Məhkəmə qərarları › İş №3(011)-4277/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4277/2021

13.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4277/2021 13.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclasının katibi Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin polis sahə inspektoru X1, zərərçəkmiş şəxslər X8 və X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşı tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokollar 13 noyabr 2021-ci il tarixdə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı məhkəmənin icraatında olan 3(011)-4276/2021 və 3(011)-4277/2021 nömrə inzibati işlər birlikdə baxılmaları üçün bir icraatda birləşdirilmiş və iş 3(011)-4277/2021 nömrəsi ilə davam etdirilmişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin polis sahə inspektoru X4 tərəfindən tərtib olunmuş 13.11.2021-ci il tarixli MN saylı ******* və 13.11.2021-ci il tarixli MN saylı ******* nömrəli inzibati xəta haqqında protokollarda göstərilmişdir ki, Şəxs 31.10.2021-ci il tarixdə saat 17:00-da ünvan 2 ünvanında vətəndaş Sənan Əliyevə məxsus zərcirlə pilləkənlərə bağlanmış velosipedi talamış, nəticədə zərərçəkmiş şəxsə ümumilikdə 350 manat məbləğində zərər vurmuşdur. Bundan başqa, o, 08.11.2021-ci il tarixdə saat 15:47 radələrində ünvan 3 ünvanında “laser urvin” aparatının satışı adı ilə X5 110 manat pul alaraq sözünə əməl etməmiş və oradan uzaqlamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin polis sahə inspektoru X4 tərtib etdiyi protokolların məzmunlarına uyğun izahat verərək Şəxs barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 31.10.2021-ci il tarixdə ünvan 2 ünvanında yerləşən bloka daxil olmuş və orada pilləkənlərə zəncirlə bağlanmış velosipedi oğurladıqdan sonra pula ehtiyyacı olduğundan Nizami rayonu ərazisində tanımadığı şəxsə 50 manata satmışdır. 08.11.2021-ci il tarixdə X8 ilə Xalqlar Dostluğu yaxınlığında görüşərək onunla birlikdə İ.İsmayılov 5 ünvanının yaxınlığına gəlmiş və sonuncudan lazer aparatı müqabilində 110 manat məbləğində pulu alaraq blokun arxa qapısından çıxıb getmişdir. Beləliklə o, törətdiyi əməldən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini və zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam olaraq ödədiyini bildirərək barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Sənan Əliyev ifadəsində bildirmişdir ki, blokda pilləkənlərə zəncirlədiyi 60 manat qiyməti olan velosipedi oğurlandığı üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə müraciət etmişdir. Lakin hal-hazırda ona dəymiş maddi zərər ödənilmişdir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə o, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Nazim Musayev ifadəsində bildirmişdir ki, “Tap.az” saytında gördüyü “laser urvin” aparatını almaq müqabilində Şəxs 110 manat pul vermiş, lakin sonuncu pulu alaraq uzaqlaşdığı üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə müraciət etmişdir. Lakin hal-hazırda ona dəymiş maddi zərər ödənilmişdir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə o, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı X2 tərəfindən qəbul edilmiş 05.11.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd olunmuşdur; Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-nin təhqiqatçısı, polis leytenantı X6 tərəfindən qəbul edilmiş 12.11.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd olunmuşdur; Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin polis sahə inspektoru X4 tərəfindən tərtib edilmiş 13 noyabr 2021-ci il tarixli MN saylı ******* nömrəli protokoldan görünür ki, Şəxs 31.10.2021-ci il tarixdə saat 17:00-da ünvan 2 ünvanında vətəndaş Sənan Əliyevə məxsus zərcirlə pilləkənlərə bağlanmış velosipedi talamış, nəticədə zərərçəkmiş şəxsə ümumilikdə 50 manat məbləğində zərər vurmuşdur. Bu səbəbdən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən protokol tərtib edilmişdir; Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin polis sahə inspektoru X4 tərəfindən tərtib edilmiş 13 noyabr 2021-ci il tarixli MN saylı ******* nömrəli protokoldan görünür ki, Şəxs 08.11.2021-ci il tarixdə saat 15:47 radələrində ünvan 3 ünvanında “laser urvin” aparatının satışı adı ilə X5 110 manat pul alaraq sözünə əməl etməmiş və oradan uzaqlamışdır. Bu səbəbdən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən protokol tərtib edilmişdir; 12 noyabr 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə həmin tarixdə, saat 21:30-da inzibati qaydada tutulmuşdur; zərərçəkmiş şəxs Sənan Əliyevin 13 noyabr 2021-ci il tarixli ərizəsindən müəyyən edilir ki, inzibati xəta törətmiş Şəxs törətdiyi xəta nəticəsində ona dəymiş maddi zərər ödənilmiş və onun inzibati xəta törətmiş şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Bu səbəbdən o, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir; zərərçəkmiş şəxs Nazim Musayevin 13 noyabr 2021-ci il tarixli ərizəsindən müəyyən edilir ki, inzibati xəta törətmiş Şəxs törətdiyi xəta nəticəsində ona dəymiş maddi zərər ödənilmiş və onun inzibati xəta törətmiş şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Bu səbəbdən o, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 39.2-ci maddəsinə əsasən Bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. 53.0.10-cu maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokollar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, eyni zamanda zərərçəkmiş şəxslərin izahatları, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən təqsirli bilinməli və vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslərlə barışdığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında işə üzrə icraata xitam verilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslərlə barışdığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında işə üzrə icraata xitam verilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Bakı şəhər Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaş Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar