Məhkəmə qərarları › İş №3(011)-4288/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4288/2022

01.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4288/2022 01.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Xətai Rayon İcra şöbəsinin icra məmuru Mehdi Zeynalovun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, borclu Şəxs Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-1138/19 saylı, xx.xx.2019-cu il tarixli və Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-242/21 saylı, xx.xx.2021-ci il tarixli icra sənədləri üzrə yaranmış borcu ödəməmiş, bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon İcra şöbəsinin icra məmuru Mehdi Zeynalov tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs yazılı və şifahi xəbərdarlıq edilərək icra sənədinin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək göstərdi ki, icra sənədi üzrə onun üzərinə qoyulmuş öhdəliyin icrasından qərəzli olaraq yayınmır. Maddi imkanı zəif olduğundan aliment borcunu tam şəkildə ödəyə bilmir. Taksi fəaliyyəti ilə məşğuldur, qazancı çox az olur. Buna baxmayaraq, ödənişləri həyata keçirməyə çalışır. Bugün də cəmi 400 manat ödəniş etmişdir. Eyni zamanda hər ay da ödəniş edir. Yığılan borc məbləği isə məhkəmə prosesləri dövründə yığın məbləğdir. Onları da ödəməyə çalışır. O, icra sənədinin icrasından qərəzli olaraq yayınmır. Qeyd edilənlərin məhkəmə tərəfindən nəzərə alınaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 12 iyun 2019-cu il tarixli, 2(003)- 1138/2019 saylı icra sənədindən görünür ki, Şəxs X1 xeyrinə, 08 iyul 2005-ci il təvəllüdlü X5, 18 mart 2008-ci il təvəllüdlü X4 və 20 sentyabr 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün 08 fevral 2019-cu il tarixdən başlayaraq hər ay hər uşağa üçün 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutulmalıdır. Bakı şəhər Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(003)- 242/2021 saylı icra vərəqəsindən görünür ki, akı şəhər Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 12 iyun 2019-cu il tarixli, 2(003)-1138/2019 saylı qətnaməsi ilə cavabdeh Şəxs iddiaçı X2 xeyrinə tutulan alimentin miqdarı artırılmış, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 08 iyul 2005-ci il təvəllüdlü X6, 18 mart 2008-ci il təvəllüdlü X4 və 20 sentyabr 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs iddiaçı X1 xeyrinə, hər ay hər uşağa görə 110 (bir yüz on) manat olmaqla, cəmi 330 (üç yüz otuz) manat sabit pul məbləğində aliment tutulması, cavabdeh Şəxs 20 manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. icra işinə əlavə edilmiş qəbzlərin surətindən görünür ki, Şəxs tərəfindən icra sənədi üzrə xx.xx.2022-ci il tarixdə 100 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 150 manat, xx.xx.2022-ci il tarixdə 300 manat və 100 manat ödəniş ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 110.1-ci maddəsinə əasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; İnzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Məhkəmə baxışında müəyyən edilmişdir ki, icra sənədi üzrə Şəxs tərəfindən Şəxs tərəfindən icra sənədi üzrə xx.xx.2022-ci il tarixdə 100 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 150 manat, xx.xx.2022-ci il tarixdə 300 manat və 100 manat məbləğində ödəniş edilmişdir. Göründüyü kimi, son altı ay ərzində Şəxs tərəfindən icra sənədi üzrə davamlı olaraq ödənişlər edilmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən icra sənədi üzrə ödənişlərin edilməsi təmin olunmaqla icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar