Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4264/2023 18.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun, məhkəmə iclas katibi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Kürdəmir rayonu, Garıs Əyribənd kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1, 511.1.3 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs 17 oktyabr 2023-cü il tarixdə saat 01:20 radələrində “VAZ 21074” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Xətai rayonu, Babək prospekti hərəkətdə olarkən polisin “saxla” əmrinə tabe olmamış, nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səsləri çıxarmış və yolun səthində çoxsaylı təkər izləri buraxmış, ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol vermiş, dəfələrlə saxlanılması barədə göstəriş verilsə də, polisin qanuni tələblərinə tabe olmamışdır. Müayinə nəticəsində sürücünün avtomobili sərxoş vəziyyətdə idarə etməsi aşkar edilmişdir. Şəxs barəsində Xətai rayonu X3 Şöbəsinin YPX-nin inspektoru Rəhim Abışov tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 511.1.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 17 oktyabr 2023-cü il tarixli İXP ******* nömrəli protokol və Xətai RPİ 37-ci Polis Şöbəsinin sahə inspektoru Şəmsi Muradzadə tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 18 oktyabr 2023-cü il tarixli MN ******* nömrəli protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, 17 oktyabr 2023-cü il tarixdə saat 01:20 radələrində “VAZ 21074” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Xətai rayonu, Babək prospekti hərəkətdə olarkən polisin “saxla” əmri vermiş, içkili olduğu üçün avtomobili saxlamamış, həmin yerdən uzaqlaşmışdır. Dəfələrlə saxlanılması barədə göstəriş verilsə də, polisin qanuni tələblərinə tabe olmamışdır. Özünü təqsirli bilərək əməlindən peşman olmasını qeyd etmiş və barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan hadisə baş verən vaxt çəkilmiş videogörüntülərdən görünür ki, Şəxs “VAZ 21074” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən, ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması, sfetoforun qadağanedici işığında keçməsi, sürət həddinin aşılması, təkərlərin yolun səthi ilə sürtünməsi səsləri çıxarması və yolun səthində çoxsaylı təkər izləri buraxması ilə müşayiət olunan qərəzli hərəkətlər etmişdir. İş materiallarında olan 18 oktyabr 2023-cü il tarixli 2/20055 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında aktdan görünür ki, müayinə nəticəsində Şəxs alkoqol sərxoşluğu vəziyyəti müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 18 oktyabr 2023-cü il tarixdə 01:00 radələrində tutulmuşdur. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1, 511.1.3 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi onun özünün, şahidlərin ifadələri, iş materialları və videogörüntü ilə sübuta yetirilmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1, 511.1.3 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş, həmin xətanın törədilməsində təqsirlidir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılığı müəyyən edilmişdir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, Şəxs törətdiyi inzibati xətaların hallarını nəzərə alaraq, məhkəmə hesab edir ki, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri - nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla inzibati həbs tətbiq olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48, 114, 115-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1, 511.1.3 və 535.1ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən ona daha ciddi xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulan nəqliyyat vasitəsini idarə etmək hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 18 oktyabr 2023-cü il tarixdən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-4264/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4264/2023
18.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver