Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-430/2025 30.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, X1 iştirakı ilə, X1 Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək haqqında eyni hal üzrə təkrarən tərtib edilmiş TP ******* protokolun qanunsuz və haqsız hesab edərək ləğvi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, dövlət yol polisi əməkdaşı X7 tərəfindən ünvan 1 ünvanında xx.xx.2024 tarixində şikayətçiyə məxsus **-MT-*** dövlət nömrə nişanlı avtomobilinə "İnzibati xətalar məcəllə"sinin 327.2-ci (İşıqforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi) maddəsilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şikayətin əsası odur ki, protokolda qeyd edilən ərazidə icazə verilən sürət həddini aşmadan təxmini 50-60 km/saat sürət aralığında hərəkət etdiyi zaman, işıqfora 2-3 metr məsafə qalmış işıqforun sarı işığı yandı və bu vəziyyətə reaksiyasına və tormozlanmanı icra etməyinə sərf olunan vaxtıda hesablasa, şikayətçi vəziyyət gərəyi kəskin tormozlanma etməli idi. Kəskin tormozlanmanı etsə belə çəkisi 2 ton ətrafında olan bir avtomobilin 2-3 metr məsafədə dayanması isə mümkün deyil. Avtomobilin tormoz yolunun düsturu ilə hesablasaq bunun üçün ən azı 15-20 metr məsafəyə ehtiyac var. Bu halda isə avtomobil ya yol ayrıcında dayanmalı idi, ya da ki yol ayrıcını keçib. Bunu düşünərəkdən şikayətçi də hərəkəti davam etdirərək həmin işıqfordan sonrakı işıqforda rahat şəkildə, heç kimə təhlükə yaratmadan dayanmaq qərarı vermiş və dayanmışdır. Yəni şikayətçinin niyyəti bilərəkdən sarı işıqda hərəkət etmək olmayıb, sadəcə vəziyyətin bunu tələb etməsi səbəbindən bunu etmişdir. Şikayətçi bu halı YPX əməkdaşına izah etməyə çalışsa da və bu halın qanunla da tənzimləndiyi qeyd etsə də (Yol hərəkəti haqqında qanun 60-cı maddəsinin İV yarımbəndində də qeyd edildiyi kimi "nəqliyyat vasitəsini kəskin tormozlamadan müəyyən edilən yerlərdə saxlaya bilməyəcək sürücülərə hərəkəti davam etdirməyə icazə verilir"), bu arqumentinə məhəl qoymadan protokolu tərtib etdi və bildirdi ki, "Sən qanunları məndən yaxşı bilə bilməzsən. Mənimlə qanunla danışmasaydın sənə cərimə yazmazdım". Sanki vətəndaşın YPX əməkdaşı "toxunulmaz şəxs" olduğu üçün ondan qanun tələb etmək haqqı və hüququ yoxdur. Bu halla bağlı daha əvvəl Bakı şəhəri Xətai rayon məhkəməsinə şikayət etmiş və hakim X8 3(011)-606S/2024 saylı qərar qəbul etmişdir. Qərarda da qeyd edildiyi kimi Bakı şəhər DYPİ-nin nümayəndəsi iştirak etmədiyi üçün şikayəti qismən təmin edərək yenidən baxılması üçün Bakı şəhər DYPİ-nə göndərmişdir. Bakı şəhər DYPİ isə həmin hal üzrə yeni qərar qəbul edərək əvvəlki qərarı qüvvədə saxlamışdır. Məhkəmənin qərarında qeyd edildiyi kimi İnzibati Xətalar Məcəlləsinin 8.2 və 8.3 bəndlərinin tələbinə əsasən, DYP tərtib etdiyi protokolu əsaslandırmalı və məhkəməyə sübutlar təqdim etməlidir. DYP məhkəmə prosesində iştirak etməmiş, bu səbəbdən məhkəmə işə ətraflı baxa bilməmiş və nəticə olaraq proses həm vətəndaş olaraq şikayətçiyə, həm də məhkəməyə əlavə işə və vaxt itkisinə səbəb olmuşdur. Məhkəmə iclasında X2 ərizənin məzmununa uyğun izahat verərək barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın qanunsuz və əsassız olduğunu bu səbəbdən də həmin qərarın ləğv edilməsini və icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət verən şəxsin izahatını dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: X5 Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 100 manat məbləğində cərimə edilmişdir. X5 həmin qərardan şikayət vermiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli 3(011)-6065/2024 saylı qərarı ilə şikayət qismən təmin edilmiş, qərar ləğv edilmiş və yenidən baxılması üçün səlahiyyətli orqana göndərilmişdir. Daha sonra Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, 25 sentyabr 2024-cü il tarixində 11:12 radələrində ünvan 2 ünvanında “Kia Sorento minik” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən işıqforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görəyüz manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu: 60-cı maddənin İV bəndinə əsasən, svetoforun sarı işığı yandıqda və ya nizamlayıcı qolunu yuxarı qaldırdıqda nəqliyyat vasitəsini kəskin tormozlamadan bu maddənin ikinci və üçüncü hissələrində müəyyən edilən yerlərdə saxlaya bilməyəcək sürücülərə hərəkəti davam etdirməyə icazə verilir. Siqnal verilərkən yolun hərəkət hissəsində olan piyadalar keçidi boşaltmalı, bu mümkün olmadıqda isə, nəqliyyat vasitələrinin əks istiqamətli hərəkətlərini ayıran xəttin üzərində dayanmalıdırlar. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibatı xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Məhkəmə araşdırması zamanı izahat verən şikayətçi bildirmişdir ki, o, işıqforun sarı işığında dayana bilməmiş, kəskin tormozlama etmək iqtidarında olmamışdır. Buna görə sarı işıqda hərəkəti davam etdirmiş və onun barəsində protokol tərtib edilərək cərimələnmişdir. Şikayətçinin şikayəti əsasında protokol yenidən araşdırılması üçün göndərildikdə eyni məzmunlu qərar qəbul edilmişdir. X3 işıqforun sarı işığında dayana bilməyərək hərəkət etməsinin mümkünlüyü məsələsi araşdırılmamış, onun barəsində yenidən inzibati tənbeh tədbirinin tətbiq edilməsi qərarda əsaslandırılmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* inzibati xəta haqqında iş üzrə qərarından X4 verdiyi şikayəti təmin edilməli, barəsində Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X4 şikayəti təmin edilsin. Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №3(011)-430/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-430/2025
30.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver