrük İdarəsində **********3803 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilmiş mallara dair qısa idxal bəyannaməsi mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada təqdim etməmişdir. Dövlət Gömrük Komitəsinin "X2 Sistemi" informasiya resursundan "avtomobil nəqliyyatı ilə daşınan mallara" dair çıxarışdan görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin ünvanına göndərilmiş hər iki raportda qeyd olunmuş yüklər xx.xx.2024-cü il tarixdə 03:13-03:14 radələrində "Qırmızı Körpü" gömrük postundan keçməklə ölkə ərazisinə daxil olmuş, **********3839 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilmiş mallara dair **********8795 sorğu nömrəli qısa idxal bəyannaməsi xx.xx.2024-cü il tarixdə saat 17:22-də, **********3803 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilmiş mallara dair **********8547 sorğu nömrəli qısa idxal bəyannaməsi xx.xx.2024-cü il tarixdə saat 15:55-də gömrük orqanına təqdim edilmişdir Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin etibarnamə üzrə nümayəndəsi X4 izahat verərək özlərini qismən təqsirli bildiklərini, qarşı tərəfin müvafiq məlumatları onlara gec verdiklərini və bu səbəbdən də bəyannaməni gec təqdim etdiklərini bildirmişdir. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1 Vüqar Zülfüqar oğlunun dediklərini təsdiq edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati protokol tərtib etmiş səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə səlahiyyətli orqanın nümayəndərinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 485.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. “Malların və nəqliyyat vasitələrin gömrük sərhəddindən keçirilməsi üçün “Yaşıl dəhliz” və “digər buraxılış sistemlərində istifadə qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 920 saylı, 21 may 2016-cı il tarixli fərmanının 2.2 bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Marketinq və İqtisadi Əməliyyatlar» İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Belə ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi tərəfindən Bakı Baş Gömrük İdarəsində raportda qeyd olunmuş yüklər xx.xx.2024-cü il tarixdə 03:13- 03:14 radələrində "Qırmızı Körpü" gömrük postundan keçməklə ölkə ərazisinə daxil olmuş, **********3839 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilmiş mallara dair **********8795 sorğu nömrəli qısa idxal bəyannaməsi xx.xx.2024-cü il tarixdə saat 17:22də, **********3803 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilmiş mallara dair **********8547 sorğu nömrəli qısa idxal bəyannaməsi xx.xx.2024-cü il tarixdə saat 15:55-də gömrük orqanına təqdim edilmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar