Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-43/2022 28.01.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlu, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə, Bakı şəhəri Xətai Rayon İcra Söbəsinin icra məmuru Tural Rəhimovun iştirakı ilə Hüquqi şəxs «Azəriqaz» İB barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Tural Rəhimov tərəfindən «Azəriqaz» İB barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş 28 dekabr 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Tural Rəhimov tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Bakı Kommersiya Məhkəməsinin e- 2-2(81)-897/20 saylı 26.02.2020-ci il tarixli icra sənədinə əsasən «Azəriqaz» İB tərəfindən **********00010 (Zərərçəkmiş şəxs) saylı abonentə qazın verilməsi bərpa edilməlidir. Məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon İcra şöbəsinin icra məmuru Tural Rəhimov tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, sözügedən icra sənədi üzrə 27.02.2020-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bundan sonra 24.12.2021-ci il tarixdə «Azəriqaz» İB-ə icra sənədini icra etmək, əks halda barəsində İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib olunması barədə xəbərdarlıq göndərilmişdir. Qeyd olunmuş icra sənədi üzrə borclu öhdəliyin icrasından yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Ona görə də «Azəriqaz» İB barəsində inzibati tənbeh verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada təkrarən məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «Azəriqaz» İB-nin nümayəndəsi və tələbkar Zərərçəkmiş şəxs məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «Azəriqaz» İB -nin səlahiyyətli nümayəndəsinin və Zərərçəkmiş şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(81)-897/20 saylı 26.02.2020-ci il tarixli icra sənədinə əsasən «Azəriqaz» İB tərəfindən **********00010 (Zərərçəkmiş şəxs) saylı abonentə qazın verilməsi bərpa edilməlidir. Məhkəmə icra məmurunun izahatını, həmçinin iş materiallarını araşdıraraq hesab edir ki, «Azəriqaz» İB-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi vardır və onun əməli tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.1-ci maddəsinə əsasən məhkəmə, məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Güründüyü kimi hüquqi şəxs «Azəriqaz» İB icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etməmişdir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı «Azəriqaz» İB-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə «Azəriqaz» İB-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində cərimə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Hüquqi şəxs «Azəriqaz» İstehsalat Birliyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 3000 (üç min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-43/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-43/2022
28.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver