Məhkəmə qərarları › İş №3(011)-4264/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4264/2021

22.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4264/2021 22.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, zərərçəkmiş şəxs Zeynalov Emin Babaş oğlunun iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi taksi fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» Xətai RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis polkovnik leytenantı Teymur Ağamirovun 05.10.2021-ci il tarixli qərarından və həmin qərara əsasən tərtib edilmiş 29.10.2021-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 24 sentyabr 2021-ci il tarixdə saat 21:30 radələrində idarə etdiyi “Ravon Nexia” markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, Nargilə dairəsindən R.Quliyev küçəsi ilə Ukrayna dairəsi istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək qarşı yola çıxmış və əks istiqamətdə hərəkətdə olan Zeynalov Emin Babaş oğlunun idarə etdiyi “Toyota Prius” markalı **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə sürücü Zeynalov Emin Babaş oğlu və sərnişin X3 yüngül dərəcəli bədən xəsarətləri almışlar. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında bildirmişdir ki, 24 sentyabr 2021-ci il tarixdə saat 21:30 radələrində idarə etdiyi “Ravon Nexia” markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, Nargilə dairəsindən R.Quliyev küçəsi ilə Ukrayna dairəsi istiqamətində yolun sağdan 2-ci hərəkət zolağı ilə saatda 60 km surətlə hərəkətdə olarkən hava yağışlı olduğundan avtomobilin idarəetməsini itirmiş və avtomobili qarşı hərəkət zolağına çıxaraq “Toyota Prius” markalı **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Beləliklə, o, yuxarıda göstərilənləri nəzərə alaraq barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zeynalov Emin Babaş oğlu izahat verərək bildirmişdir ki, 24 sentyabr 2021-ci il tarixdə saat 21:30 radələrində idarə etdiyi “Toyota Prius” markalı **- ON-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ukrayna dairəsindən R.Quliyev küçəsi ilə Nargilə dairəsi istiqamətində yolun sağdan 1-ci hərəkət zolağı ilə saatda 50 km surətlə hərəkətdə olarkən qarşı əks istiqamətdə hərəkətdə olan “Ravon” markalı avtomobil idarəetməni itirərək onun hərəkət zolağına çıxaraq avtomobili ilə toqquşmuşdur. Həmçinin o qeyd etmişdir ki, ona dəymiş ziyan ödənilməmişdir. Beləliklə o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş X3 izahatında bildirmişdir ki, 24 sentyabr 2021-ci il tarixdə saat 21:30 radələrində “Ravon” markalı avtomobil idarəetməni itirərək onların hərəkət zolağına çıxaraq sərnişini olduğu avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində o, xəsarət almışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə protokolu tərtib etmiş orqana lazımi qaydada məlumat verilsə də məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə hər hansı məlumat verməmişdir. Bununla da məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai rayon DYPŞ-nin 29.10.2021-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolundan məlum olur ki, Şəxs törətdiyi əməldə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş protokol tərtib edilmişdir; Bakı şəhəri Xətai RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis polkovnik leytenantı Teymur Ağamirovun 05.10.2021-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarının surətindən məlum olur ki, Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin tərkib əlamətləri olmadığından, barəsində cinayət işinin başlanması rədd edilmiş və İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün barəsində toplanmış materiallar Bakı şəhəri Xətai RPİnin DYPŞ-nin vasitəsilə Xətai Rayon Məhkəməsinə göndərilmişdir; 24.09.2021-ci il tarixli 2/27498 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktının surətindən görünür ki, Şəxs hadisə zamanı ayıq olmuşdur; 24.09.2021-ci il tarixli 2/27506 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktının surətindən görünür ki, Zeynalov Emin Babaş oğlu hadisə zamanı ayıq olmuşdur; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 945 nömrəli 27 sentyabr 2021-ci il tarixli ekspert rəyinin surətindən görünür ki, vətəndaş Zeynalov Emin Babaş oğlunun bədəni üzərində müəyyən edilmiş xəsarətlər – başın alın nahiyəsinin sol yan səthinin yumşaq toxumasının hematoması və sıyrığı, sağ mil-bilək oynağı nahiyəsinin, sol bazu oynağı nahiyəsinin və sol diz oynağı nahiyəsinin qançırları bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilmiş 24.09.2021-ci il tarixdə yolnəqliyyat hadisəsi şəraitində sürücüsü olduğu avtomaşının digər avtomaşınla toqquşması nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 946 nömrəli 27 sentyabr 2021-ci il tarixli ekspert rəyinin surətindən görünür ki, vətəndaş X2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol qaşqövsü nahiyəsinin və sağ diz oynağı nahiyəsinin əzilmiş-cırılmış yaraları, sol diz oynağı nahiyəsinin ön səthinin və sol ayağın İ barmağının səthi əzilmiş yaraları bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilmiş 24.09.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi şəraitində sərnişini olduğu avtomaşınla digər avtomaşının toqquşması nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Beləliklə, məhkəmə iş materiallarında olan ekspert rəylərini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici ifadəsini, zərərçəkmiş şəxs Zeynalov Emin Babaş oğlunun və şahid X2 izahatlarını, Bakı şəhəri Xətai RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis polkovnik leytenantı Teymur Ağamirovun 05.10.2021-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş yuxarıda sadalanan sübutlarla və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və onun barəsində həmin maddənin sanksiyasının hədləri daxilində nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar