Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-426/2022 10.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlunun, Təhməzov Nihad İlham oğlunun katibliyi, Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Bölməsinin sahə inspektoru polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1980-ci ildə Füzuli şəhəri, Horadiz kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, natamam təhsilli, fərdi əməklə məşğul olan, Füzuli şəhəri, Horadiz kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Bölməsindən daxil olmuş 09.02.2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs 09 fevral 2022-ci il tarixdə Xətai rayonu, Neapol 2 ünvanında yerləşən “Neapol” şadlıq sarayında karantin qaydalarının pozulması ilə müşayiət olunan toy təşkil etmişdir. Bununla da onun barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmçinin, Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Bölməsindən daxil olmuş 09.02.2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs 09 fevral 2022-ci il tarixdə “Neapol” şadlıq sarayında bir neçə dəfə xəbərdarlıq edilməsinə baxmayaraq karantin qaydaları ilə bağlı nöqsanları aradan qaldırmamışdır. Bununla da onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, “Neapol” şadlıq sarayında inzibatçı vəzifəsində çalışır. 09.02.2022-ci il tarixdə keçirilən toy mərasimində nəzərdə tutulmuş qonaq sayından artıq qonaq gəldiyi üçün bir masa ətrafında məcburiyyətdən 8, 10, 12 nəfər qonaqların əyləşməsi və ümumii qonaq sayının 150 nəfərdən artıq olaraq 180-190 nəfərlik toy mərasimi təşkil olunmuşdur. Bundan əlavə ilkin olaraq polis əməkdaşları həmin o artiq olan stulların yığışdırılmasını tələb etmiş, ilkin olaraq həmin stullar yığışdırılmış, daha sonra yenidən stolaarın ətrafına düzmüşlər. Polis əməkdaşları yoxlama zamanı bu halı aşkar edərək İXM-nin 211.1-ci maddəsinin tələblərini pozduğunu bildirərək onu 35-ci Polis Bölməsinə dəvət etmişlər. Beləliklə o, əməlindən peşman olduğunu və bir daha belə hallara yol veməyəcəyini bildirərək barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Bölməsinin sahə inspektoru polis baş leytenantı X2 protokolun məzmununa uyğun izahat verərək Şəxs İXM-nin 211.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində müvafiq olaraq 09.02.2022-ci il tarixli protokol tərtib olunduğunu bildirmiş və bu səbəblə Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: inzibati qaydada tutma haqqında 09 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 22:00-da tutulmuşdur; Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin sahə inspektoru polis baş leytenantı X2 tərəfindən tərtib edilmiş 09.02.2022-ci il tarixli MN seriyalı ******* saylı protokoldan görünür ki, Şəxs 09 fevral 2022-ci il tarixdə Xətai rayonu, Neapol 2 ünvanında yerləşən “Neapol” şadlıq sarayında karantin qaydalarının pozulması ilə müşayiət olunan toy təşkil etmişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin sahə inspektoru polis baş leytenantı X2 tərəfindən tərtib edilmiş 09.02.2022-ci il tarixli MN seriyalı ******* saylı protokoldan görünür ki, Şəxs 09 fevral 2022-ci il tarixdə “Neapol” şadlıq sarayında bir neçə dəfə xəbərdarlıq edilməsinə baxmayaraq karantin qaydaları ilə bağlı nöqsanları aradan qaldırmamışdır. Məhkəmə, tərəflərin izahatlarını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə iclasında verdiyi izahatı, eləcə də inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021ci il 26 may tarixli, 151 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyun 2021-ci il tarixli, 177 saylı Qərarının 2.5-3.1-ci bəndinə əsasən şənlik mərasimləri “İctimai iaşə müəssisələrində koronavirus (COVİD-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”də müəyyən olunmuş tələblərə uyğun təşkil edilməli, qonaqların ümumi sayı 150 (yüz əlli) nəfərdən çox olmamalı və şənlik mərasiminin keçirildiyi məkanın sahəsi nəzərə alınmaqla hər bir zal üzrə qonaq tutumu müəyyənləşdirilməlidir. Həmin Qərarın 2.5-3.3-cü bəndinə əsasən 50 nəfərdən 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqların COVİD-19-a qarşı tam peyvənd olmaları və ya COVİD-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi (bundan sonra – COVİD-19 pasportu) olmalıdır və şənlik mərasimlərində iştirak edən qonaqlar üçün tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə tələb olunmur. Həmin Qərarın 2.5-3.8-ci bəndinə əsasən bu Qərarın 2.5-3.1-2.5-3.7-ci bəndlərinin tələbləri pozulmaqla şənlik mərasimlərinin keçirilməsi qadağandır. Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr, vəzifəli şəxslər və vətəndaşlar: təsdiq edilmiş sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl etməli; sanitariya-epidemioloji salamatlığın təmin edilməsinə, xəstələnmə hallarının qarşısının alınmasına və azaldılmasına, ətraf mühitin sağlamlaşdırılmasına yönəldilən sanitariya-gigiyena tədbirləri və epidemiya əleyhinə tədbirlər görməli; dövlət sanitariya nəzarətini həyata keçirən vəzifəli şəxslərin tələblərinə əməl etməli; dövlət sanitariya nəzarətini həyata keçirən orqanlara və idarələrə sanitariyaepidemioloji vəziyyət, radiasiya şəraiti və qəzalar haqqında dəqiq və dolğun məlumat verməlidirlər. Həmin Qanunun 25-ci maddəsinə əsasən dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar yoluxucu, parazitar, peşə xəstəliklərinin və kütləvi qeyri-yoluxucu xəstəliklərin, o cümlədən radiasiya amili ilə bağlı olan xəstəliklərin əmələ gəlməsinin və yayılmasının qarşısını almaq, habelə belə xəstəliklər əmələ gəldikdə onları ləğv etmək üçün vaxtında tədbirlər görülməsini təmin etməlidirlər. Həmin Qanunun 38-ci maddəsinə əsasən Azərbaycan Respublikasının sanitariya qanunvericiliyinə, o cümlədən qüvvədə olan sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməməsi, epidemiya əleyhinə tədbirlərin görülməməsi, Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji xidməti orqanları və idarələri vəzifəli şəxslərinin rəylərinin, qərarlarının və göstərişlərinin yerinə yetirilməməsi ilə əlaqər vətəndaşların hüquqlarına və cəmiyyətin mənafeyinə toxunan qeyri-hüquqi, təqsirli hərəkət sanitariya sahəsində hüquq pozuntusu sayılır. Sanitariya sahəsində hüquq pozuntularına yol vermiş vəzifəli şəxslər və vətəndaşlar inzibati, cinayət və mülki-hüquq məsuliyyətinə cəlb edilə bilərlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcələnin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Məhkəmə, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini, inzibati məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılıq çəkməsini (İXM-nin 32.1.1), ağırlaşdıran halların müəyyən olunmamasını və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq daha ciddi xətaya görə - İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 09.02.2022-ci il tarixdən saat 22:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-426/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-426/2022
10.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver