Məhkəmə qərarları › İş №3(011)-4270/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4270/2021

22.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4270/2021 22.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, X1 iştirakı ilə, X3 Bakı şəhər Baş X8 İdarəsinin 04 noyabr 2021-ci il tarixli İQ seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Baş X8 İdarəsinin 04 noyabr 2021-ci il tarixli İQ seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X5 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhər BPİ-nin DYPİ-nin inspektoru polis kapitanı X2 tərəfindən barəsində AR İXM-nin 329.1-ci maddəsilə 09.07.2021-ci il tarixdə 40 manat məbləğində inzibati tənbeh tədbirinin tətbiq edilməsi ilə bağlı qərar qəbul etmişdir. Sözügedən qərar qanunsuz və əsassız olduğundan ləğv olunmalı, iş üzrə icraata xitam verilməlidir. Qeyd olunan hadisə ilə bağlı bildirilir ki, istifadəsində olan **-SU-*** qeydiyyat nişanlı, BMW 535İ minik markalı nəqliyyat vasitəsilə 09.07.2021-ci il tarixdə saat 10:30 radələrində Yusif Səfərov 53B istiqamətində hərəkət etdiyi zaman YPX əməkdaşları (avtomobilin nömrəsi **-YP-***) polis kapitanı X2 onu saxlayaraq əsassız və sübuta yetirilməmiş faktlarla guya ki, təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etmiş və bununla əlaqədar ona inzibati xəta protokolu (İXP 4062084) tərtib etmişdir. Bu halda təsdiqedici sənədlərin (qəza vəziyyəti yaradılmış konkret avtomobil, avtomobilin sürücüsünün bu haqda şikayət ərizəsi və ya digər təsdiqedici sənədlər) təqdim olunması zəruridir ki, öz iradını YPX əməkdaşına bildirdiyi zaman təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyi barədə video görüntü göstərməmişdir. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30.09.2021-ci il tarixli qərarına əsasən şikayəti qismən təmin edilərək onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə inzibati xəta törətməyinə dair Bakı şəhər BPİ-nin X8 İdarəsi tərəfindən qəbul edilmiş 20.07.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək iş yenidən baxılması üçün Bakı şəhər BPİnin X8 İdarəsinə qaytarılması qərara alınmışdır. Həmçinin hadisənin videogörüntüsü ona göstərilmiş, həmin videogörüntüdə onun təqsirli olmağı görsənmir. Həmin videogörüntünü tələb etsə də ona təqdim edilməmişdir. Eyni zamanda həmin yerdə təhlükəsiz şəhər videogörüntüləri vardır. Həmin videogörüntü ilə işə baxılıb qərar verilməli idi. Buna görə də hesab edir ki, protokol üzrə inzibati araşdırma aparılmadan formal olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İnzibati xəta haqqında protokolla razı olmadığı təqdirdə iş vəzifəli şəxs tərəfindən araşdırılarkən ona məlumat verilməmiş, inzibati araşdırmada onun iştirakı təmin olunmamışdır. Buda qərar qəbul edilərkən növbəti pozuntu olmasına dəlalət edir. Daha sonra Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin 04.11.2021-ci il tarixli qərarına əsasən yenidən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat cərimə edilmişdir. Lakin bu qərar tamamilə əsassız və qanunsuzdur. Buna görə də hesab edir ki, həmin qərar ləğv edilməlidir. Göstərilənləri nəzərə alaraq, barəsində qəbul edilmiş 04 noyabr 2021-ci il tarixli İQ seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X5 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Əlavə olaraq o qeyd etmişdir ki, yeni qərar qəbul edilərkən onun iştirakı təmin edilməmiş, videogörüntü ona təqdim edilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-3553/2021 saylı 30.09.2021-ci il tarixli qərarına əsasən Bakı şəhər Baş X8 İdarəsi tərəfindən tərtib olunmuş 20.07.2021-ci il tarixli, TP seriyalı ******* inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmışdır. Bakı şəhər Baş X8 İdarəsinin 04 noyabr 2021-ci il tarixli İQ seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, sürücü X5 09.07.2021-ci il tarixdə idarə etdiyi avtomobillə Bakı şəhəri, Yusif Səfərov 53B istiqamətində hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə YPX əməkdaşı tərəfindən saxlanılaraq barəsində Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 40 (qırx) manat məbləğində cərimə inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə - qırx manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 04 noyabr 2021-ci il tarixli İQ seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarda sürücü X3 09.07.2021-ci il tarixdə idarə etdiyi avtomobillə Bakı şəhəri, Yusif Səfərov 53B istiqamətində hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə etmədiyi əsas gətirilərək barəsində Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 40 (qırx) manat məbləğində cərimə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)- 3553/2021 saylı 30.09.2021-ci il tarixli qərarında göstərilən xüsusatlar araşdırılmadan və iş üzrə sübut əhəmiyyətinə malik olan sənədlər təqdim olunmadan, qərar qəbul edilərkən X3 iştirakı təmin edilmədən onun barəsində 04 noyabr 2021-ci il tarixli İQ seriyalı ******* saylı yeni inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 04 noyabr 2021-ci il tarixli İQ seriyalı ******* saylı qərarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X5 barəsində 04 noyabr 2021-ci il tarixli İQ seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X3 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X3 şikayəti təmin edilməli, Bakı şəhər Baş X8 İdarəsinin 04 noyabr 2021-ci il tarixli İQ seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti qismən təmin edilsin. X3 barəsində tərtib olunmuş Bakı şəhər Baş X8 İdarəsinin 04 noyabr 2021-ci il tarixli İQ seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar