Məhkəmə qərarları › İş №3(011)-4278/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4278/2023

26.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4278/2023 26.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclasının katibi Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1999-cu il tarixdə Mingəçevir şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, Mingəçevir şəhəri, Məhəmməd ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon Polis İdarəsindən daxil olmuş 17 oktyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023cü il tarixdə saat 20:49 radələrində «Toyota Prius (Hibrid) minik» markalı, **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən saxlanılmış, yoxlama zamanı sürücünün avtomobili sərxoş halda idarə etdiyi məlum olmuşdur. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə «Toyota Prius (Hibrid) minik» markalı, **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobili narkotik vasitə olan marixuanadan istifadə etməklə idarə etmişdir. Daha sonra polis əməkdaşları tərəfindən saxlanılmış və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini, ilk dəfədir ki, inzibati xəta törətdiyini, bir daha belə hallara yol verməyəcəyini, evdə yaşlı və xəstə olan ata-anasına baxmasını bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyətli orqana lazımi qaydada məlumat verilsə də, məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai rayon DYPŞ Yol patrul xidməti baş inspektoru, polis baş leytenantı X1 tərəfindən tərtib edilmiş 17 oktyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan aydın olur ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 20:49 radələrində «Toyota Prius (Hibrid) minik» markalı, **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobili narkoloji sərxoşluq halında idarə etdiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. 17 oktyabr 2023-cü il tarixli 1/4572 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, həmin tarixdə Şəxs müayinə olunmuş və onun narkotik vasitə hesab edilən TNC (marixuana) qəbul etməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə – altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 209 nömrəli 27 iyun 2014-cü il tarixli qərarının 3.3-cü bəndinə əsasən narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqqında 12 fevral 2023-cü il tarixli 1/666 saylı akta əsasən TNC (marixuana) narkotik vasitələrin siyahısına daxildir və müayinə nəticəsində Şəxs sözügedən narkotik vasitələrdən istifadə etməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə aktından və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi onun əməlindən səmimi peşmançılıq çəkməsini və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 600 (altı yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar