Məhkəmə qərarları › İş №3(011)-4253/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4253/2023

06.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4253/2023 06.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi ilə, X1 nümayəndəsi “Femida” Vəkil Bürosunun vəkili Nümayəndə iştirakı ilə, X3 Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş 09 oktyabr 2023-cü il tarixli 00800/01114 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş 09 oktyabr 2023-cü il tarixli 00800/01114 saylı inzibati xəta haqqında qərarın ləğvi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 4420 manat məbləğində inzibati cərimə edilmişdir. Qərara əsasən o, xx.xx.2017-ci il tarixli **********9983 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac edilən malların müqabilində 5200 ABŞ dolları (8840 manat) məbləğində qalıq vəsait müvəkkil bankdakı hesabına köçürülməmiş, buna görə də xətakardır. Səlahiyyətli orqanın mövqeyinə görə, xx.xx.2017-ci il tarixində ixrac olunmuş malın müqabilində 5200 ABŞ dolları pul vəsaiti ən geci xx.xx.2017-ci il tarixinə qədər onun hesabına qayıtmalı idi. Həmin pul vəsaiti müvafiq hesaba daxil olmadığına görə xx.xx.2017-ci il tarixində İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi baş vermişdir. Göründüyü kimi inzibati tənbeh vermə haqqında qərar xx.xx.2023-cü il tarixində, yəni ehtimal olunan inzibati xətanın baş verdiyi gündən 06 il 28 gün sonra qəbul olunmuşdur. Oxşar hüquq münasibətlərini tənzimləyən İXM-nin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati məsuliyyət nəzərdə tutumuşdur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 19 dekabr 2019-cu il tarixli qərarına əsasən məhkəmələr Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədildiyini müəyyən edərkən nəzərə almalıdırlar ki, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları" ilə müəyyən edilmiş müddət ərzində mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, habelə ödənilmiş məbləğ geri qaytarılmadıqda, növbəti gün inzibati xətanın törədilməsi günü hesab edilir. Bu halda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh, inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Hesab edir ki, İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalara İXM-nin 38.1-ci maddəsi tətbiq olunduğu kimi, İXM-nin 483-cü maddəsinə də inzibati məsuliyyətə cəlbetmə müddətini ehtiva edən həmin norma tətbiq olunmalıdır. Hazırki şikayətin predmeti olan qərarda ehtimal olunan inzibati xətanın uzanan olmasına işarə edən hər hansı mötəbər dəlilə istinad olunmamışdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 sentyabr 2018-ci il tarixli Qərarına əsasən “Uzanan hüquqpozuntuları” isə (cinayət, xəta) başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. Uzanan hüquqpozuntusunun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu, onun əsas meyarıdır. İnzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən qeyd etmək olar ki, uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. "Uzanan hüquqpozuntulan”nın bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda - qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Qərara Azərbaycan Respublkası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda şərh olunmuş bəzi qərarlarının mətnini formal olaraq köçürülsə də, səlahiyyətli orqan öz mövqeyini əsaslandıra, 05 il 28 gün gecikmənin səbəblərini izah edə bilməmişdir. Səlahiyyətli orqan qərarda göstərmişdir ki, İXM-nin 483-cü maddəsi blanket norma olduğuna görə o, uzanan hesab olunmalıdır. Halbuki, qeyd olunan yanaşma İXM-nin 9.2 və 38.2-ci maddələrinin mənaları ilə uzlaşmır. X1 nümayəndəsi “Femida” Vəkil Bürosunun vəkili Nümayəndə şikayəti müdafiə edərək Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş 09 oktyabr 2023-cü il tarixli 00800/01114 saylı inzibati xəta haqqında qərarın ləğvi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə şikayət ərizəsini, şikayətçinin nümayəndəsinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Anar Cahangirov tərəfindən qəbul edilmiş 09 oktyabr 2023-cü il tarixli 00800/01114 saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X4 xx.xx.2017-ci il tarixli **********9983 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac edilən malların müqabilində 5200 ABŞ dolları (8840 manat) məbləğində qalıq vəsait müvəkkil bankdakı hesabına köçürməmiş, İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən 4420 manat məbləğində cərimə olunmuşdur. X2 tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən gömrük qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Bu kateqoriya işlər üzrə inzibatı xətanın baş vermə anı 180 günün bitməsindən başlayır və bu tarixdən bir il keçdikdə İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçmiş olur. Bu konkret inzibati xətadır və bu kateqoriya olan inzibati xətalar uzanan inzibati xətalara aid edilə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X4 tərəfindən tərəfindən ixrac edilmiş yüklər xx.xx.2017-ci il tarixdə bəyan edilmiş, həmin yük müqabilində köçürülməli olan məbləğ bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində, yəni xx.xx.2017-ci il tarixədək köçürülməli idi. Göründüyü kimi həmin gündən 01 ildən çox vaxt keçmişdir. Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən inzibati tənbeh vermə haqqında qərar isə 09 oktyabr 2023-cü il tarixdə qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda başlanmış icraata xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, X3 şikayəti təmin edilməli, onun barəsində Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş 09 oktyabr 2023-cü il tarixli 00800/01114 saylı inzibati xəta haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARAALDİM: X3 şikayəti təmin edilsin. X3 barəsində Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş 09 oktyabr 2023-cü il tarixli 00800/01114 saylı inzibati xəta haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar