Məhkəmə qərarları › İş №3(011)-4279/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4279/2023

06.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4279/2023 06.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, şikayətçi X3, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçi müfəttişi X4 iştirakı ilə X3 Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 11 oktyabr 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X5 şikayət ərizəsi ilə müraciət edərək, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 11 oktyabr 2023-cü il tarixli MN ******* saylı inzibati tənbehin tətbiq edilməsi haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli MN ******* saylı qərarı ilə İXM-nin 275.2-ci maddəsi ilə 2500 manat cərimə edilmişdir. Hesab edir ki, həmin qərar tamamilə qanunsuz və əsassızdır. Belə ki, Xətai rayonu, F.Qənbərov küçəsində fəaliyyət göstərən “Car Bath” avtoyuma məntəqəsində maşın yuyur. İnzibati qərar isə ətraf mühitə yayılan səs-küy səviyyəsinin yol verilən norma həddindən artıq olmasına görə tərtib edilmişdir. Lakin səs-küy səviyyəsinin yol verilən norma həddindən artıq olmasına görə o, məsuliyyət daşımır. Orada sadəcə maşın yumaqla məşğul olur. Avtoyuma məntəqəsinin sahibi X2r. O, şəhid ailəsi olduğu üçün protokol və qərar onun barəsində yazılmışdır. Protokol tərtib edilərkən hüquq və vəzifələri izah edilmədən sənədə imza çəkdirmişlər. Lakin həmin inzibati xətada heç bir təqsiri yoxdur. Əlavə olaraq bildirmişdir ki, bütün avtoyuma məntəqələrində aparatlar standartlara uyğundur. Onların norma həddindən artıq səs-küy yaratması avtoyuma məntəqələrindən asılı deyildir. Məhkəmə iclasında iştirak edən şikayətçi X5 şikayətdə göstərilənlərə uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçi müfəttişi X6 qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. İş materiallarında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi X9 Monitorinq İdarəsi və 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 11 sentyabr 2023-cü il tarixli monitorinq aktından görünür ki, sakin Emil Əhmədovun şikayəti əsasında ünvan 1 ünvanında monitorinq keçirilmiş, avtoyuma fəaliyyətdə olduğu zaman səs-küy çirklənməsini səyyar cihaz PCE-322A vasitəsilə ölçülmüş, nəticə 66,1-66,5 dBo (norma 60 dBo) təşkil etmişdir ki, bu nəticə ətraf mühit üçün yol verilən hədd daxilindən artıq olması müəyyən edilmişdir. İş materiallarında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 27 sentyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Xətai rayonu, F.Qənbərov küçəsində fəaliyyət göstərən “Car Bath” avtoyuma məntəqəsində ətraf mühitə yayılan səs-küy səviyyəsinin yol verilən norma həddindən artıq olması faktı aşkar olunmuşdur. İş materiallarında olan 11 oktyabr 2023-cü il tarixli MN ******* nömrəli qərarın surətindən görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsində göstərilən inzibati xətanı törətdiyinə görə o, 2500 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi X9 Monitorinq İdarəsi və 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 03 noyabr 2023-cü il tarixli monitorinq aktından görünür ki, Xətai rayonu, F.Qənbərov küçəsində fəaliyyət göstərən “Car Bath” avtoyuma məntəqəsində yenidən ölçmə işlərinin aparılmasına dair daxil olmuş müraciət əsasında monitorinq keçirilmiş, məlum olmuşdur ki, istifadə olunan omax markalı avadanlığın başlıq hissələri dəyişdirilərək səs-küy yayılmasının qarşısının alınması üçün yenisi ilə əvəz olunmuş, avtoyuma fəaliyyətdə olduğu zaman səs-küy çirklənməsini səyyar cihaz PCE-322A vasitəsilə ölçülmüş, nəticə 54.2 dBo (norma 60 dBo) təşkil etmişdir ki, bu nəticə ətraf mühit üçün yol verilən hədd daxilindədir. Hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta haqqında protokol və inzibati tənbehin tətbiq edilməsi haqqında qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə şikayət ərizəsini, şikayət vermiş şəxsin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi X9 Monitorinq İdarəsi və 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 11 sentyabr 2023-cü il tarixdə ünvan 1 ünvanında monitorinq keçirilmiş, avtoyuma fəaliyyətdə olduğu zaman səs-küy çirklənməsini səyyar cihaz PCE-322A vasitəsilə ölçülmüş, nəticə 66,1-66,5 dBo (norma 60 dBo) təşkil etmişdir ki, bu nəticə ətraf mühit üçün yol verilən hədd daxilindən artıq olması müəyyən edilmiş, lakin inzibati xəta haqqında protokol və qərar X3 barəsində tərtib edilmişdir. Halbuki avtoyuma məntəqəsində səs-küy çirklənməsinin müəyyən edilmiş normalarının pozulmasına görə onun cavabdeh olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsinə əsasən ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulmasına görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 99.1-ci maddəsinin tələblərinə görə inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsinin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəblərdən biridir. Həmin Məcəllənin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 135.1.5- 1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə araşdırması zamanı X3 barəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən və həmin protokol əsasında inzibati tənbehin tətbiq edilməsi haqqında qərar qəbul edilərkən pozuntuya yol verilmişdir. Belə ki, inzibati xəta törətmiş şəxs və onun inzibati xəta törədilməsinə aidiyyəti düzgün müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək belə hesab edir ki, X3 inzibati xəta törədilməsinə aidiyyəti olmadığından şikayət təmin edilməli, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 11 oktyabr 2023-cü il tarixli MN ******* saylı inzibati tənbehin tətbiq edilməsi haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: X3 şikayəti təmin edilsin Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 11 oktyabr 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar