Məhkəmə qərarları › İş №3(011)-4307/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4307/2023

30.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4307/2023 30.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi ilə, Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin böyük icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs iştirakları ilə, Vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon İcra şöbəsindən daxil olmuş 16 oktyabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli protokolda göstərilmişdir ki, "xxxx" MMC-nin rəhbəri Şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli icra sənədinə əsasən qalıq qalan 2134 manat pulu Zərərçəkmiş şəxs ödəməkdən yayındığından və icra məmurunun qanuni tələblərinə əməl etmədiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin böyük icra məmuru X2 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs qətnamənin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Beləliklə o, göstərilənlərə əsasən borclu şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyini bildirərək barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs izahatında bildirmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli qərarına əsasən "xxxx" MMC-dən ödənilməmiş əmək haqqına görə 2052 manat, istifadə edilməmiş məzuniyyətə görə 552 manat kompensasiya və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaitinin tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Bu vaxtadək icra sənədi üzrə olan borcundan ümumilikdə 500 manat məbləğində ödəniş etmişdir və borcunu ödəməkdən imtina etmir. Beləliklə o, borcun ödənilməsini tez zamanda təmin edəcəyini bildirərək barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, 2(011)-400/2022 saylı icra vərəqəsindən görünür ki, cavabdeh "xxxx" MMC-dən ödənilməmiş əmək haqqına görə 2052 manat, istifadə edilməmiş məzuniyyətə görə 552 manat məbləğində kompensasiya və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaitinin tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır; icraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, 2(011)-400/2022 saylı icra sənədi əsasında iş üzrə icraata başlanılmışdır; "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin depozit hesabında olan Xətai Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, 2(011)-400/2022 saylı icra sənədinə əsasən "xxxx" MMC tərəfindən ödənilmiş 500 manat pul vəsaiti Zərərçəkmiş şəxs hesabına köçürülmüşdür; Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X3 tərəfindən tərtib olunmuş 16 oktyabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli protokolda göstərilmişdir ki, "xxxx" MMC-nin rəhbəri Şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli icra sənədinə əsasən qalıq qalan 2134 manat pulu Zərərçəkmiş şəxs ödəməkdən yayındığından və icra məmurunun qanuni tələblərinə əməl etmədiyindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, 2(011)-400/2022 saylı icra sənədinə əsasən cavabdeh "xxxx" MMC-dən ümumilikdə 2634 manat məbləğində borcun tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədi üzrə icraata 31 oktyabr 2022-ci il tarixli qərarla başlanılmışdır. Borclu təşkilatın rəhbəri tərəfindən isə icra müddəti ərzində borc məbləği tam olaraq ödənilmədiyindən onun hal-hazırda ödəməli olduğu məbləğ 2134 manat təşkil edir. Tələbin icrası haqqında bildiriş göndərilməsinə baxmayaraq aradan keçən uzun müddət ərzində şirkət tərəfindən icra sənədi üzrə olan borc məbləği tam təmin edilmədiyindən rəhbərinin barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ona görə də məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, qanuni qüvvədə olan məhkəmə qərarlarının icraları ilə bağlı borclu "xxxx" MMC-nin rəhbəri Şəxs rəhbərlik etdiyi MMC-nin bu günədək borcunu tam olaraq ödəməməsi, icra sənədinin icra edilməməsinin hər hansı üzrlü səbəblə bağlı olmasını təsdiq edən heç bir sənəd təqdim etməməsi, bütün bunların nəticəsində icra sənədinin uzun müddətdən bəri icrasız qalmasına səbəb olması məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 17-ci maddəsinin qeydini əsas tutaraq hesab edir ki, Şəxs vəzifəli şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Beləliklə məhkəmə icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs izahatını, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, 2(011)-400/2022 saylı icra vərəqəsini, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə olunmuş digər sənədləri, inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1200 (min iki yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar